"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Uşaq davranış etikası Uşaq davranış etikası ================================================================================ admin on 23 November, 2009 Uşaq davranış etikası Sənin getdiyin məktəbdə, yaşadığın evdə və yaxud sizin küçənizdə fiziki cəhətdən qüsurlu uşaqlar ola bilər. Məsələn, yeriyəndə çətinlik çəkənlər və ya heç yeriyə bilməyənlər, pis eşidənlər və ya heç eşitməyən uşaqlar, zəif görən və bu səbəbdən də dərslərinə lazımınca hazırlaşa bilməyən uşaqlar və s. Elə xəstə uşaqlar da var ki, xəstəlikləri qətiyyən yoluxucu deyil, amma başqa uşaqları qorxuda bilərlər. Məsələn, astma və yaxud epilepsiya xəstələri kimi. Bu uşaqlara sən bax belə kömək edə bilərsən: 1. Əgər sən pilləkənləri düşüb-qalxanda çətinlik çəkən uşaq görürsənsə, ona yaxınlaş və təklif elə ki, qolundan tutsun. Yaxud çantasını daşımağa kömək et. 2. Yeriyə bilməyən və ya yeriməkdə müəyyən çətinliyi olan uşaqlar bəzi uşaq oyunlarında iştirak edə bilmirlər. Onda elə bir oyun təklif et ki, hamı oynaya bilsin və heç kim də sıxıntı çəkməsin. 3. Əgər sizin qrupda və yaxud sinifdə qəfildən kimsə boğulmağa başlasa və ya nəfəsi çatışmasa, dərhal ondan soruş gör lazımi dərmanı varmı? Varsa, yubanmadan dərmanını götürüb ona ver; mümkün qədər tez. Yaşlıları da xəbərdar etməyi unutma. 4. Xəstə və yaşıdlarından nisbətən zəif uşaqları cırnatma, onlara gülmə. Göz qoy ki, onlar yıxılmasınlar, zədələnməsinlər. 5. Çalış ki, pəltək və nitqi qüsurlu uşaqları başa düşəsən, onların qəlbinə toxunmayasan. 6. İnsanın zahiri onun yaxşı , xeyirxah və vicdanlı adam olub – olmaması haqqında heç nə demir. Odur ki, çox hündür və ya çox qısa, arıq və ya kök uşaqları ələ salıb onlara gülmə. 7. Bəzi uşaqlar şəkər xəstəliyindən əziyyət çəkirlər. Lazım gəldikdə onların tək qalıb dərman qəbul etmələri üçün şərait yarat və ya iynə vurmaqda kömək et. Onlara lağ etmə, sataşma. 8. Görmə qabiliyyəti zəif olan uşaqlar yazı taxtasında yazılanları oxuya bilmirlər, kiçik şriftləri görmürlər . Onların özlərinin oxuya bilmədiklərini onlar üçün oxu. Onların eynəkləri ilə ehtiyyatlı ol. 9. Eşitmə qabiliyyəti zəif olan uşaqlar tərbiyəçinin və ya müəllimin dediklərini yaxşı eşitmirlər. Görəndə ki, uşaq nəyi isə başa düşmədi, neçə dəfə lazımdırsa, o qədər də təkrar et. 10. Əgər sən hiss edir və ya dəqiq bilirsən ki, eşitmə qabiliyyəti pis olan uşaq səni başa düşmür, onda onunla mümkün qədər aydın danış və düz gözünün içinə bax. 11. Bəzi uşaqlar yazı və oxu zamanı bəzi çətinliklər çəkirlər. Onlar eyni səhvi dəfələrlə təkrar edirlər. Onlara ayrıca vaxt ayır və onlarla birlikdə oxu. 12. Epilepsiya xəstəliyi olan uşaqların qəbul etdikləri dərmandan reaksiyaları, iş qabiliyyətləri zəifləyir. Əgər sən görürsən ki, xəstə uşaq yazıb çatdıra bilmir, öz dəftərini ona təklif et. 13. Sənin qrupun və ya sinfin teatra gedirsə və orada əlillər üçün xüsusi giriş yoxdursa, dostlarından xahiş et ki, əlillərə kömək etməkdə sənə yardımçı olsunlar. 14. Bəzi uşaqlar ləng oxuyurlar. Başqa uşaqların onları ələ salmalarına və alçaltmalarına imkan vermə. Təhsildə onlara köməyini təklif et. 15. Uşaqlar günü-gündən böyüyür və inkişaf edirlər. Bəziləri həddindən artıq fəallaşır və fikrini verilən tapşırığa cəmləşdirə bilmirlər. Səbirli ol və tapşırıqları yerinə yetirməkdə onlara kömək et. 16. Öz gücün və surətinlə lovğalanma; xüsusilə xəstə və fiziki çatışmazlığı olan uşaqların qarşısında. 17. Bəzi uşaqlar hətta dərslərini bildikdə belə, bütün sinif qarşısında cavab verməkdən çəkinirlər, özlərinə inamsızlıq hissi onlara mane olur. Belə uşaqları tez-tez ictimai yerlərdə (tədbirlərdə) çıxışlara cəlb et ki, qorxu hissindən xilas olsunlar.