"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 27 January, 2010 Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 847-IIIQ nömrəli Qanunu (Çıxarış) I fəsil Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.24. fiziki reabilitasiya – sağlamlığın pozulmasına səbəb olan məhdud həyat fəaliyyətinin aradan qaldırılmasına və ya maksimal dərəcədə tam kompensasiyasına yönəlmiş adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitə və metodlarından istifadə etməklə insan orqanizminin pozulmuş və ya müvəqqəti itirilmiş funksiyalarının və sağlamlıq imkanları məhdud uşaqların və əlillərin ictimai və peşəkar fəaliyyətdə iştirak qabiliyyətlərinin bərpası; 1.0.29. paralimpiya hərəkatı – sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idman vasitəsilə cəmiyyətə inteqrasiyasında, özünütəsdiqində, fiziki və mənəvi kamilliyə çatmasında əsas vasitələrdən biri kimi paralimpiya idmanının inkişafını əhatə edən fəaliyyət; Maddə 3. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri 3.0. Bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 3.0.4. əhalinin aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan təbəqələri arasında (çoxuşaqlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar, əlillər) bədən tərbiyəsi və idmanın inkişafının vacibliyi; Maddə 4. Bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələri 4.0. Bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 4.0.9. sağlamlıq imkanları məhdud uşaqlar və əlillər üçün respublika və beynəlxalq idman yarışlarının təşkili və bu yarışlara ölkə idmançılarının hazırlığının və iştirakının təmin edilməsi; 4.0.17. ehtiyat idman qüvvələrinin seçilməsi və hazırlıq prosesinin vahid sisteminin yaradılması, ehtiyat idman qüvvələrinin və yüksək dərəcəli idmançıların hazırlanması ilə məşğul olan idman yönümlü təşkilatların, idman klublarının və uşaq-gənclər idman müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi və inkişaf etdirilməsi; 4.0.39. idman yönümlü təşkilatların, o cümlədən bütün tipli uşaq-gənclər idman məktəblərinin, yaşayış yerləri üzrə məhəlli uşaq-idman klublarının, uşaq-idman şəhərciklərinin, idman-sağlamlıq düşərgələrinin, tibbi-bədən tərbiyəsi dispanserlərinin, idman obyektləri və bazalarının əhalinin demoqrafik inkişafına uyğun sayda artırılması və maddi-texniki bazalarının möhkəmləndirilməsi; Maddə 5. Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri 5.0. Bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır: 5.0.13. sağlamlıq imkanları məhdud uşaqlar və əlillər arasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə tədbirlərin həyata keçirilməsi; II fəsil Bədən tərbiyəsi və idman subyektlərinin fəaliyyətinin təşkili Maddə 11. Respublika idman federasiyalarının hüquqları və vəzifələri 11.2. Respublika idman federasiyaları uşaq-gənclər idmanının inkişafına, idman məktəblərinin, olimpiya ehtiyatı məktəblərinin və olimpiya mərkəzlərinin fəaliyyətinə kömək göstərirlər. 11.3. Respublika idman federasiyaları sağlamlıq imkanları məhdud uşaqların və əlillərin maraq göstərdikləri, xüsusilə paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarının proqramlarına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərirlər. Maddə 12. İdman klubları 12.6. İdman klubları ilk növbədə uşaq-gənclər idmanı sahəsində təlim-məşq prosesinin və idman yarışlarının təşkili üçün imkanlar yaradır, klubların üzvləri arasında vətəndaşlıq və mənəvi-əxlaqi keyfiyyətlərin formalaşdırılması üzrə məqsədyönlü iş aparır, fəaliyyətlərini bədən tərbiyəsi və idman sahəsində dövlətin siyasətinə uyğun qururlar. III fəsil Olimpiya hərəkatı Maddə 16. Paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatları. Paralimpiya Komitəsi, Deflimpiya Komitəsi, Xüsusi Olimpiya Komitəsi 16.1. Ölkədə paralimpiya, deflimpiya, xüsusi olimpiya hərəkatları müvafiq olaraq beynəlxalq paralimpiya, beynəlxalq deflimpiya və beynəlxalq xüsusi olimpiya hərəkatlarının tərkib hissələri olub, məqsədləri sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idmanının inkişafına dəstək vermək, bu sahələrdə əməkdaşlığı möhkəmləndirmək, paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarında iştirak etmək və uğur qazanmaqdır. 16.6. Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri aşağıdakıları həyata keçirirlər: 16.6.2. sağlamlıq imkanları məhdud uşaqları və əlilləri bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edir, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələlərinin həlli ilə məşğul olan strukturlar (şöbələr, filiallar, adaptiv idman məktəbləri və sair) yaradır; IV fəsil Təhsil və səhiyyə sistemində, vətəndaşların iş, yaşayış və istirahət yerlərində bədən tərbiyəsi və idmanın təşkili Maddə 17. Təhsil müəssisələrində bədən tərbiyəsi və idman 17.1. Məktəbəqədər yaşlı uşaqların, şagirdlərin və tələbələrin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki kamilliyə və sağlam həyat tərzinə tələbatı formalaşdırmaq təhsil müəssisələrinin əsas vəzifələrindəndir. 17.2. Təhsil müəssisələri bədən tərbiyəsi ilə məşğul olma formalarını, bədən tərbiyəsi vasitələrini, idman və hərəkət fəallığı növlərini dövlət təhsil standartları və fiziki hazırlıq normativləri əsasında yerli şəraiti və təhsil alanların maraqlarını nəzərə almaqla müəyyən edirlər. 17.3. Təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri müasir tələblərə müvafiq surətdə, təhsil alan uşaq və gənclərin maraqları, yaşı və sağlamlıq səviyyələri nəzərə alınmaqla təşkil edilməlidir. 17.5. Təhsil müəssisələrində bədən tərbiyəsi və təhsilin təşkili aşağıdakıları əhatə edir: 17.5.6. uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman işinin aparılmasını, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında və tətil zamanı fəal bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini; 17.5.7. bədən tərbiyəsinin təşkilinə tibbi nəzarətin həyata keçirilməsini; 17.5.8. uşaq və gənclərin asudə vaxtlarında və tətil zamanı fəal bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi; 17.5.9. valideynlərdə uşaqların sağlamlığına və bədən tərbiyəsinə məsuliyyətli münasibətin formalaşdırılmasını; 17.5.10. şagirdlərin və tələbələrin fiziki hazırlığı və fiziki inkişafının illik monitorinqinin keçirilməsini. 17.6. Məktəbəqədər yaşlı uşaqların bədən tərbiyəsi məktəbəqədər təhsil proqramına həftədə on saatdan az olmamaqla əyləncəli oyun xarakterli bədən tərbiyəsi dərslərinin salınması və aparılması ilə həyata keçirilir. Maddə 22. Sağlamlıq imkanları məhdud uşaqların və əlillərin adaptiv bədən tərbiyəsi, fiziki reabilitasiyası 22.1. Sağlamlıq imkanları məhdud uşaqlar və əlillər arasında bədən tərbiyəsi və idmanın inkişafı onların reabilitasiyasına xidmət edir. 22.2. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün şərait yaradır, xüsusi avadanlıq və ləvazimatların alınmasında köməklik göstərir, onların bədən tərbiyəsi və idman sisteminə inteqrasiyasına dəstək olurlar. 22.3. Sağlamlıq imkanları məhdud uşaqların və əlillərin bədən tərbiyəsi və idman vasitəsilə reabilitasiya prosesinin təşkili və aparılması üçün xüsusi kadr hazırlığını, elmi-metodiki və tibbi təminatını, həkim nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 22.4. Adaptiv bədən tərbiyəsi və adaptiv idman metodlarından istifadə etməklə sağlamlıq imkanları məhdud uşaqların və əlillərin fiziki reabilitasiyası və sosial adaptasiyası reabilitasiya mərkəzlərində, əlillərin bədən tərbiyəsi-idman klublarında, eləcə də digər bədən tərbiyəsi-idman təşkilatlarında həyata keçirilir. 