"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 21 January, 2010 İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 958-İİQ nömrəli Qanunu (Çıxarış) I fəsil ÜMUMİ MÜDDƏALAR Maddə 1 . Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.9. uşaq - 18 yaşına çatmayan şəxs; 1.0.10. insan alverinin potensial qurbanları - avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqsız həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər. III fəsil İNSAN ALVERİNİN PROFİLAKTİKASI Maddə 11 . İnsan alverinin profilaktikasının təşkili 11.2. İnsan alverinin profilaktikası üzrə tədbirlər sisteminə aşağıdakılar daxildir: 11.2.3. qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi; 11.2.7. uşaqların baxımsızlığına və kimsəsizliyinə şərait yaradan səbəb və halların aşkar edilməsinə və aradan qaldırılmasına yönəldilmiş sosial, hüquqi, pedaqoji və digər tədbirlər sisteminin yaradılması və ondan səmərəli istifadə edilməsi; 11.2.8. təhsildən yayınan uşaqların aşkar edilməsi, onların tərbiyə edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsi; 11.2.9. təhsil müəssisələri, uşaq evləri, internat məktəbləri və yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikasını həyata keçirən digər orqan və müəssisələrdə xüsusi proqramların hazırlanması və həyata keçirilməsi; IV fəsil İNSAN ALVERİ QURBANLARININ SOSİAL REABİLİTASİYASI VƏ MÜDAFİƏSİ Maddə 14 . İnsan alveri qurbanlarına yardım mərkəzləri 14.2. Yardım mərkəzlərində insan alveri qurbanlarının şəxsiyyətinin anonimliyi təmin edilir və onların razılıqları olmadan barələrində cinayət təqibi orqanlarına və ya digər dövlət orqanlarına məlumat verilmir. İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyayadərhal məlumat verilir. Maddə 15 . İnsan alveri qurbanlarının sosial reabilitasiyası 15.3. İnsan alveri qurbanlarının sosial reabilitasiyası həyata keçirilərkən insan alveri qurbanlarının, xüsusilə uşaqların yaşı, cinsi və tələbatları, o cümlədən zəruri sığınacaq, təhsil və qayğıya olan ehtiyacları nəzərə alınır. Maddə 16 . İnsan alverinin qurbanı olmuş uşaqlara yardım göstərilməsi 16.1. İnsan alverinin qurbanı olmuş uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasına, habelə Azərbaycan Respublikasının digər qanunlarına və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün bütün tədbirlər görülməlidir. 16.2. Sığınacaqlar və yardım mərkəzləri insan alverinin qurbanı olmuş uşaq barədə qəyyumluq və himayə orqanına və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya dərhal məlumat verirlər.Qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya uşağın hüquq və mənafelərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qorunması üçün tədbirlər görür. 16.3. Şəxs sığınacağa qəbul edilərkən onun yaşını dəqiq müəyyən etmək mümkün olmadıqda, lakin həmin şəxsin 18 yaşına çatmadığı ehtimal edildikdə, o, uşaq hesab edilir. Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Sığınacaq verilmə müddəti xüsusi polis qurumunun, qəyyumluq və himayə orqanının və ya Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti ilə uzadıla bilər. Uşaqlar sığınacağa yerləşdirilərkən və burada saxlama müddəti uzadılarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır. 16.4. Sığınacaqlarda uşaqlar bir qayda olaraq, ayrıca yerləşdirilirlər. Uşağın mənafeyi nəzərə alınaraq, o, valideynləri (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) və ya uşağın psixoloji durumuna müsbət təsir göstərən digər şəxslərlə də yerləşdirilə bilər. 16.5. Sığınacaqlara yerləşdirilmiş uşaqlara təhsillərini davam etdirmək, valideynləri ilə (uşağın insan alverinin qurbanı olmasına valideynlərinin səbəb olması güman edilən hallar istisna olmaqla) əlaqə və ünsiyyət saxlamaq imkanı yaradılır. 16.6. İnsan alverinin qurbanı olmuş uşaq valideynlərinin yerini bilmədikdə və ya valideyn himayəsindən məhrum olduqda, insan alverinə qarşı mübarizə aparan dövlət orqanları onun valideynlərinin axtarılması, yaxud barəsində qəyyumluq və ya himayənin müəyyən edilməsi üçün tədbirlər görür.Belə uşaqların sosial müdafiəsi “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir. 16.7. İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında bu Qanunun 15.4-cü və 16.1-ci maddələri, habelə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla həyata keçirilir. Maddə 20 . İnsan alverinin qurbanı olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin repatriasiyası 20.3. İnsan alverinin qurbanı olan uşaqlar barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxartma tətbiq olunmur. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə, yaxud valideynlərinə qaytarılmasına yalnız uşağın yenidən insan alverinin qurbanı olması ehtimalı istisna edildikdə yol verilir. İnsan alverinin qurbanı olmuş uşaqların öz ölkələrinə, yaxud valideynlərinə qaytarılması məsələsi həll olunarkən 10 yaşından böyük uşaqların məsələyə dair münasibəti öyrənilir və nəzərə alınır.