"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: 2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı 2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı ================================================================================ admin on 14 January, 2010 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR № 6 Bakı şəhəri, 13 yanvar 2010-cu il "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının orta ixtisas təhsili sisteminin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə əsasən əmək bazarının tələbatına uyğun olaraq istehsal və xidmət sahələrinin yüksək keyfiyyətli orta ixtisaslı kadrlarla təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə *** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmişdir 2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı 1. Ümumi müddəalar 1.1. Giriş Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, formalaşan bazar münasibətləri şəraitində şəxsiyyətin və cəmiyyətin təhsilə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri vardır. Təhsilin bu pilləsi təhsil sisteminin müəyyən səviyyəsi olmaqla, iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla, bir-biri ilə bağlı iki məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və eyni zamanda onların ümumi icbari təhsil almalarını həll edir. Orta ixtisas təhsili ölkədə milli təhsil sisteminin nüfuzunun yüksəlməsində və cəmiyyətin intellektual potensialının formalaşmasında da əhəmiyyətli rola malikdir. Bu təhsil kifayət qədər kütləvi ixtisas təhsili kimi vətəndaşların təhsil və mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir. Hazırda orta ixtisas təhsili müəssisələrinin sayının kifayət qədər olması, onların ölkə ərazisi üzrə bərabər paylanması, bu təhsil pilləsində mütəxəssis hazırlığının nisbətən az müddət və xərc tələb etməsi ölkə iqtisadiyyatının və sosial sahənin tələbatına uyğun orta ixtisaslı kadrların hazırlanmasına geniş imkan yaradır. 1.2. Mövcud vəziyyət Bazar münasibətləri şəraitində iqtisadiyyatın infrastrukturu orta ixtisaslı mütəxəssislərdən yeni peşəkarlıq keyfiyyətləri, sistemli təfəkkür, düşüncə, ekoloji, hüquqi, informasiya bilikləri, kommunikativ mədəniyyət, sahibkarlıq mədəniyyəti, öz fəaliyyətini şüurlu şəkildə təhliletmə qabiliyyəti, qeyri-müəyyənlik şəraitində müstəqil fəaliyyət, məsuliyyət və s. tələb edir. Bu keyfiyyətləri özündə ehtiva edən mütəxəssislər hazırlamaq üçün orta ixtisas təhsili sahəsində müvafiq islahatların aparılması bu sistemin şəbəkəsinin və daxili strukturunun təkmilləşdirilməsi, mövcud orta ixtisas təhsili müəssisələrinin bazasında yeni tipli tədris müəssisələrinin yaradılması və təhsilin məzmununa qoyulan tələblərin yenidən müəyyənləşdirilməsi kimi vəzifələrin həll edilməsi zərurətini yaradır. Son illər dövlət tərəfindən təhsil sahəsində aparılan islahatlar nəticəsində orta ixtisas təhsili müəssisələrinin müstəqil fəaliyyəti və inkişafı üçün hüquqi, iqtisadi və digər zəminlər yaradılmış, onların şəbəkəsi xeyli təkmilləşdirilmişdir. Ancaq bir sıra orta ixtisas məktəblərinin ayrı-ayrı nazirlik, konsern və birliklərin tabeliyində olması bu sahənin işində müəyyən qədər pərakəndəlik yaradırdı. Ona görə də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi orta ixtisas təhsilinin məzmununda köklü dəyişikliklərin aparılmasına, kadr hazırlığı strukturunun və təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsinə geniş imkan yaratmışdır. Belə ki, respublikada bir sıra texnikumların birləşdirilməsi nəticəsində onların maddi-texniki bazası, pedaqoji kadr potensialı və bu sahədə olan beynəlxalq təcrübə nəzərə alınmaqla, yeni tipli orta ixtisas təhsil müəssisələri - kolleclər yaradılmışdır. Bu tipli təhsil müəssisələrinin sayı artaraq, hazırda orta ixtisas təhsili müəssisələrinin ümumi sayının yarıdan çoxunu təşkil edir. Eyni zamanda, ölkədə təhsil komplekslərinin yaradılması sahəsində də 2000-ci ildən başlayaraq, müəyyən işlər görülmüş, Milli Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Milli Konservatoriyanın nəzdində Musiqi Kolleci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində isə İnşaat Kolleci yaradılmışdır. Beləliklə, hazırda ölkədə orta ixtisas təhsili proqramlarını həyata keçirən 57 dövlət və 3 qeyri-dövlət təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 121 ixtisas üzrə 52579 tələbə (o cümlədən 983 tələbə qeyri-dövlət məktəblərində) təhsil alır. Onların təlim-tərbiyəsi ilə 7003 müəllim məşğul olur. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində 540 min nəfərə yaxın orta ixtisas təhsilli mütəxəssis çalışır ki, bu da ölkənin əmək qabiliyyətli əhalisinin 10 faizə qədərini əhatə edir. Son illərdə orta ixtisas təhsili müəssisələrində kadr hazırlığının strukturunda da zəruri dəyişikliklər aparılmışdır. Belə ki, yeni şəraitdə əmək bazarının tələbatına və gənclərin marağına uyğun olaraq neft və energetika, maşınqayırma, informasiya, nəqliyyat və kommunikasiya, sosial-mədəni servis, iqtisadiyyat, biznesin təşkili, marketinq və menecment, iqtisadi və humanitar profilli ixtisaslar üzrə mütəxəssis hazırlığı əhəmiyyətli dərəcədə artmışdır. Orta ixtisas təhsilinin məzmununda da dəyişikliklər aparılmışdır. Belə ki, orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə kiçik mütəxəssis hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum tələblərə cavab verən orta ixtisas təhsilinin dövlət standartları tətbiq olunmuş və buna müvafiq yeni tədris plan və proqramları hazırlanmışdır. "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları"nın tərkib hissəsi olan "Ümumtəhsilin bazis tədris planı"nın tələblərinə əsasən Təhsil Nazirliyi tərəfindən orta ixtisas təhsilinin baza təhsil proqramlarının nümunəvi strukturu təsdiq edilmiş və buna müvafiq olaraq tədris plan və proqramlarında lazımi dəyişikliklər aparılmışdır. Ötən illər ərzində orta ixtisas təhsilinin normativ hüquqi bazası, demək olar ki, tam formalaşdırılmışdır. Ümumiyyətlə, son illərdə orta ixtisas təhsili sahəsində aparılan dövlət siyasəti onun məzmunca yeniləşməsinə, dəyişən sosial-iqtisadi şəraitə uyğun mütəxəssis hazırlığının strukturunun təkmilləşdirilməsinə imkan yaratmışdır. Bunlarla yanaşı, orta ixtisas təhsili sahəsində hələ də həllini tapmayan aşağıdakı problemlər mövcuddur: - orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazası müasir tələblərə tam cavab vermir; - tədrisdə istifadə olunan avadanlıqlar, laboratoriya, cihaz və dəzgahlar mənəvi cəhətdən köhnəlmişdir; - orta ixtisas təhsili müəssisələrinin kompüter texnikası ilə təminatı qənaətbəxş deyildir; - latın qrafikası ilə çap olunmuş müasir dərslik və dərs vəsaitləri çatışmır; - orta ixtisas məktəblərinin kitabxanaları və onların təminatı günün tələblərinə cavab vermir; - yeni pedaqoji təlim texnologiyaları tədris prosesinə zəif tətbiq olunur; - kadr hazırlığı strukturu əmək bazarının tələblərini tam ödəmir; - orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi təkmil deyildir; - kadr potensialı və müəllimlərin ixtisasartırma, yenidənhazırlanma təhsili müasir tələblərə cavab vermir; - orta ixtisas təhsili ixtisaslarının siyahısının təsdiqindən xeyli müddət keçdiyinə görə onların yeniləşməsinə ehtiyac duyulur; - bəzi ixtisasların tədris planlarında hələ də lüzumsuz fənlər mövcuddur; - orta