"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: “Mənim hüquqlarım” Uşaq Hüquqlarının Tədrisi Layihəsi “Mənim hüquqlarım” Uşaq Hüquqlarının Tədrisi Layihəsi ================================================================================ admin on 12 May, 2010 “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsinin həyata keçirilməsinə başlayır. 2009-cu ilin dekabr ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində uşaq hüquqlarının tədrisi, qaçqın və məcburi köçkün uşaqların inkişafı ilə bağlı təşəbbüslərin əhəmiyyəti uşaqlar tərəfindən xüsusilə vurğulanmışdır. Azərbaycan uşaqlarının 10%-i hələ də qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu uşaqlar Uşaq Hüquqları Konvensiyasında, eləcə də digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlardan məhrum edilmiş və hazırda da bir çox hüquqları gerçəkləşdirilməmiş qalır. Onların böyük əksəriyyəti öz hüquqlarını bilmir. Bu layihənin həyata keçirilməsində başlıca məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqların arasından uşaq hüquqları barədə ətraflı məlumata malik olan, uşaqlarla bağlı mövcud vəziyyəti obyektiv təhlil edə, öz hüquqlarını ifadə edə və uşaqlar üçün yararlı cəmiyyətin formalaşdırılması ilə bağlı təkliflər irəli sürə bilən lider uşaqlar qrupu formalaşdırmaqdır. “Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsi çərçivəsində 2010-cu ilin iyun ayında "Uşaq hüquqları" Yay Məktəbi təşkil ediləcək. Yay Məktəbində 18 yaşınadək 30 nəfər qaçqın və məcburi köçkün uşaqlar iştirak edəcəkdir. Yay Məktəbinin dinləyiciləri fəal təlim metodları vasitəsilə uşaq hüquqlarına dair biliklərini artırmaqla yanaşı, uşaq hüquqlarına dair fərdi yanaşmaları və fikirlərini müzakirə edəcək, özlərinin qrup işi, ünsiyyət, düzgün qərarın qəbul edilməsi kimi fərdi bacarıqlarını inkişaf etdirəcəklər. Bu layihə uşaqların iştirakı üçün böyük stimul olacaq, onlar özlərində və istedadlarında özünə inam və etibarı inkişaf etdirəcəklər. Layihə uşaqların davranışına təsir edəcək, onların həyata və həmyaşıdlarına baxış tərzini dəyişəcək. Uşaqlar böyüyərək uşaq hüquqlarına hörmətlə yanaşmaqla yanaşı, uşaq hüquqlarının fəal müdafiəçisi olacaq, onların məsuliyyətli valideyn və layiqli vətəndaş kimi formalaşmasına təsir göstərəcək.