22.5. Sağlamlıq imkanları məhdud uşaqlar və əlillər üçün idmanın inkişafı idmanla məşğul olmanın üstünlüyü, yayılmasının kütləviliyi və müəssərliyi prinsiplərinə əsaslanır. 22.6. Müvafiq təhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqlar və əlillər üçün onların fərdi qabiliyyətləri və sağlamlıqlarının vəziyyəti nəzərə alınmaqla, adaptiv bədən tərbiyəsi və adaptiv idman vasitələrindən istifadə etməklə xüsusi dərslər təşkil olunur. 22.7. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr, bədən tərbiyəsi-idman təşkilatları, o cümlədən əlillərin bədən tərbiyəsi-idman birlikləri sağlamlıq imkanları məhdud uşaqların və əlillərin iştirakı ilə bədən tərbiyəsi-idman və bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin keçirilməsini təşkil edir, uşaq-gənclər idman-adaptiv məktəbləri, uşaq-gənclər adaptiv fiziki hazırlıq klubları yaradırlar. 22.8. Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri, onların yerli şöbələri, idman klubları qanunvericiliyə uyğun olaraq yerləşdikləri dövlət mülkiyyətində olan binalardan və digər obyektlərdən pulsuz istifadə edirlər. V fəsil Uşaq-gənclər idmanı Maddə 23. Uşaq-gənclər idmanı sahəsində fəaliyyətin təşkili 23.1. Uşaq-gənclər idmanı uşaq və gənclərin sağlam həyat tərzinin təmin edilməsi, sağlamlığının möhkəmləndirilməsi, şəxsiyyətin inkişafı, fasiləsiz təhsil sisteminin təmin edilməsi və milli yığma komandalara ehtiyat idman qüvvələrinin hazırlanması məqsədini daşıyır. 23.2. Azərbaycan Respublikasında uşaq-gənclər idmanının təşkili və inkişafı ilə aşağıdakılar məşğul olurlar: 23.2.1. müvafiq icra hakimiyyəti orqanları; 23.2.2. bələdiyyələr; 23.2.3. təhsil müəssisələri, o cümlədən bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələri, uşaq-gənclər idmanı sahəsində çalışan məşqçilər; 23.2.4. uşaq və gənclərlə idman-təhsil işlərini həyata keçirən bədən tərbiyəsi və idman yönümlü təşkilatlar, bədən tərbiyəsi-sağlamlıq və idman birlikləri, uşaq-gənclər idmanının inkişafına kömək edən qeyri-hökumət təşkilatları. Maddə 24. Uşaq və gənclərin bədən tərbiyəsi sistemi 24.1. Uşaq və gənclərin bədən tərbiyəsi sistemi uşaqlar və gənclər arasında təlim-tədris prosesini, kütləvi idman tədbirlərinin keçirilməsini, idman məşğələlərində, yarışlarda, o cümlədən beynəlxalq yarışlarda onların iştirakını nəzərdə tutur. 24.2. Ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin tədris proqramlarına sağlamlığın möhkəmləndirilməsi, fiziki inkişaf, hərəkət fəallığına tələbatın ödənilməsi, habelə uşaq və gənclərin fiziki hazırlıq səviyyələrinin artırılması və təkmilləşdirilməsi məqsədi ilə təcrübənin qazanılması üçün bədən tərbiyəsinin məcburi tədrisi daxil edilir. 24.3. Bədən tərbiyəsi sistemində uşaq-gənclər idman məktəbləri, idman klubları, yüksək idman ustalığı məktəbləri, olimpiya hazırlığı mərkəzləri, idman qurğuları və idman geyimlərinin istehsalı üzrə təşkilatlar, uşaqların və gənclərin bədən tərbiyəsinə yönəldilən ictimai birliklər yaradıla və fəaliyyət göstərə bilər. Maddə 25. Bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələri 25.1. Bədən tərbiyəsi və idman sahəsində məktəbdənkənar təhsil müəssisələrinə aşağıdakılar aiddir: 25.1.1. uşaq-gənclər idman məktəbləri; 25.1.2. uşaq-gənclər texniki idman məktəbləri; 25.1.3. uşaq-gənclər adaptiv idman məktəbləri; 25.1.4. ixtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq-gənclər idman məktəbləri; 25.1.5. yüksək idman ustalığı məktəbləri; 25.1.6. olimpiya ehtiyatı məktəbləri; 25.1.7. olimpiya hazırlığı mərkəzləri. 25.2. Uşaq-gənclər idman məktəbləri və uşaq-gənclər texniki idman məktəbləri uşaq və gənclərin ayrı-ayrı idman növləri üzrə daimi məşğul olmağa cəlb edilmələrini, onların idmanda xüsusi bilik və bacarıqlara yiyələnmələrini, hərtərəfli inkişaf etmiş gənc idmançıların hazırlanmasını və digər bu kimi məsələlərin həllini təmin edir. 25.3. Mülkiyyət formasından asılı olmayaraq uşaq-gənclər idman məktəbləri və uşaq-gənclər texniki idman məktəbləri öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş proqram və normativlər əsasında həyata keçirirlər. 25.4. İxtisaslaşdırılmış olimpiya ehtiyatı uşaq-gənclər idman məktəbləri, yüksək idman ustalığı məktəbləri, olimpiya ehtiyatı məktəbləri və olimpiya hazırlığı mərkəzləri müxtəlif idman növləri üzrə milli yığma komandalara ehtiyat idman qüvvələrinin təmin edilməsi məqsədi ilə hərtərəfli inkişaf etmiş yüksək dərəcəli idmançıların hazırlanmasını həyata keçirirlər. 25.5. Ehtiyat idman qüvvələrinin, yüksək dərəcəli idmançıların hazırlanması mərhələləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müxtəlif idman növləri üzrə təsdiq edilmiş proqram və normativlər əsasında müəyyən edilir. Maddə 26. Uşaq-gənclər idman birlikləri 26.1. Uşaq-gənclər idman birlikləri ehtiyat idman qüvvələrinin və yüksək səviyyəli idmançıların hazırlanmasını həyata keçirirlər. 26.2. Uşaq-gənclər idman birlikləri aşağıdakılardır: 26.2.1. bədən tərbiyəsi kollektivləri; 26.2.2. uşaq idman klubları; 26.2.3. məhəlli idman klubları; 26.2.4. bədən tərbiyəsi-sağlamlıq və idman bölmələri. Maddə 27. Bədən tərbiyəsi və idmanla məşğul olan uşaq və gənclərə həkim nəzarəti 27.1. Bədən tərbiyəsi dərslərinə, habelə idman məşğələlərinə və yarışlarına dövlət və bələdiyyə tibb müəssisələrində tibbi müayinədən keçən uşaqlar və gənclər buraxılırlar. 27.2. Tibbi-bədən tərbiyəsi dispanserləri, poliklinikaların yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan kabinetləri, sahə həkimləri bədən tərbiyəsi və idman üzrə məşqçilər və təlimatçılarla birgə idmanla məşğul olan uşaq və gənclərin qeydiyyatını aparır, onların sağlamlıqlarının, fiziki inkişafının vəziyyətinə və səviyyəsinə həkim nəzarətini həyata keçirirlər. 27.3. Tibb müəssisələri tərəfindən verilən rəsmi tibbi icazə sənədləri olmadan bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb edilmiş və idman yarışlarına buraxılmış uşaq və gənclərin sağlamlıqlarına vurulmuş zərərə görə müvafiq təhsil məktəbdənkənar təhsil müəssisələrinin və bədən tərbiyəsi-idman təşkilatlarının rəhbərləri məsuliyyət daşıyırlar. Maddə 28. Ehtiyat idman qüvvələrinin hazırlığı üçün maddi-texniki bazanın və şəraitin yaradılması 28.2. Ehtiyat idman qüvvələrinin hazırlanması məqsədi ilə maddi-texniki baza əsasən aşağıdakılardan ibarətdir: 28.2.1. uşaq-gənclər idman məktəblərinin, olimpiya ehtiyatı məktəblərinin, olimpiya hazırlığı mərkəzlərinin profilləri üzrə bilavasitə onlara məxsus olan tədris-idman bazaları, idman zalları və digər idman obyektləri; 28.3. Müvafiq icra hakimiyyəti orqanı öz imkanları daxilində ehtiyat idman qüvvələrinin hazırlığını həyata keçirən idman təşkilatlarının, xüsusilə uşaq-gənclər idman məktəblərinin, olimpiya hazırlığı mərkəzlərinin idman qurğuları, idman avadanlığı, texniki vasitələr, idman geyimi və digər ləvazimatlarla təchiz edilməsinə yardım göstərir. XI fəsil Bədən tərbiyəsi və idman sahəsində dövlət sosial təminatlar sistemi Maddə 58. Bədən tərbiyəsi və idman sahəsində dövlət sosial təminatları 58.3. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir.