Təbii mənşəli fövqəladə halların növləri, qabaqlayıcı tədbirlər və baş verərsə, nə etməli

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Mənbə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

 

 

VULKAN
VULKAN – yer qabığında kanal və çatlar vasitəsi ilə yerin dərin qatlarından ərimiş dağ süxurları (lava), kül, müxtəlif qazlar və su buxarının yüksək təzyiqlə yer səthinə atılması (çıxarılması) ilə müşayiət olunan  geoloji törəmədir. Püskürmə materiallarının tərkibinə və yaranma şəraitinə görə vülkanlar maqmatik və palçıq növlərinə ayrılır. Aktivliyinə görə aktiv fəaliyyətdə olan, yatmış, sönmüş və gömülmüş vulkanlar, morfoloji formasına görə isə konusvari, gümbəzvari, yaylavari və s.,  quruluşuna görə xətti, mərkəzi və mürəkkəb  vulkan növləri fərqləndirilir. Vulkanik aparatın əsas tərkib hissələri aşağıdakılardır: maqmatik kamera (yer qabığında, yaxud üst mantiyada vulkan ocağı); ağız – maqmanın yer səthinə çıxdığı  çıxış kanalı; konus, gümbəz, yayla–vulkan məhsullarının püskürərək atılmasının nəticəsində yer səthində əmələ gələn hissə; krater – vulkan konusunun üstündə yaranan çökəklikdir.  Dağ süxuru ilə dolu kanallar və çatlar vulkan damarı və ya dayka adlanır. Lava vulkan püskürməsi zamanı yer səthinə çıxarılan maye və ya çox özlü (qatı) kütlədir, yer altı hissədə maqma adlanır. Fəaliyyətdə olan vulkanların əksəriyyəti aktiv dərinlik qırılmalarının olduğu və tektonik mütəhərrik ərazilərdə yerləşir.
İnsan üçün təhlükə yaradan vulkan kraterindən atılan daş, kül, maqma və ya palçıq axınıdır. Vulkan püskürməsi zəlzələ ilə müşayiət oluna bilər, belə zəlzələlər vulkanik zəlzələlər adlanır. Azərbaycan Respublikası ərazisində fəaliyyətdə olan maqmatik vulkanlar olmasa da, palçıq vulkanları geniş yayılmışdır. Yer kürəsində 26 ölkə ərazisində qeydə alınmış 850-yə yaxın palçıq vulkanının 300-dən çoxu ölkəmizin Orta və Aşağı Kür çökəkliyi, Şamaxı-Qobustan regionu, Abşeron yarımadası, Bakı arxipelağı, Xəzər dənizi akvatoriyası ərazilərində yerləşir. Quruda 190, Xəzərin Azərbaycan sektorunda 120 palçıq vulkanı və vulkan təzahürü öyrənilmişdir. Hündürlüyünə görə ən yüksək palçıq vulkanı Şamaxı-Qobustan vilayətinin cənub-şərqində  Böyük Hərami silsiləsində Babiküm dağı ətrafında yerləşən vulkan təzahürləri (mütləq yüksəklikləri 570m-ə qədərdir) və Torağay vulkanı (mütləq yüksəkliyi 400m-dir) sayılır.
Qabaqlayıcı tədbirlər
Vulkan və vulkan təzahürlərinə yaxın sahələrdə yaşayış məskənləri salınmamalıdır! Heş bir halda bu sahələrə yaxın gedilməməlidir, əgər bu sahədəsinizsə nisbətən hündür və ağac, bitki örtüyü sıx olmayan tərəflərə hərəkət etməlisiniz. Vulkanın mümkün püskürməsi haqqında xəbərləri daim izləyin. Əgər təhlükəli ərazini vaxtında tərk etsəniz özünüzü xilas edə bilərsiniz. Vulkanlara yaxın ərazilərdə yaşayanlar təhlükə haqqında məlumat alan kimi qapı, pəncərə və bacaları bağlamalı, kül tökülməsindən qorunma üçün avtomobilləri qaraja qoymalı, heyvanları qapalı yerə salmalıdırlar. Özüqidalanan işıqlanma və istilik mənbələri, 3-5 günlük su və qida ehtiyatı tədarükü görün.
Baş verdiyi zaman nə etməli
Vulkan püskürməsi güclü daşqın, sel axınları, subasma ilə müşayiət oluna bilər. Vulkan püskürməsi zamanı vulkandan və  vulkanın yaxınlığındakı çay və dərələrdən uzaq durum, çalışın ən hündür, eyni zamanda ağac və sıx  bitki örtüyü olmayan yerlərə qalxasınız ki, lava axınına, su basa biləcək  ərazilərə və  sel axınına düşməyəsiniz. Başınızı və bədəninizi daşdan və küldən qoruyun.
____________________________________________________________________________________
SIRSIRA
SIRSIRA – yağış və ya sis (duman) damlacıqlarının, şehin və qar əriyən zaman yaranan su damlacıqlarının yer səthində və əşyaların üzərində yaranan sıx buz qatıdır. Sırsıra adətən hava temperaturu 0oC ilə -3oC arasında olarkən müşahidə olunur. Donmuş buz qatının qalınlığı bir neçə sm-ə çata bilər. Səkilərdə, küçə keçidlərində, əşyaların üzərində (ağaclar, məftillər və s.), binaların karnizlərində yaranan sırsıralar insan üçün təhlükəli hesab edilməldir.
Baş verdiyi zaman nə etməli
Hava proqnozunda sırsıranın olacağı haqqında məlumat verilibsə, zədələr ala biləcəyiniz ehtimalını azaltmaq üçün tədbirlər görün. Az sürüşən ayaqqabı hazırlayın, ayaqqabının dabanlarına metal, quru altlığa isə leykoplastır yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum, yaxud sumbata kağızı ilə də sürtmək olar.
Ehtiyatla, tələsmədən, ayağınızı ayaqqabı altlığının üstünə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar bir qədər boş olmalı, əllərdə isə ağır yük olmamalıdır. Yaşlı insanların rezin ucluğu olan əsadan, yaxud ucları olan xüsusi çubuqdan istifadə etməsi məsləhətdir. Əgər sürüşmüsünüzsə, əyilin ki, yıxılma hündürlüyünü azaldasınız. Yıxılanda cəhd edin ki, özünüzü toplayasınız və diyirlənərək yerdən gələn zərbəni yüngülləşdirəsiniz.
Sırsıra adətən buzun əmələ gəlməsi ilə müşayiət olunur. Bu halda elektrik    xətlərinin keçməsinə, elektrik nəqliyyatının əlaqələndirmə şəbəkəsinə xüsusi diqqət yetirin. Əgər qırılmış xətt görsəniz yerli inzibati quruma bu haqda məlumat verin.
Binaların qarşısından keçərkən karnizlərdən buz salxımlarının düşə biləcəyini nəzərə alın.
_____________________________________________________________________
QAR və QAR YIĞINI
QAR- havanın 00 C-dən aşağı temperaturunda buluddan tökülən müxtəlif formalı bərk buz və ya qar dənəçiklərindən ibarət atmosfer yağıntılarıdır. Nəqliyyatın hərəkətini çətinləşdirən və görməni pisləşdirən intensiv qar tökülməsi güclü qar adlanır.
QAR YIĞINI – güclü qar 12 saatdan artıq müddətdə yağdıqda və ya qar yağmaqla bərabər küləyin sürəti 15 m/s-dən çox olduqda müşahidə olunan hidrometroloji fəlakətdir.
____________________________________________________________________________________
ÇOVĞUN
ÇOVĞUN – güclü küləklə yer səthində və hava qatının yer səthinə yaxın hissəsində qarın sovrulmasıdır. Güclü külək yer səthinə nisbətən havanın və onun horizontal təşkiledicilərinin 24m/san-dən çox sürəkətlə hərəkətidir. Çovğunun yerüstü, aşağı və ümumi növləri ayrılır. Yerüstü və aşağı çovğunlar zamanı yeni yağmış qar sovrulur. Ümumi çovğun zamanı isə yerdə olan qar sovrulmaqla eyni zamanda qar yağır.
Qabaqlayıcı tədbirlər
Əgər güclü çovğun haqqında məlumat almısınızsa, qapı və pəncərələri, çardağın qapılarını və nəfəslikləri bağlayın. Pəncərələrin şüşələrini kağız lent ilə yapışdırın. İki günlük su və ərzaq, dərman ehtiyatı, özü işıqlandırıcı vasitələr (fənər, ağ neft lampası, şam və s.) tədarükü görün, səyyar plitələr, batareya ilə işləyən radio qəbuledicilər hazırlayın. Eyvan və pəncərələrdə küləyin sovura biləcəyi əşyaları götürün.
Radio və televizoru açın, ola bilsin yeni məlumat daxil olsun. Elektrikin kəsilməsinə hazır olun.
Baş verdiyi zaman nə etməli
Yalnız müstəsna hallarda binadan çıxın. Təklikdə çıxmaq məsləhət deyil. Ailə üzvlərinizə və qonşulara getdiyiniz yer və qayıdacağınız vaxt haqqında məlumat verin. Çovğuna və ya qar uçqununa düşsəniz çalışın qayaların, böyük ağacların gövdəsinin altında sığınacaq tapın. Üzü üstə yerə uzanıb əllərinizlə başınızı tutun (daş və ya buz parçalarından qorunmaq üçün) paltarınızın üstündən nəfəs alın.
Avtomobil ilə yalnız geniş yollarda və şoselərdə hərəkət etmək olar. Maşından çıxmısınızsa, görünmə itə biləcək məsafədə ondan uzaqlaşmayın.
Maşını tərk etməyin, yatmayın,maşının mühərriki işləyirsə, əmələ gələn qaz sizi zəhərləyə bilər.
Yolda qalmısınızsa, qırıq-qırıq siqnallar (işıq siqnalı da olar) verin, maşının kapotunu qaldırın, yaxud antenadan açıq rəngli parça asın, maşında yardım gözləyin. Belə halda mühərriki işlək saxlamaq olar, bu zaman pəncərələri açın ki, dəm qazından qorunmaq üçün içəridə havanın təmizlənməsinə nail olasınız. Əgər istiqaməti itirmisinizsə, yaxınlıqdakı yaşayış məntəqəsinə gedib, yerinizi dəqiqləşdirin. Çalışın çovğun qurtarana qədər olduğunuz yeri tərk etməyəsiniz. Əgər gücünüzün tükəndiyini hiss etsəniz bir yer tapıb ora sığının. İnsanlarla ünsiyyətdə də diqqətli və ehtiyatlı olun; təbii fəlakətlər zamanı avtomobillərdən, mənzillərdən və xidmət idarələrindən oğurluqların sayı artır.
____________________________________________________________________________________
QURAQLIQ
QURAQLIQ – bitkilərin su balansının pozulmasına, onların məhvinə səbəb olan, havanın nəmliyinin kəskin azalması (rütubətin kəskin çatışmazlığı), yüksək temperaturla birgə uzun müddət yağıntıların olmaması kimi meteoroloji amillər kompleksindən yaranır.
GÜCLÜ İSTİLƏR – havanın temperaturunun bir neçə gün ərzində orta temperaturdan 10o və daha çox yüksək olması ilə xarakterizə olunur.
Güclü istilər zamanı günburma ilə insanlara neqativ təsir göstərir. Belə hallarda təhlükə insanın bədən hərarətinin 37,1o C-dən çox olması, yaxud hərarət normasının pozulması, yəni bədən temperaturunun 38,8o C-ə yaxınlaşması ilə təyin olunur. Belə hal uzun müddət davam edərsə, istilik zərbəsi yaxud ürək fəaliyyətinin pozulması ilə nəticələnə bilər. Hərarətin artmasının simptomları dərinin qızarması, selikli qişalardakı quruluq, güclü susamaqdır. Daha sonra huşun itirilməsi, ürəyin və tənəffüsün dayanması da mümkündür.
Qabaqlayıcı tədbirlər
Əlavə su ehtiyatı yığın. Yüksək temperatura uyğun geyim, sərinləşdirici elektrik cihazları hazırlayın (kondisioner, ventilyator). Əgər kənd yerindəsinizsə, kölgəliklər, talvarlar, pəncərələr üçün qapaqlar (taxtalar) hazırlayın. İmkan varsa, məişət elektrik cihazlarından istifadə edə bilməyiniz üçün kiçik elektrik enerjisi istehsal edən qurğular da əldə edin. İstilikdən zərər çəkən zaman nələri etməli olduğunuzu öyrənin və bunu ailə üzvlərinizə də öyrədin.
Yüksək temperaturun təsirindən qaçın. Açıq rəngli, hava buraxmayan (yaxşı olar pambıqdan hazırlansın) geyimdən və baş geyimindən istifadə edin. Yadda saxlayın ki, açıq qalmış dəri səthi tərləmir və odur ki, soyuya bilmir. Çalışın tələsik hərəkət etməyəsiniz və kölgəlikdə durasınız. Pivə və digər spirtli içkilər qəbul etməyin. Bu orqanizmin ümumi vəziyyətinin ağırlaşmasına səbəb olur. Həkimlə məsləhətləşin və istilik zamanı sizə əlavə duz qəbul etmək lazım olub-olmadığını müəyyənləşdirin. İstilik vurmasına məruz qalmısınızsa, dərhal kölgəliyə keçin, küləyin qabağında durun, yaxud duş qəbul edin, yavaş-yavaş çoxlu su qəbul edin. Çalışın bədəninizi hansısa formada soyudasınız ki, istilikdən ziyan çəkməyəsiniz. Ətrafdakılardan kimsə huşunu itirərsə, ilkin tibbi yardım edin (ürəyi masaj edin, süni nəfəs verin). Unutmayın ki, quraqlıq zamanı yanğın ehtimalı artır.
Baş verdiyi zaman nə etməli
Yüksək temperaturun təsirindən qaçın. Açıq rəngli, hava buraxmayan (yaxşı olar pambıqdan hazırlansın) geyimdən və baş geyimindən istifadə edin. Yadda saxlayın ki, açıq qalmış dəri səthi tərləmir və odur ki, soyuya bilmir. Çalışın tələsik hərəkət etməyəsiniz və kölgəlikdə durasınız. Pivə və digər spirtli içkilər qəbul etməyin. Bu orqanizmin ümumi vəziyyətinin ağırlaşmasına səbəb olur. Həkimlə məsləhətləşin və istilik zamanı sizə əlavə duz qəbul etmək lazım olub-olmadığını müəyyənləşdirin. İstilik vurmasına məruz qalmısınızsa, dərhal kölgəliyə keçin, küləyin qabağında durun, yaxud duş qəbul edin, yavaş-yavaş çoxlu su qəbul edin. Çalışın bədəninizi hansısa formada soyudasınız ki, istilikdən ziyan çəkməyəsiniz. Ətrafdakılardan kimsə huşunu itirərsə, ilkin tibbi yardım edin (ürəyi masaj edin, süni nəfəs verin). Unutmayın ki, quraqlıq zamanı yanğın ehtimalı artır.
____________________________________________________________________________________
ZƏLZƏLƏ
ZƏLZƏLƏ – yer qabığında və yaxud mantiyanın üst hissəsində qəfil baş verən yerdəyişmələr və qırılmalar nəticəsində yaranan və elastiki elastiki seysmik (yunan dilində seysmos-zəlzələ deməkdir) dalğalar şəklində uzaq məsafələrə ötürülən yer titrəməsi və ya yeraltı təkanlardır. Yer qabığında və yaxud mantiyanın üst hissəsində zəlzələ törədən fiziki, kimyəvi və mexaniki proseslərlə əlaqədar yeraltı təkanın yarandığı və külli miqdarda potensial gərginlik enerjisi toplanan sahə zəlzələ ocağı, həmin sahənin mərkəzi zəlzələnin hipomərkəzi, zəlzələ hipomərkəzinin yer səthinə proyeksiyası isə zəlzələnin epimərkəzi adlanır. Zəlzələlər mənşəyinə gorə (tektonik, vulkanik və süni-antropogen), zəlzələ ocağının dərinliyinə görə dayaz (zəlzələ ocağı yer qabığında 0-100 km dərinlikdə yerləşir), orta (zəlzələ ocağı100-300 km dərinlikdə yerləşir) və dərin (zəlzələ ocağı 300 km-dən çox dərinlikdə yerləşir) zəlzələlərə ayrılır.
Zəlzələnin gücü təkanın intensivliyi və ya onun maqnitudu ilə ifadə olunur. İntensivlik seysmik şkala ilə ölçülür. Hazırda şəkli dəyişdirilmiş Merkalli (MM), beynəlxalq MSK (Medvedev-Sponoyer-Karnik) və Rixter seysmik şkalalarında istifadə olunur. Bizim ölkəmizdə 12 ballıq MSK şkalasından istifadə olunur. Zəlzələlərin enerjisinə görə təsnifatı üçün isə maqnitudadan (M) və ya enerji sinfindən (K) istifadə olunur. Şərti olaraq zəlzələlərin çox zəif (I-III bal), zəif (IV-VI bal), güclü (VII-VIII bal), çox güclü (IX-X bal) və dağıdıcı (XI-XII bal) növləri ayrılır. Çox zəif zəlzələləri ancaq həssas insanlar və bəzi canlılar hiss edə bilir. Zəif zəlzələlər zamanı lüstrlər yellənir, bəzən şüşələr sınıb tökülür, rəflərin üstündəki əşyalar yerə düşür, təkanları bina daxilində və xaricində olan insanların hamısı və digər canlılar hiss edir, tikililərdə zədələnmələr baş vermir. Güclü zəlzələlər zamanı tikililərdə yüngül zədələr, tavanda və divarlarda çatlar əmələ gəlir. Çox güclü zəlzələlər zamanı zif binalar uçur, dayanıqlı binalarda belə suvaqlar tökülür, çatlar əmələ gəlir, bəzi binalar əyilir. Dağıdıcı zəlzələlərdə bütün bunlar güclü səs ilə müşayiət olunur, bütün tikililər, qurğular tamamilə dağılır. Epimərkəzdən olan məsafədən və zəlzələ ocağının dərinliyindən asılı olaraq 10-20 saniyə sonra yeraltı təkanların törətdiyi titrəmələr güclənir, nəticədə bina və tikililər dağılır. Orta hesabla zəlzələ 5-30 saniyə davam edir. Titrəmə nə qədər çox davam edərsə, dəyən ziyanın miqdarı da bir o qədər çox olar.
Qabaqlayıcı tədbirlər
Yaşayış məskənləri və ayrı-ayrı yaşayış binaları zəlzələyə davamlı inşa edilməli, digər təbii fəlakətlər baş verə biləcək sahələr tikinti üçün ayrılmamalıdır:
-məskunlaşma üçün ayrılmış sahələrdə mühəndisi-geoloji tədqiqat işləri aparılmalı və qruntun xarakteristikası öyrənilməlidir. Zəif qruntlu, sürüşkən və düzənlik sahələr məskunlaşmaq üçün qənaətbəxş hesab edilmir.
-yeni abadlaşdırılacaq sahələrdə fərdi yaşayış evləri üçün ayrılmış sahədən kənarda əlavə olaraq ev və bina inşa edilməməlidir.
- yeni abadlaşdırılacaq sahələrdə qruntun məskunlaşmaya əlverişli olub olmadığı araşdırıl¬malıdır.
- binalar meylliyi çox olan zəif torpaqla örtülü ərazilərdə inşa edilməməlidir. Çünki
belə ərazilərdə torpaq sürüşməsi və eroziya proseslərinin tez-tez baş verməsi istisna olunmur. Bina inşa edilərkən meylli ərazilər, yağışların çox və yeraltı suların bol olması halları araşdırılmalıdır. Əgər üst torpaq qatda qabarmalar müşahidə edilərsə, həmin ərazilər tikinti üçün qənaətbəxş hesab edilmir.
-tikiləcək binaların relyef etibarilə yuxarı hissələrində qırılmalar, çatlar, parçalanaraq bloklar şəklində olan qaya parçaları müşahidə edilərsə həmin ərazi tikinti üçün qənaətbəxş hesab edilmir.
- çox qar yağan, qar uçqunu və qaya uçqun-töküntü prosesləri müşahidə edilən yamaclarda bina inşa edilmə¬məlidir.
- yarğanlarla kəsilmiş maili yamaclardan bina inşa edilməməlidir.
- yamaclardan süzülən suların toplandığı çuxurların yaxınlığında bataqlıq yerlərə yaxın sahələrdə bina inşa edilməməlidir(həmin ərazilər torpaq sürüşməsi və çökmə prosesinə meylli ərazilər hesab edilir).
Tikinti zamanı edilməsi lazim olan və lazim olmayan tədbirlər
Edilməsi lazım olan tədbirlər:
- inşa ediləcək binaların layihələri mühəndislər və memarlar tərəfindən (mütəxəssislər) hazırlanmalıdır. Binalar tikinti norma və qaydalarına uyğun inşa olunmalı, tikintidə keyfiyyətli inşaat materiallarından istifadə olunmalıdır. İnşaat materiallarının keyfiyyətinə və tikinti işlərinə müntəzəm nəzarət edilməlidir.
Edilməsi lazım olmayan tədbirlər:
- binanın dizaynının layihədən kənar dəyişdirilməsi;
- icazəsiz mərtəbənin, eyvanların və s. tikilməsi;
- layihədə nəzərdə tutulmuş tikinti materialların dəyişdirilməsi;
- binanı tikildiyindən fərqli bir məqsəd üçün istifadə edilməsi.
Zəlzələ təhlükəli və zəlzələ ocaqlarına 100 km-ə qədər yaxın ərazilərdə məckunlaşmış hər bir insan əvvəlcədən evdə, işdə, kinoda, teatrda, nəqliyyatda və küçədə olan zaman zəlzələ olarkən hərəkət planını hazırlamalıdır. Ailə üzvlərinə zəlzələ zamanı nə etməli olduqlarını izah edin və onlara ilkin tibbi yardım göstərmək qaydalarını öyrədin.
Bütün sənədləri, pulları, cib fənərini və ehtiyat batareyalarını uyğun bir yerdə saxlayın.
Məskunlaşma massivinə ən yaxın xəstəxana, aptek, xilasetmə, polis, təcili yardım məntəqələri ailə üzvləri tərəfindən əvvəlcədən bilinməlidir.
Zəlzələ zamanı ailədə yaşlılara, xəstələrə və uşaqlara necə kömək ediləcəyi planlaşdırılmalıdır.
Hər bir ailədə təcili yardıma ehtiyac olduğu zaman lazım olan ilkin vasitələrin olduğu yardim çantası və dərman qutusu hazırlanmalı, gözə görünən bir yerdə hazır bir şəkildə saxlanılmalıdır.
Fərdi təcili yardim çantasında yığılan vasitələr:
- daşına biləcək batareyalı radio və ehtiyat batareyalar;
- əl fənəri və ehtiyat batareyalar; fit;
- dərman qutusu;
- ərzaq ehtiyatı (quru yeməklər, içməli su, biskvit, konservlər, qurudulmuş meyvə, meyvə suları və s.);
- dəsmal; tualet kağızı (təmizlik vasitəsi kimi);
- pul; telefon kartı və jetonu;
- ədyal; əlcək, geyəcək, ayaqqabı;
Təcili yardım çantasında yığılan vasitələr hər 6 ayda bir yoxlanılmalı, qida maddələri və dərmanlar yenilənməlidir.
Dərman qutusunda hər bir ailənin ehtiyaclarını qarşılaya biləcək vasitələr olmalıdır. İstifadə edilən hər vasitələrin yerinə yenisi mütləq alınıb qoyulmalıdır. Son istifadə tarixi keçmiş vasitə və dərmanlar atılmalıdır. Dərman çantasının üzərinə "İçindəkilər" yazılıb yapışdırılmalıdır.
Resept ilə istifadə edilən dərmanlar və ailə üzvləri ilə əlaqədar lazımi tibbi məlumatlar zəlzələdən və yanğından mühafizə olunmalı, su keçirməyən bir torbanın içində soyuducuda saxlanılmalıdır.
Lazım ola biləcək dərmanlar və digər vasitələr.
- antiseptik; antibiotikli məlhəm;steril bez, sarğı bezi;elastik bandaj; yara binti;
- ağrıkəsici; vitamin həbləri; müntəzəm istifadə edilən reseptli dərmanlar;
- ilk yardım haqqında kitab; termometr; sabun; lazım olarsa uşaq bezi;
- maqqaş; şprisli iynə; dəsmal və ehtiyac olarsa digər vasitələr.
Zəlzələ baş verdikdən sonra yemək və su ilə əlaqədar çətinliklər yarana bilər. Onun üçün evlərdə daim normal ehtiyacdan çox - ən az 3 günlük -ərzaq və su ehtiyatı olmalıdır:
- quru qidalar;konservləşmiş ət-balıq, konservləşmiş tərəvəzlər;
- meyvə suları; hazır suplar;
- şəkər; biskvitlər; quru üzüm-əncir;
- quru paxla; düyü;
- bişirilməsinə ehtiyac olmayan hazır qidalar.
Bu qidalar hər an istifadəyə hazır və təzə olmalı, möhkəm bir qutuda, qoxulu və zəhərli ola biləcək maddələrdən uzaq yerlərdə saxlanmalıdır.
Yeməklərin yanında bir iki paket salfet, stəkan-qab və plastik çəngəl, qaşıq, şüşə-konserv açan saxlanılmalıdır. Bu qidalar, daimi 5-150 C istiliyi olan sərin, quru və qaranlıq bir yerində saxlanılmalıdır.
Adam başına bir gündə 4 litr norma ilə və qırılmayan qabda ən azı 3 günlük su ehtiyatı olmalıdır.
Zəlzələ baş verdikdən sonra adətən elektrik xətlərinin sıradan çıxır və enerji verilməsinin kəsilir. Evlərdə və iş yerlərində əl fənəri, projektor (ehtiyat batareya-ları ilə), qaz lampası, şam, kibrit kimi bir neçə növ işıq avadanlıqları saxlanılmalıdır.
Qaz lampası, şam və kibriti istifadə etməzdən əvvəl o məkanda qaz sızmasından bu işıq mənbələrinin istifadəsinin yanğına səbəb ola biləcəyi yaddan çıxarılmamalıdır.
Fərdi yaşayış evlərində hər bir ailə üzvləri üçün bir ədəd olmaq şərtiylə
- sərt, möhkəm ayaqqabı; iş paltarı;sərt şapka (kaska); paltar və qalın corab;
-eynək;toz maskası;çəkic və s. saxlanılmalıdır.
Güclü zəlzələlərin ardından, müəyyən təmizlik qaydalarına riayət olunmazsa çox qısa bir müddət ərzində sağlamlıqla əlaqədar problemlər yaşana bilər.
Əgər su xətləri (kanalizasiya və s. kimi) zədələnmişsə tualetdən istifadə edilməməlidir. Tualet ehtiyacını aradan qaldırmaq üçün çuxur qazılmasından ya da açıq ərazilərin istifadə edilməsi də qeyri qənaətbəxş hesab edilir.
Tualet ehtiyacını qarşılamaq üçün çox miqdarda möhkəm plastik torba, bu torbaları bağlamaq üzrə möhkəm iplər, dezinfeksiyalı, sönməmiş əhəng və tualet kağızı hazırlanmalıdır.
Digər təmizlik ehtiyaclarını qarşılamaq üçün evlərdə, iş yerlərində və avtomobillərdə diş fırçası, diş pastası, sabun, şampun, dezodarantlar və s. saxlanılmalıdır.
Zəlzələ sonrası görüşmək planı hazırlanmalıdır. Zəlzələ baş verdiyi zaman ailə üzvləri bir yerdə olmaya bilər, ya da zəlzələ qarışıqlığında bir-birlərindən ayrı düşə bilərlər. Belə bir ehtimala qarşı, zəlzələdən sonra görüşmək üçün əvvəlcədən müvafiq uyğun yerlər təyin olunmalıdır. Bu yerlər bütün ailə üzvlərinin bildiyi yaxın ətraflarda (məsələn qonşuluqda və ya yaxın ətrafda yaşayan qohumların evi, və ya məhəllədəki məktəblərdən, məscidlərdən, parklardan biri və s) olmalıdır.
Təyin olunan bu yerlər zəlzələdən zərər görmüş ola bilər. Bu səbəbdən zərər çəkmiş şəhərdən ən az 100 km uzaqda yaşayan bir qohum və ya dost "Rabitə vasitəsi" seçilməlidir.
Bütün ailə üzvləri, "görüşmə yerlərinin" ünvanları ilə "Rabitə vasitəsi" olaraq seçilən adamın adı, telefon nömrəsi və ünvanını kiçik kartlar üzərinə qeyd edərək pul qablarında, çantasında və ya ciblərində daşımalıdırlar.
Zəlzələdən sonra ailə üzvləri "Görüşmə yerlərində" görüşə bilməzlərsə, "Rabitə vasitəsi" olaraq seçilən adamı axtararaq, olduqları yeri bildirməlidirlər.
Təcili telefon nömrələri qeyd edilməlidir. Fövqəladə vəziyyətlərdə yardım istəmək üçün, lazım olan telefon nömrələri ilə ailə üçün lazımlı telefon nömrələri yazılaraq, telefon kitabçasının iç üzündə, ya da telefon aparatının üzərində (polis, yanğın, təcili yardım, “112” xidməti və s.) saxlanılmalıdır.
Ailəyə dair əhəmiyyətli sənədlər ilə məlumatlar yazılaraq saxlanmalıdır. Zəlzələ zamanı, ailələr üçün həyati əhəmiyyət daşıyan bir sıra sənədləri itirməmək üçün qabaqcadan tədbirlər görülməlidir.
Sənədlər, vəsiyyətnamələr, vergi qeydləri, doğum sənədləri, şəxsiyyət vəsiqəsi, kredit kartı ilə əlaqədar məlumatlar və digər həyati əhəmiyyət daşıyan sənədlər evdə kiçik bir kassada və ya bankda, ya da alovdan qorunacaq bir yerdə, onların surətləri çoxaldılaraq digər bir yerdə saxlanılmalıdır.
Bu sənədlərin arasına "əhəmiyyətli ailə məlumatları" da 2 nüsxə yazılaraq bir nüsxəsi ev xaricində təhlükəsiz bir yerdə saxlanmalıdır.
Ev içində təhlükəsizliyi təmin etmək üçün "zəlzələ təhlükəsizlik plani” hazirlanmalidir:
-Zəlzələ təhlükəli ərazilərdə yerləşən hər evdə və iş yerində "Zəlzələ Təhlükəsizlik Planı" hazırlanmalıdır. Ev və iş yerlərinin bütün otaqlarında ən etibarlı yerlər əvvəlcədən təyin olunmalıdır. Bu yerlər iki divarın birləşdiyi künc və ya möhkəm bir masa, içi paltar dolu sandıq, iri həcmli kreslo, divan, çarpayı-divan, pul kassası, qızdırıcı cihazlar, mətbəx balonu, paltaryuyan maşınların yanı ola bilər.
Evdə və iş yerlərində etibarlı sahələrin təyin olunmasıyla, insanlar, özlərini faciəli ölümdən və ya yaralanmadan qoruya bilərlər.
-Evdə və iş yerində ziyan çəkə biləcək və ya ziyan verə biləcək əşyalar təyin olunmalı, dar çıxış yollarında, zəlzələ nəticəsində düşərək çıxışa maneə törədəcək mebellər, şkaflar və bunlara bənzər əşyalar varsa, bunlar çıxış yollarından qaldırılmalı, ya da zəlzələ zamanı düşməyəcək şəkildə divara və ya olduqları yerə bərkidilməlidir.
Zəlzələ Təhlükəsizlik Planının Forması (ZTPF) adətən belə tərtib olunur:
1. Bütün otaqlardakı ən etibarlı yerlər ilə ziyan çəkə biləcək və ya ziyan verə biləcək əşyalar qeyd olunur;
1-Otaq:................................................. Etibarlı Yerlər:..........................................
2-Otaq:.................................................. Etibarlı yerlər:...........................................
3-Otaq:.................................................. Etibarlı yerlər:...........................................
4-Otaq:.................................................. Etibarlı yerlər............................................
2. Su qızdırıcıya və sobanən yeri ZTPF-ə qeyd olunur, onlar altından və üstündən möhkəm bərkidilir, təhlükəsiz vəziyyətə gətirilir.
3. Zəlzələ zamanı aşa biləcək, üzəri çox yüklü olan və bir yerə bağlı olmadan dayanan (kitab rəfləri, şkaflar, rəflər və s.) əşyalar dirsəklər, künc dirsəkləri ya da alüminium karnizlərdən istifadə edilərək divar mismarları ilə divara və ya döşəməyə bərkidilməli və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.
4. Kitabxanaların, vitrinlərin, mətbəx şkaflarının üst rəflərindəki ağır, ya da qırıla biləcək əşyalar alt rəflərə yerləşdirilməli və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.
5.Tumba üzərindən, rəflərdən düşə biləcək olan bütün elektron alətlər (kompüter, televizor, radio), kiçik ev əşyaları (soba, tozsoran və s.) və digər əşyalara (tikiş maşını və s.) diqqət yetirilməlidir. Bu və ya digər həssas əşyalara cüt tərəfli lentlər bağlanaraq mebelin üzərinə yapışdırılmalı və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.
6. Asılı vəziyyətdə dayanan əşyalar, xüsusilə pəncərələrə yaxın olan lampalar, çilçıraqların yerinə dəqiqliklə nəzarət edilməlidir. Həmin əşyalar zəlzələ zamanı pəncərələrə dəyəcək qədər yaxında yerləşirsə, dərhal onların yeri dəyişdirilməli, təhlükəsiz vəziyyətə gətirildikdən və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.
7. Yataqların və ya kresloların üst hissəsində güzgü ya da ağır çərçivəli şəkillər asılmamalıdır. Bu cür əşyalar vintlər və mismarla bir neçə nöqtədən bərkidilməli və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.
8. Əl çatmayan, ya da təhlükəli yerlərdə dayanan və qırıla biləcək qabların içində olan zəhərli ola biləcək maddələr və mayelər daha alçaq yerlərə qoyulmalı, möhkəm və aşsa belə açılmayacaq qablarda mühafizə edilməlidir. Bunlar uşaqların əlləri çatacaq yerlərdən uzaqda yerləşdirilməli və yoxlanıldıqdan sonra ZTPF-ə qeyd olunur.
9. Evdə və iş yerlərində divarlar ilə çəkilmiş elektrik, su, qaz xətlərinə daim nəzarət olunmalıdır.
Zəlzələ ilə əlaqədar hər mövzuda məlumat ala bilmək üçün yaşayış evlərində və iş yerlərində batareya ilə işləyən radio və ehtiyat batareyaları saxlanılmalıdır.
Zəlzələdən sonra ediləcək telefon danışıqlarının çoxluğu xətlərin yüklənməsinə səbəb olacaq. Bunun nəticəsində kömək qrupları ilə xəbərləşmə təmin edilə bilməyəcək və kömək gecikəcəkdir. Bu səbəbdən zəlzələ sonrası dərhal telefonla danışılmamalıdır.
Lazımlı olan bu ləvazimatların yanında, müəyyən miqdarda nağd pul və kredit kartları da əl altında təhlükəsiz bir yerdə saxlanmalıdır.
Baş verdiyi zaman nə etməli
Binanın içində olduqda sakit olmaq və çaxnaşma yaratmamaq lazımdır. İlk təkan baş verdikdə binanı tərk etməyə çalışın (pilləkən və ya birinci mərtəbədə pəncərədən). Binanın, çilçıraqların tərpəndiyini hiss edən, əşyaların düşdüyünü görən, şüşə sınmasının səsini eşidən kimi təşvişə düşməyin (sizin ilk təkanları hiss etdiyiniz andan binanın tərpənməsinin təhlükə törədə biləcəyinə qədər 15-20 saniyəniz var). Binanın içində çıxış yaxındadırsa, zəlzələ baş verdiyi zaman 6 saniyə ərzində olduğunuz yerdən açıq (təhlükəsiz) bir sahəyə dərhal qaçaraq çıxmaq lazımdır. Zəlzələ baş verən zaman və sarsıntıların yüngül olduğu halda, əvvəlcədən təyin olunan müdafiə tədbirləri xatırlamalı və planauyğun hərəkət etməlisiniz. 
Əgər çıxış yaxın deyilsə (açıq sahəyə dərhal qaçmaq mümkün deyilsə), o zaman qətiyyən olduğunuz yerdən qaçmayın, mümkün olarsa TƏCİLİ YARDIM ÇANTASINI götürərək mənzildə daha əvvəldən təyin olunmuş etibarlı bir yerə sığının, ilk növbədə UZAN və ya YAT,  BAĞLA (ÖRT) və YAPIŞ qaydaları tətbiq edin: 
1-Etibarlı bir yerə dizi üstə UZAN və ya YAT (çiyin üzərində);
2-Başını və peysərini qoruyacaq şəkildə BAĞLA;
3-Yıxılmamaq üçün sabit bir yerə YAPIŞ;
4-Sarsıntı sona çatana qədər yerində qal;
5-Dərindən nəfəs alaraq sakitləş;
6-Bu hərəkətləri təkrar etməyə davam et.
Düşə biləcək əşyalara nəzarət edin,onlara yaxın uzanmayın.
Zəlzələ baş verən zaman çiyin üzərində  (əllər ilə peysər və baş bölgəsini qoruyacaq şəkildə örtərək, ayaqlarınızı qarına doğru çəkərək) təhlükəsiz bir yerə uzanmaq lazımdır (şəklə bax).
Belə vəziyyətdə əllərinizlə başınızı qoruya bilərsiniz, həm də ətrafınızı görə bilərsiniz. Ayrıca bu mövqe daxili orqanlarınızın böyük bir hissəsini və böyrəklərinizdən birini qoruyan ən ideal mövqedir.
Zəlzələ baş verən zaman bir çox insan ani olaraq kortəbii surətdə qaçmaq istəyir. Ancaq  unutmayın ki, insanların yaralanmalarının çoxunun binaların içinə, ya da binalardan çölə qaçmaları və ya pəncərədən, balkondan atılmaları səbəbindən baş verir.
Balkonlardan və sütunsuz geniş sahəli yerlərdən uzaqda durmaq lazımdır.
Zəlzələ zamanı liftlərdən istifadə edilməməlidir. Zəlzələ baş verən zaman liftdə olduqda, hansı mərtəbədə olduğunuzdan asılı olmayaraq çıxış düyməsinə basmalı və olduğunuz mərtəbədə lifti dayandırmalı və onu dərhal tərk etməlisiniz.
Bərkidilməmiş və aşa biləcək əşyalardan, soba və su qızdırıcılardan, çox ağır olan və bir yerə bağlı olmadan dayanan əşyalardan (vitrinlər, şkaflar, rəflər və s.), mətbəx şkaflarının üst rəflərində dayanan ağır ya da qırıla biləcək əşyalardan, asılı dayanan (çilçıraq, güzgü, ağır çərçivəli  şəkillər və s.) əşyalardan, yüksək ya da təhlükəli yerlərdə dayanan və qırıla biləcək qabların içində olan zəhərli maddələrdən uzaq dayanmaq lazımdır.
Evin içində etibarlı bir yerdə durmaq olmursa, o zaman pəncərələrə kürəyinizi döndərərək və ya aşa biləcək əşyalardan uzaqda kürəyinizi onlara tərəf döndərərək, yerə uzanmalı,  yaxında olan yastıq, ədyal, paltar, kitab və s. ilə başınızı örtməli, bunlar da mümkün deyilsə, o zaman dirsəklərlə üzünüzü qorumaq üçün, əllərinizi başınızın arxasında birləşdirməli və qorunmağa çalışmalısınız.
Qeyd etmək lazımdır ki, çılpaq ayaqla gəzilməməlidir. Yerdəki şüşə qırıqları  və s. ayaqları yaralaya bilər.
Qazla və elektriklə işləyən alətləri (soba, ocaq) bağlamaq lazımdır. Bağlamaq mümkün olmadıqda,  ana xətti dərhal bağlamaq,qapıları açıq saxlamaq, onların bağlanmaması üçün qarşısına maneə (stul və s.) qoymaq lazımdır.
Siz yuxuda olarkən zəlzələ baş verərsə ayılan zaman yatağın yanına uzanmaq lazımdır. Əgər yataqdan qalxmaq mümkün olmazsa, o halda döşəyin altına sığınmaq lazımdır.
Açıq Sahədə olduqda:
Zəlzələ baş verən zaman açıq sahədəsinizsə, binalardan, divar diblərindən, pəncərələrdən, reklam  plakatlarından, uçqun kənarlarından, körpülərin üstündən və altından, elektrik dirəklərindən uzaq dayanmalı, təhlükəsiz və etibarlı bir açıq sahəyə doğru getməlisiniz. Zəlzələ sona çatana qədər orada qalmalısınız. Torpaq sürüşməsi olan sahələrdən, daş və qaya parçalarının düşə biləcək dik qayaların  yaxınlığından və dik yamacların ətəklərindən uzaqlaşmaq lazımdır.
Zəlzələ baş verən zaman dəniz sahilindəsinizsə dərhal uzaqlaşaraq yüksək yerlərə doğru qaçmaq lazımdır.
Torpaq altında  olan elektrik və qaz xətlərindən baş verə biləcək təhlükələrə və yanğınlara qarşı hazırlıqlı olmaq lazımdır.       
Nəqliyyatdan istifadə edərkən ani olaraq zəlzələ baş verdikdə:
Avtomobillə quru yolda hərəkət etdikdə; yolu bağlamadan sağa çıxıb  avtomobili dayandırmalısınız. Açarı bağlayıb mühərriki söndürməli və pəncərələri bağlayıb içində gözləməlisiniz. Fəlakət sovuşduqdan sonra açıq sahələrə getmək olar.
Avtomobillə yaşadığınız küçədə və ya binaların yaxınlığında hərəkət etdikdə; dərhal avtomobili dayandırmalı, qapıları bağlayaraq, dərhal özünüzü itirmədən hərəkət edərək açıq sahələrə gedilməlidir.
Avtomobili körpülərdən, keçidlərdən, binalardan, elektrik dirəklərin¬dən, enerji xətlərindən, tunellərin giriş və çıxışlarından, ağır tonnajlı yük maşınlarından və dəniz kənarlarından  uzaq  dayandırmalısınız.
Təhlükəli maddələri (zəhərli kimyəvi maddələri, tez alışan mayeləri) təhlükəsiz və yaxşı təcrid edilmiş yerlərdə saxlayın.
Bütün sakinlər elektrik açarının, magistral qaz və su kranlarının yerini bilməlidir ki, lazım gələndə asanlıqla tapa bilsinlər.
Yanınızda uşaq varsa, onu öz gövdəniz ilə qoruyun.
Şamdan, kibritdən, alışqandan istifadə etməyin – qaz sızması ola, nəticədə yanğın baş verə bilər. Eyvanlardan, karnizlərdən, qırılmış məftillərdən uzaq durun. Əgər avtomobildəsinizsə, açıq yerdə qalın, lakin təkanlar bitməyənədək avtomobildən enməyin. Digər insanların xilas edilməsinə yardım etməyə hazır olun.
Təkanlar dayandıqdan sonra binanı pilləkənlərlə divarlardan tutaraq tərk edin.   Zəlzələdən sonra binadan çıxmazdan əvvəl pilləkənlərin, divarların uçma təhlükəsi olmadığına əmin olun, əgər təhlükə varsa çıxmayın.
Zədələnmiş binada qaz sızıntısı ola bilər, bununçün açıq alışdırıcılardan (kibrit, şam) istifadə etməyin. Qırılmış, zədələnmiş elektrik naqillərindən ehtiyatlı olun. Mənzilə qayıdarkən elektriki, qazı və su xəttini, kommunal-texniki xidmətı yoxlayanadək açmayın. Zədələnmış quyulardan su içməyin.
Zəlzələ titrəyişləri dayanana qədər saxlanılan yeri tərk etməyin.
____________________________________________________________________________________
QAR UÇQUNU
QAR UÇQUNU – 20-30 m/s sürəti ilə hərəkət edən qar kütləsidir. Qar uçqunu böyük dağıntılara səbəb olan uçqun öncəsi hava dalğasının yaranması ilə müşayiət olunur.
Qar uçqunun yaranmasının səbəbi uzun müddət yağan qar, intensiv qar əriməsi,  dağ  və hava titrəmələri ilə nəticələnən zəlzələ, partlayışlar və digər insan fəaliyyətidir.  Qar uçqunu binaların, mühəndis qurğularının dağılmasına səbəb ola, qarın altında qalmış yollar və qar cığırları örtülə bilər. Qar uçqununa məruz qalmış dağ kəndlərinin əhalisi, turistlər, alpinistlər, geoloqlar və digər kateqoriyadan olan insanlar zədələr ala, qalın qar altında qala bilərlər.
Qabaqlayıcı tədbirlər
Qar uçqunu ərazilərində əsas davranış qaydalarına əməl edin:
  -qar yağan zaman və tutqun havada dağlara çıxmayın;
  -dağlarda olan zaman hava dəyişkənliyini diqqətlə müşahidə edin;
  -dağlara çıxan zaman getdiyiniz rayonun yollarını və mümkün qar uçqunu yerlərini dəqiqləşdirin. Mümkün qar uçqunu ərazilərindən uzaq durun. Onlara əsasən meylliliyi 30o və daha çox ola ərazilərdə rast gəlinir. Əgər yamacda ağac və kol yoxdursa bu hal meyllilik 20o –dən çox olduqda da baş verə bilər. Meyllilik 45o –dən çox olan yerlərdə isə qar uçqunu demək olar ki, hər dəfə qar yağandan sonra baş verir.
Unutmayın ki, qar uçqunu mövsümündə dağlarda xilasedici dəstələr yaradılır.
Qar uçqunu təhlükəsi varsa, qar uçqununun mümkün istiqamətlərində nəzarət təşkil edilir. Yaranmış qar yığınlarının düşməsi üçün süni şərait yaradılır, müdafiə qurğuları qurulur, xilasedici vasitələr hazırlanır və xilasetmə işi planlaşdırılır.
İstənilən havada meyliliyi 30o –dən çox olan dərələrdən keçmək məsləhət deyil. Meyliliyi 20o –dən çox olan dərələrdən isə qar yağandan yalnız 2-3 gün sonra keçmək olar. Yadda saxlayın ki, qar uçqunun ən təhlükəli vaxtları yaz və yay mövsümləri, səhər saat 10-dan günəş batanadəkdir.
Baş verdiyi zaman nə etməli
Əgər uçqun çox hündürdən gəlirsə, cəld qaçaraq uçqunun yolundan çəkilin və təhlükəsiz bir yerə, qayaların altına sığının (kiçik ağacların altında gizlənməyə dəyməz). Əgər uçqundan qaçmaq mümkün deyilsə, üstünüzdə olan əşyaları atın və üfqi vəziyyət alın, dizlərinizi qarnınıza sıxın və gövdənizi uçqunun hərəkəti istiqamətində əyin. Əgər uçqun sizi yaxalayıbsa, nə etməli?
Burunuzu və ağzınızı əlcək, şərf, yaxalığınız ilə bağlayın. Uçqunun sürətinin az olduğu tərəfə çəkilib, uçqunun mümkün qədər üst hissəsinə çıxmağa çalışın. Uçqun dayanan kimi üz və sinənizin ətrafında əliniz ilə boş zona yaratmağa çalışın; bu nəfəs almağa kömək edə bilər. İmkan olarsa, yuxarı tərəf hərəkət etməyə çalışın (yuxarı istiqaməti ağzınızdan tökülən tüpürcək vasitəsi ilə təyin edə bilərsiniz). Qar uçqununa düşdükdə əlləriniz, ayaqlarınızla üzmə hərəkətləri edin. Bu sizə qarın səthində qalmağa kömək edər.
Uçqunun altında qalanda qışqırmayın. Çünki qar səsi keçirmir  və bu kimi digər hərəkətlər yalnız sizin gücünüzü, oksigeni və istiliyinizi əlinizdən alacaq. Özünüz üzərində nəzarəti itirməyin. Yuxulamağınıza imkan verməyin, unutmayın ki, sizi axtarırlar (uçqun altından 3 və hətta 5 gündən sonra xilas olunmuş insanlar var.)
Uçquna düşəndə yatmamağa çalışın.
____________________________________________________________________________________
TUFAN və İLDIRIM
TUFAN-buludlar və yer səthi arasında təkrarlanan  elektik boşalması, səs hadisəsi, güclü yağıntı və  bəzən ildırımla müşaiyət olunan güclü yağış dumanı  ilə  əlaqədar olan atmosfer hadisəsidir. İLDIRIM – bulud topalarından elektrostatik yüklərinin boşalmasıdır, ani şimşək, qəfil və çox güclü səslə müşayiət olunur.
İldırım boşalması böyük gərginliyin yaranması ilə xarakterizə olunur. Onun temperaturu 300 000 dərəcəyə qədər yüksəlir. İldırım vurması zamanı ağac parçalana və hətta yana bilər. Ağacın parçalanmasına səbəb oduncağın daxilindəki nəmişliyin ani olaraq, buxarlanması nəticəsində baş verir.
İldırımın birbaşa insanın üstünə düşməsi ölüm ilə nəticələnə bilər. Hər il dünyada ildırım vurmasından təxminən 3000 insan həlak olur.
İldırım zərbəsi adətən hara dəyir? Statik elektrik boşalması müqavimətin ən aşağı səviyyədə olması nəticəsində baş verir. Beləliklə, ən yuxarı yüksəklikdə olan obyekt ilə bulud topası arasında məsafə azdırsa, deməli elektrik müqaviməti də aşağıdır. Buna uyğun olaraq da, ildırım zərbəsi ilk növbədə ən hündürdə olan obyektə (ağac, dirək və s.) dəyir.
Baş verdiyi zaman nə etməli
İldırım o zaman təhlükəlidir ki, qığılcımdan sonra göy gurultusu müşahidə olunsun. Bu halda dərhal təhlükəsizlik tədbirləri görün. Əgər kənd yerindəsinizsə, pəncərə, qapı, baca, ventilyasiya dəliklərini bağlayın. Sobanı yandırmayın. Çünki yüksək temperaturlu qazların müqavimət qüvvəsi aşağı olur. Telefon ilə danışmayın: ildırım bəzən simlərin üzərinə də düşür.
