"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Məktəb laboratoriyalarında yanğın təhlükəsizliyi tədbirləri Məktəb laboratoriyalarında yanğın təhlükəsizliyi tədbirləri ================================================================================ admin on 04 November, 2009 Məktəb laboratoriyalarında təyinatından asılı olaraq yanğın və partlayış xüsusiyyətləri olan müxtəlif kimyəvi maddələrin, reaktivlərin işlədilməsi, saxlanması ilə bağlı şagirdlər yanğın təhlükəsizliyi qaydalarını bilməli, onlara əməl etməlidirlər. Yanğın və partlayış  xassəli maddələrdən istifadə edən müəllim və ya şagird onların xüsusiyyətlərini bilirsə və müəyyən qaydalara riayət edirsə heç bir ciddi təhlükə yaranmır. Laboratoriyalarda istifadə olunan kimyəvi maddələrin, reaktivlərin çoxu yanğın və partlayış təhlükəli xüsusiyyətlərə malikdir. Məsələn, belə maddələrə anilini, azot-2 oksidi, barium-peroksidi, qliserini, hidrogen-peroksidi və s. göstərmək olar. Belə maddələrin, reaktivlərin işlədilməsi və saxlanması vaxtı müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Yanğın vaxtı isə onları kimyəvi və mexaniki hava köpükləri, çilənən su, su buxarı və təsirsiz qazlarla söndürmək lazımdır. Maddələrin və materialların birgə saxlanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Çünki onlara əməl etmədikdə yanğın və partlayış yaranar.  Reaktivlər və başqa maddələrin birgə saxlanması istilik yığımına və öz-özünə alışmaya səbəb ola bilər. Ona görə də onlar müvafiq yerlərdə - yanmayan şkaflarda saxlanmalıdır. Oksidləşdiriciləri (bertole duzunu, barium perxloratı, ammonyakı, natrium-nitratı, kaliumu, kalsiumu, bariumu, kalium-nitratı və s.) şüşə, möhkəm tıxaclı bankalarda və ya plastik  maddədən hazırlanmış qablarda saxlamaq lazımdır. Bu reaktivlər şkafın yuxarı rəfinə ayrıca qoyulmalıdır. Qatılaşdırılmış mineral turşuları 3 litrdən çox olmayan kip tıxaclı bankalarda saxlamağa icazə verilir. Brom və xrom anhidridini xüsusi metal və ya çini qablarda yerləşdirilmiş şüşə qablarda saxlamaq lazımdır. Bu maddələri sorucu şkafda yerləşdirirlər. Natrium və barium peroksidlərini kip tıxaclı şüşə bankalarda saxlamağa icazə verilir. Bankaları metal qablarda yerləşdirmək lazımdır ki, şüşə qabların silkələnməsi vaxtı maddələrin tökülməsinə yol verilməsin. Bu maddələri oksidlər olan şkafda eyni rəfdə yerləşdirmək olar. Bu rəfdə hər hansı başqa maddələrin yerləşdirilməsinə yol verilmir. Qırmızı fosforu kip qapaqla bağlanmış şüşə və ya metal bankalarda saxlamaq olar.  Məktəb kimya laboratoriyalarında və anbarlarda reaktivləri qıfılla bağlanan şkaflarda saxlayırlar, açarlar isə müəllim və ya laborantda  olur. Tezalışan və yanar mayeləri (benzin, benzol, efir, aseton, toluol, nitroloklar, neft, kerosin, spirt və s.) 3 kq-dan  çox olmayaraq  yalnız qızdırıcı cihazlardan uzaqda olan metal qutuda saxlamağa icazə verilir. Fizika və kimya laboratoriyalarında şagirdlərin reaktivlərlə, elektrik və başqa cihazlarla işləmələri müəllimin və ya laborantın rəhbərliyi və nəzarəti olmadan qadağandır. Laboratoriya işləri icra olunan zaman şagirdlər əvvəlcə yanğın təhlükəsizliyi tədbirləri ilə tanış olmalıdırlar. Laboratoriyaların və anbarların qapılarını açan zaman yəqin etmək lazımdır ki, orada heç bir od və partlayış təhlükəli qaz, buxar yoxdur. Bundan əlavə, qaz kəmərlərinin, aparatların, yanğınsöndürən cihaz və vasitələrin sazlığını yoxlamaq vacibdir. İşə başlamazdan əvvəl ventilyasiya sistemi işə salınmalıdır. Laboratoriyada yanğın təhlükəsizliyini təmin etmək üçün aşağıdakı qaydalara mütləq riayət olunmalıdır: • Reaktivlər olan bankaların üstünə onların içərisindəkilər haqqında məlumat verən etiket yapışdırılmalıdır. • Qabda müvafiq yazısı olmayan maddədən istifadə etmək olmaz. • Keçidlər, çıxışlar və yanğınsöndürmə vasitələri yerləşən yerə gedən yol açıq olmalıdır. • Yağlı əskilər qapaqlı metal qablarda saxlanmalıdır. • Masa və dəgər mebelləri tezalışan mayelərlə silmək və yumaq olmaz. Elektrik qızdırıcı cihazları yanmayan altlıqlı dayağa bərkidilib istifadə edilməlidir. Tezalışan mayelərin saxlanması şərtlərini müəyyən edən əsas xüsusiyyətlər axma, asan buxarlanma və alışma qabiliyyətidir. Əgər asan alışan mayelərin bir günlük ehtiyacı 0,5 litrdən çoxdursa, onları həmin ölçülü qablarda, günəş şüalarından və qızdırıcı cihazlardan uzaqda yerləşən şkaflarda və ya yanmayan materialdan hazırlanmış kip qapaqlı qutularda saxlamaq olar. Şkafların və qutuların üzərində bu yerdə saxlanması mümkün hesab edilən tezalışan mayelərin siyahısını göstərən yazı olmalıdır. Laboratoriyalarda bir gündən artıq saxlanması lazım olan tezalışan və yanar mayeləri xüsusi anbarda yerləşdirmək lazımdır. Belə mayeləri nazik divarlı şüşə qabda, oksidləşdirici və aşındırıcı maddələrlə yanaşı saxlamaq qadağandır. Tezalışan mayelərlə iş zamanı qaz odluğundan, açıq elektrik qızdırıcı cihazlardan, kibrit, siqaret, açıq alovdan istifadə etmək olmaz. Tezalışan mayelərin qızdırılmasının vacibliyi zamanı saz vəziyyətdə olan qapalı elektrik qızdırıcı cihazlardan istifadə edilməlidir. Bu vaxt onların saxlandığı qabın materialının istiliyi artırılmamalıdır. Əgər  şəbəkəyə  qoşulmuş elektrik qızdırıcı cihazlarına tezalışan maye tökülübsə,  onu dərhal qumla  örtmək lazımdır. Əgər bu vaxt cihaz və ya qab sınmışsa, təmizləmək üçün metal çalov və ya kürəkdən istifadə etmək yolverilməzdir, çünki metalın daş, sement və ya döşəməyə sürtünməsindən qığılcımın yaranması mümkündür. Bu isə tezalışan mayenin alovlanmasına səbəb ola bilər. Nitroqliserinli qabın yerini dəyişərkən, bu preparatı bir qabdan başqa qaba tökərkən və onu tərəzidə çəkərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. Çünki nitroqliserinin buxarlanması partlayış  təhlükəsi yaradır. Nitroqliserin məhlulunu şüşə qablarda sərin və qaranlıq yerdə, oddan ehtiyat tədbirlərinə riayət edərək, saxlamaq lazımdır. Sulfat turşusunun su, spirt, skipidar, benzol ilə qarışığı partlayışa səbəb olur. Bu təhlükənin baş verməməsi üçün sulfat turşusunu göstərilən maddələrdə kiçik dozalarla, ehtiyatla və qarışdıra-qarışdıra əlavə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, qliserinin nitrat və xromat turşuları, bertole duzu, kalium-permanqanatla qarşılıqlı təsiri zamanı partlayıcı qarışıq əmələ gəlir. Belə partlayıcı qarışıqlar kristal yod və yod məhlulunun efir yağları və naşatır spirti ilə qarışığından da əmələ gələ bilər. Bir damcı suyun kristal yod ilə alüminium tozunun qarışığına atmaq kifayətdir ki, qarışıq alınsın. Kalium-permanqanat və bertole duzlarının qarışığı partlayış və yanğın təhlükəsi yarada bilər. Laboratoriya işinin sonunda reaktivlər olan qablar kip tıxacla bağlanmalı, şkafa və ya anbara yığılmalı, qaz kranları bağlanmalı, elektrik şəbəkəsi isə mənbədən açılmalıdır. Laboratoriyada yanğın əmələ gələn zaman mümkün qədər tez bütün partlayış və yanğın xassəli maddələr təhlükəsiz yerə daşınmalı və ventilyasiya söndürülməlidir. Eyni zamanda yanğından mühafizə hissəsinə xəbər verməli və əldə olan vasitələrlə yanğının söndürülməsi üçün tədbirlər həyata keçirilməlidir.