ixtisaslı kadr hazırlığı üzrə uzunmüddətli, elmi cəhətdən əsaslandırılmış proqnozlaşdırma mexanizmi yoxdur; - tədris müəssisələrinin işəgötürənlərlə ənənəvi əlaqələrinin pozulması məzunların işlə təmin olunmasını məhdudlaşdırır; - əksər orta ixtisas təhsili müəssisələrinin yataqxanalarının olmaması respublikanın ucqar regionlarında yaşayan gənclərin təhsilə cəlb olunmasında çətinlik yaradır; - tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün lazımi şərait yoxdur; - orta ixtisas təhsil müəssisələrində mövcud maliyyələşdirmə mexanizmi təkmil deyildir; - tələbələrin ixtisas üzrə təcrübə keçməsi üçün lazımi şərait yaradılmır. 1.3. Tədbirlər Proqramının məqsədi "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın (bundan sonra - Proqram) əsas məqsədi orta ixtisas təhsili sisteminin inkişaf etdirilməsi, ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə əsasən əmək bazarının tələbatına uyğun olaraq istehsal və xidmət sahələrinin yüksək keyfiyyətli orta ixtisaslı kadrlarla təmin edilməsindən ibarətdir. 1.4. Tədbirlər Proqramının icrasının əsas istiqamətləri Respublikada iqtisadiyyatın inkişaf perspektivlərinə uyğun olaraq orta ixtisas təhsilli mütəxəssislərə tələbatın artması prosesi gedir. Onların rolu, yeri və funksiyaları dəyişir, səriştəliyə, mədəniyyətə və əməyin keyfiyyətinə tələbat yüksəlir. Bununla əlaqədar olaraq, orta ixtisas təhsilinin inkişafı üzrə aşağıdakı əsas prinsiplər müəyyənləşdirilir: - orta ixtisas təhsilinin çevikliyi; - orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin yerləşdiyi regionun sosial-iqtisadi inkişafına, əmək bazarına və əhalinin mənafeyinə yönəldilməsi; - təhsilin fasiləsizliyi (orta ixtisas təhsilinin məzmun və strukturunun digər təhsil səviyyələri ilə varisliyi); - orta ixtisas təhsilinin ali təhsillə qarşılıqlı inteqrasiyasının inkişafı. Qeyd olunanlarla yanaşı, bu Proqram çərçivəsində orta ixtisas təhsilində aşağıdakı istiqamətlər üzrə islahatların aparılması nəzərdə tutulur: - orta ixtisas təhsilinin normativ hüquqi bazasının təkmilləş-dirilməsi Mövcud normativ hüquqi baza beynəlxalq təcrübəyə əsaslanaraq yeniləşdiriləcəkdir; - orta ixtisas təhsilinin məzmununun və təlim texnologiyalarının yeniləşdirilməsi Burada, ilk növbədə, orta ixtisas təhsili ixtisaslarının əmək bazarının tələblərinə və ali təhsilin bakalavr pilləsinin ixtisaslarına uyğunlaşdırılması, tədris plan və proqramlarının, müasir fənn proqramlarının, yeni təlim və informasiya texnologiyalarının və digər təhsil resurslarının tətbiqini təmin edən elmi-metodiki tövsiyələrin hazırlanması nəzərdə tutulur; - orta ixtisas təhsili strukturunun və idarə olunması sisteminin modernləşdirilməsi İlk növbədə, idarəçilik strukturunun əsaslı təkmilləşdirilməsi, işəgötürənlərin orta ixtisas təhsili müəssisələrinin idarə olunmasında və inkişafında iştirakının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi, orta ixtisas təhsili müəssisələri üçün aidiyyəti istehsal və tədris müəssisələrini baza kimi müəyyənləşdirməklə, onlar arasında sıx əlaqələrin yaradılması (məsələn, müəllim hazırlığı sahəsində məktəb və təhsil şöbələri ilə, digər sahələrdə isə müvafiq istehsal qurumları ilə əlaqələrin yaradılması), tələbə özünüidarəetmə sisteminin inkişafı nəzərdə tutulur; - orta ixtisas təhsilində keyfiyyətin təmin olunması Orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasına müstəqil ekspertlərin cəlb edilməsi təmin olunacaq, tələbələrin biliyinin qiymətləndirilməsi üçün çoxballı sistem və kredit sistem tətbiq ediləcək, orta ixtisas təhsili müəssisələrinin fəaliyyətləri haqqında ictimaiyyətə müntəzəm hesabatvermə sistemi yaradılacaqdır; - orta ixtisas təhsilində kadr hazırlığı Burada pedaqoji kadrların attestasiyasının yeni mexanizminin, orta ixtisas təhsili müəssisələrində keyfiyyəti təmin edən menecment sisteminin, əmək bazarının monitorinqi və işədüzəltmə-karyera mərkəzlərinin, dövlət və biznes strukturlarının sifarişləri əsasında məqsədli mütəxəssis hazırlığı mexanizminin və müəllimlərin ixtisaslarının artırılması üçün müvafiq treninqlər sisteminin yaradılması nəzərdə tutulur; - orta ixtisas təhsilinin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması Orta ixtisas təhsili müəssisələrinin yerləşdiyi bina və tikililərin müasir tələblərə uyğun əsaslı və cari təmir olunması, müasir texnika, texnologiya vasitələri ilə təmin edilməsi, təlim avadanlıqlarının yeniləşdirilməsi, tədris prosesində yeni təlim texnologiyalarının tətbiqinə nail olunması, elmi-metodik və informasiya təminatının yaxşılaşdırılması nəzərdə tutulur; - orta ixtisas təhsilinin maliyyələşdirilməsinin yeni mexanizmlərinin yaradılması Burada orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirilməsinin yalnız dövlət büdcəsindən deyil, təhsil alan subyektlərin maliyyəsi hesabına həyata keçirilməsi, təhsil xidmətlərinin sahələrini genişləndirməklə, alternativ maliyyələşmə mənbələrinin formalaşdırılması sisteminin yaradılması nəzərdə tutulur. 1.5. Tədbirlər Proqramının maliyyə təminatı Proqramın dövlət orta ixtisas müəssisələri üzrə maliyyə təminatını dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Təhsil Nazirliyinin xərclər smetasında nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr təşkil edir. 1.6. Gözlənilən nəticələr Proqramın reallaşması aşağıdakı nəticələri əldə etməyə imkan verəcəkdir: - orta ixtisas təhsilində dövlət təhsil standartları ilə müəyyənləşdirilən keyfiyyətlərin əldə olunması; - məzunların əmək bazarında rəqabət qabiliyyətinin və peşə çevikliyinin yüksəldilməsi; - orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması; - şəxsiyyətin tərbiyəsində, onun yaradıcılıq fəallığında orta ixtisas təhsili müəssisələrinin rolunun artması; - şəxsiyyətin təhsilə və peşəyə olan marağının artması; - əmək bazarının ehtiyacları ilə mütəxəssis hazırlığının aparılmasında uyğunluğun əldə olunması; - orta ixtisas təhsili müəssisələrində mütəxəssis hazırlığı strukturunun onun yerləşdiyi regionun tələbatı ilə uyğunlaşdırılması; - orta ixtisas təhsili müəssisələri tərəfindən əhaliyə göstərilən təhsil xidmətlərinin genişləndirilməsi; - orta ixtisas təhsilində dövlət ictimai idarəetmə sisteminin yaradılması; - orta ixtisas təhsili sisteminin istehsal və xidmət sahələri ilə əlaqəsinin möhkəmləndirilməsi, sosial tərəfdaşlıq subyektləri arasında əməkdaşlığın səmərəliliyinin yüksəldilməsi; - təhsil prosesinin təminatının, təhsil alanların və işçilərin sosial müdafiəsinin, tədris müəssisələrinin maddi-texniki bazasının inkişafı üçün orta ixtisas təhsili müəssisələrinin maliyyələşdirmə imkanlarının genişləndirilməsi; - orta ixtisas təhsili müəssisələri müəllim və rəhbər işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə orta ixtisas təhsilli kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması sisteminin təkmilləşdirilməsi; - dövlət təhsil standartlarının tələblərinə uyğun olaraq yeni nəsil dərsliklərin, tədris-metodik ədəbiyyatın və təlim vasitələrinin yaradılması; - tədris prosesində informasiya sistemlərindən və texnologiyalarından, telekommunikasiya şəbəkələrindən istifadənin inkişaf etdirilməsi; - orta ixtisas təhsili sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi; - beynəlxalq standartlara uyğun mütəxəssislərin hazırlanması.