"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: “NUR” Şuşalı uşaqları mükafatlandırdı “NUR” Şuşalı uşaqları mükafatlandırdı ================================================================================ admin on 05 June, 2010 “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində “NUR” Uşaq və Gənclərin İctimai Birliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə bir qrup qaçqın və məcburi köçkün uşaqları nailiyyətlərinə görə mükafatlandırdı. Uşaqlar bütün nemətlərin ən şirini, bütün varlıqların ən qiymətlisidir, həm də ən çox qayğıya və müdafiəyə ehtiyacı olanlardır. Məhz uşaqların inkişafı və sosial dəstək dünyanın gələcəyini müəyyən edəcəkdir. Heç bir məsələ uşaqların mövcudluğu və inkişafından vacib deyil. Ədalətli və dinc dünya uşaqlara uyğun dünyadır. Belə dünyada bütün uşaqlara həyatda yaxşı başlanğıc əldəetmələri üçün sevgi və qayğı ilə yanaşırlar. Bu elə bir dünyadır ki, uşaqlar ona layiqdirlər və böyüklər onu yaratmağa borcludurlar. 1 iyun tarixdə Dağlıq Qarabağın Azərbaycanlı İcması və Şuşa İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram tədbirində “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən “Xəmsə” Milli İntellektual Oyununun III Respublika Birinciliyinin Zona yarışında II yeri tutan iştirakçılar - İsmayılov Orxan, Abdullayev Rauf, Qasımzadə Babək, Bəşirzadə Şəms, Səlimova Aysel, Rüstəmova Ayşən, Qafarova Aygün Fəxri Fərmanla təltif olundu və eyni zamanda digər əlil uşaqlara hədiyyələr təqdim olundu. Xatırlatmaq istəyirik ki, “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən başlanılmışdır. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək.