Qaz təsərrüfatı: yanğın, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Mənbə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

Qaz təsərrüfatının   mövcud olduğu   sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz hallardan   mühafizə olmaq üçün mülkiyyət formasından asılı olmayaraq hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara, xüsusən də yanğın təhlükəsizliyi  qaydalarına  əməl etməsi zəruridir. Qaz təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Təyinatından asılı olmayaraq bina və qurğulara qaz kəməri çəkilərkən   kəmər binanın bünövrəsindən  binaya polad qılaf daxilində keçməlidir. Qılafın daxilində qaz kəmərinin birləşmə hissələri olmamalı, torpaqdan çıxdığı  yerdə isə zədədən mühafizə  edilməlidir.

Qaz kəməri binanın üstündən çəkilərsə, kəmərin aşağı hissəsindən bina örtüyünə qədər məsafə ən azı 50 sm. olmalı, divar boyu çəkildiyi halda isə pəncərə və qapıların qarşısını kəsməməlidir.  Qaz kəmərinin balkon və pəncərə altından keçdiyi yerdə birləşmə   olmamalı, kəmər elektrik rozetkası və elektrik açarına qədər ən azı   50 sm. məsafədə olmalı, ventil -  əsas bağlayıcı açar binadan xaricdə quraşdırılmalıdır.

Qaz kəməri elə çəkilməlidir ki, o  başqa otaqlara deyil, bilavasitə qaz işlədən qurğunun yerləşdiyi otağa daxil olsun. Bir sıra təhlükəli hallara şərait yaratdığından lift şaxtası, havadəyişmə şaxta və kanalları, eləcə də tüstü boruları ilə qaz kəmərinin çəkilməsi qadağan olunur.

Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında  digər tələblər də yerinə yetirilməlidir. Birinci növbədə yaşayış binasının qaz kəməri polad borudan olmalı, suvaq altından deyil, açıq havada çəkilməlidir. Qazın pilitəyə verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır. Qaz pilitəsi qurulan mətbəxin hündürlüyü 2,2 metrdən az olmamalı, mətbəxin pəncərəsi açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin  edilməlidir.

Bu qaydaların pozulması ilə yanaşı bir sıra digər səbəblər  də yaşayış evlərində - məişətdə  yanğın baş verməsinə şərait yaradır. Məişətdə işlədilən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərlərində, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz pilitələrinin odluqlarından qazın sızmasıdır.  Təbii qaz, eləcə də mayeləşdirilmiş balon qazı hava ilə birlikdə partlayış təhlükəli qarışıqlar əmələ gətirməyə qadirdir. Elə buna görə də, mənzildə və digər yerlərdə qaz qoxusu hiss etdikdə kibrit, alışqan yandırmaq, heç bir elektrik qurğu və cihazlarından istifadə etmək, o cümlədən onları  cərəyana qoşmaq və ayırmaq olmaz. Açıq oddan istifadə etmək, siqaret çəkmək də qaz dolmuş yerlərdə partlayış və yanğına səbəb ola bilər.

Qazın sızması müxtəlif səbəblərdən ola bilər. Əgər sızma qaz cihazındakı kranın açıq qalmasından əmələ gəlmişsə, onu bağlamaq, mənzilin havasını təmizləmək üçün qapı və pəncərələri açmaq, hava cərəyanı yaratmaq lazımdır.  Əgər qazın sızması qaz  kəmərinin və ya qaz cihazının zədələnməsindən əmələ gəlmişsə, onda qazdan istifadə etmək olmaz və təcili qaz təsərrüfatı  xidmətinə   xəbər vermək lazımdır.

Qaz kəmərlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək qəti qadağandır. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir.  Qaz pilitəsindən istifadəyə başlamazdan əvvəl kranların bağlı olmasına əmin olmaq lazımdır. Qazı yandırmaq üçün, yandırılmış kibriti odluğa yaxınlaşdırmaq, o biri əl ilə müvafiq kranın dəstəyini yüngülcə basıb dörddə bir dövrə burmaq lazımdır.

 Qaz normal yanarkən odluqda alov sakit olur və rəngi göy yaşılımtıla çalır.  Şəbəkədə qaz yüksək təzyiqlə verildikdə o fışıltı ilə yanır  və alov odluqdan qopmağa çalışır. Belə olduqda kranın dəstəyini bir qədər geri burmaqla qazın odluğa gəlməsini azaltmaq lazımdır. Yanmaqda olan odluqların üstünə maye dağılması yolverilməzdir.

Yanan qaz cihazlarını heç bir vaxt nəzarətsiz qoymaq olmaz.

Qazın yanmasını dayandırmaq üçün kranın dəstəyini başlanğıc vəziyyətə çevirmək lazımdır. Qazdan istifadəni dayandırarkən odluğu üfürməklə söndürmək olmaz.  Belə hallarda od sönə bilər, lakin odluqdan qaz çıxmaqda davam edəcəkdir. Bunun nəticəsində otaqda partlayış təhlükəli qaz-hava qatışığı toplaşa bilər.

Qaz pilitəsindən istifadə edib qurtardıqdan sonra pilitənin bölüşdürücü lövhəsindəki kranı və pilitədən  kənarda olan qaz kəmərinin üzərindəki kranı bağlamaq lazımdır. Pilitə, xüsusən  onun odluqları daim təmiz saxlanmalıdır. Pilitənin üzərində paltar və s. qurutmaq yanğın törədə bilər.

Tüstü bacası havanı pis çəkdikdə qazdan istifadə etmək məsləhət görülmür.

Qaz cihazından istifadə etməyi bacarmayan şəxslərə və uşaqlara   onları yandırmağa və istifadə etməyə icazə verilməməlidir. Pilitədə və qaz kəmərində özbaşına dəyişiklik etmək yolverilməzdir. Qaz cihaz qurğularının yerinin dəyişdirilməsi yalnız qaz təsərrüfatı müəssisəsi tərəfindən görülməlidir. Qaz balonlarından istifadə də bir sıra qaydalara əməl olunmasını tələb edir. Belə ki, qaz balonlarından yalnız   havası ventilyasiya olunan otaqlarda istifadə etməli, balon istilik mənbəyindən, günəş şüasından kənarda saxlanmalı, fiziki təzyiqlərdən qorunmalıdır. Korroziyadan qorumaq üçün balonları yaş yerdə və ya nəm torpaq üzərində saxlamaq olmaz. Alov vasitəsi ilə balonun qaz buraxmasını yoxlamaq olmaz. Balonları qızdırmaq olduqca təhlükəlidir - bu partlayışla nəticələnə bilər. Qaz buraxan və ya  birləşmələrində qüsuru olan qaz balonlarından istifadə etmək olmaz.  Onların   təmiri ilə yalnız mütəxəssislər məşğul ola bilər.

Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona   hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki,  bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü,  ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az