İldırım çaxan zaman elektrik daşıyıcılarına, ildırım keçiricilərə, damdakı novlara, antenaya yaxınlaşmayın, mümkün qədər televizor, radio və digər elektrik cihazlarını söndürün.
Əgər meşədəsinizsə, meşənin alçaq ağaclıq yerinə sığının. Hündür ağacların, xüsusilə şam, palıd və qovaq ağacının yanında gizlənməyin.
Su hövzəsi, yaxud onun sahilində dayanmayın. Sahildən kənarlaşın, hündür yerdən aşağı düşün.
Düzənlikdə və ya daldalanmağa yer olmayan bir ərazidəsinizsə, yerə uzanmayın. Bununla bütün bədəninizi elektrik cərəyanının təsiri altında qoyursunuz. Dayaz bir yerdə, yarğanda və ya digər təbii bir dərinlikdə əyləşin, əlləriniz ilə ayaqlarınızdan tutun.
Əgər tufan sizi idman edən zaman yaxalayıbsa, dərhal idmanı dayandırın. Metal əşyaları (motosikl, velosiped və s.) kənara qoyun və onlardan 20-30 metr aralıda durun.
Əgər tufan sizi avtomobildə yaxalayıbsa, maşından düşməyin. Pəncərə şüşələrini qaldırın və antenanı aşağı salın.
____________________________________________________________________________________
SUBASMA
SUBASMA – dağ və dağətəyi çaylarda daşqın və sellər zamanı, düzən çaylarda və dənizlərdə su səviyyəsinin kəckin qalxması nəticəsində ətraf ərazilərin su ilə örtülməsidir.  Su basma qrunt sularının sıviyyəsinin qalxması ilə əlaqədar da baş verə bilər, ərazilərin, tikintilərin normal istifadəsini və su basan ərazilərdə yerləşən obyektlərin istismarını pozur.
Əsasən gursululuq dövründə, qar və buzlaqların əriməsi mövsümündə, buzların və qar suyunun yığılması zamanı çayda, göldə, yaxud qabarmalar zamanı dənizdə suyun səviyyəsinin artması nəticəsində ərazinin böyük hissəsinin su altında qalmasıdır. Su qabarması nəticəsində çayların mənsəbində yaranan subasma xüsusi növ subasma hesab olunur. Subasma körpülərin, yolların, binaların, tikililərin dağılması, böyük maddi ziyan, suyun böyük sürəti (4 m/s – dən çox) və hündürlüyünün həddən artıq artması (2 m – dən çox) insanların və digər canlıların tələf olması ilə nəticələnir. Dağılmaların əsas səbəbi bina və tikintilərə su kütləsinin, böyük sürət ilə üzən buzların, müxtəlif əşyaların, üzgüçülük vasitələrinin hidravlik təsiridir. Subasma qəflətən yarana və bir neçə saatdan 2-3 həftəyədək davam edə bilər.
Qabaqlayıcı tədbirlər
Subasma sahələrində daşqınları önləmək üçün bəndlər salınmalı, bu ərazilərdə yeni yaşayış məskənləri salınmamalı, mövcud yaşayış binaları gücləndirilməlidir.Əgər sizin rayonunuz subasmadan tez-tez zərər çəkirsə, mümkün subasmanın sərhədlərini, eləcə də yaşadığınız ərazidən ən yaxın məsafədə yerləşən hündür, az su altında qalan əraziləri, onlara çatmağın qısa yollarını müəyyən edib aydınlaşdırın. Ailə üzvlərinizi təşkil olunmuş, yaxud fərdi təxliyə, eləcə də qəfil və sürətlə güclənən subasma zamanı davranış və hərəkət qaydaları ilə tanış edin. Qayıqların, onları hazırlamaq üçün alətlərin və materialların saxlandığı yerləri yadınızda saxlayın. Öncədən təxliyə zamanı sizə lazım olacaq sənədlərinizi, lazımi əmlakınızı və fərdi dərman qutusunu bir yerə yığın. Qiymətli əşyalarınızı, lazımi isti geyimlərinizi, ərzaq, su və tibbi ləvazimat ehtiyatını ayrıca bir çamadana, yaxud çantaya (təcili yardım çantası) yığın.
Baş verdiyi zaman nə etməli
Subasma təhlükəsi olduğu və təcili təxliyə haqqında məlumatlar yayılan kimi, müvafiq qayda üzrə subasma ərazisini tərk edib, təhlükəsiz elan olunmuş rayonda yerləşin. Bu zaman özünüzlə sənədlərinizi, qiymətli və lazımlı əşyalarınızı, tez xarab olmayan qidalardan ibarət ərzaq ehtiyatı götürməyi unutmayın. Sonuncu təxliyə məntəqəsində qeydiyyatdan keçin.
Evdən çıxmazdan əvvəl elektriki və qazı, istilik sobalarındakı odu söndürün, çöldəki bütün üzə bilən əşyaları yerinə bərkidin, yaxud da onları bir dalana yığın. Əgər vaxt imkan verirsə, qiymətli ev əşyalarınızı yuxarı mərtəbələrdə, yaxud çardaqda yerləşdirin. Qapı və pəncərələri bağlayın, vaxtınız varsa, birinci mərtəbənin qapı və pəncərələrini lövhələr (şitlər) ilə bərkidin. Təxliyə təşkil olunmayıbsa, yardım gələnə, yaxud su çəkilənədək yuxarı mərtəbələrdə, damda, ağaclarda, yaxud digər hündür əşyaların üstündə qalın.  Bu zaman daimi olaraq fəlakət haqqında siqnal verin: gündüz vaxtı – yaxşı seçilə bilən parçanın ağaca keçirib yelləyin, gecə vaxtı isə bunun üçün fənərin işığından istifadə edə bilər, müxtəlif səslər çıxarmaqla olduğunuz yer haqqında məlumat verə bilərsiniz. Xilasedicilər gələn kimi təşvişə düşmədən, ehtiyatla, göstərişlərə uyğun olaraq xilasedici vasitələrə (qayıqlara) minin. Hərəkət zamanı göstərilən yeri tərk etməyin, göyərtədə oturmayın, ekipajın tələblərinə ciddi əməl edin. Su basmış rayondan müstəqil şəkildə çıxmaq yalnız zərərçəkənlərə tibbi yardım göstərmək, suyun səviyyəsinin artmaqda davam etməsi və üst mərtəbələri və çardağı su basma təhlükəsi olduğu kimi vacib hallarda məsləhətdir. Bu zaman etibarlı üzmə vasitəsi olmalı və hərəkət istiqaməti təyin edilməlidir. Müstəqil hərəkət zamanı fəlakət haqqında siqnal verməkdə davam edin. Suda üzən və batan insanlara yardım edin.
____________________________________________________________________________________
SÜRÜŞMƏ
SÜRÜŞMƏ – dağ yamaclarında və yarğanlarda, dənizlərin, göllərin və çayların sıldırım sahillərində seysmik təkandan, sürüşən kütlənin öz ağırlığından, yamacın altının yuyulmasından, ifrat nəmişlikdən və digər proseslərdən dağ süxur kütlə-lərinin ağırlıq qüvvəsinin təsiri altında yamac boyu yerdəyişməsidir. Sürüşmə zamanı qruntun həcmi 10-larla və 100 minlərlə kubmetr, ayrı-ayrı hallarda isə hətta daha çoxdur. Sürüşmənin ən böyük sürəti zəlzələ zamanı yaranan sürüşməl

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az