"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası ================================================================================ admin on 14 January, 2010 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR № 8 Bakı şəhəri, 14 yanvar 2010-cu il "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nın təsdiq edilməsi haqqında "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə *** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmişdir Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Q A Y D A S I 1. Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 19.8-ci maddəsinə uyğun hazırlanmışdır. 2. Ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır. 3. Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. 4. Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər: 4.1. ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər; 4.2. tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanlar; 4.3. bütün fənlərdən illik qiymətləri "əla" olanlar; 4.4. bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar. 5. Təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizəd-liyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edilir. 6. Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər. 7. Məzunların qızıl və ya gümüş medalla təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir. 8. Qızıl və ya gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılır. 9. Qızıl və ya gümüş medal təntənəli şəraitdə təqdim edilir.