"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Xocalı Soyqırımı Xocalı Soyqırımı ================================================================================ admin on 20 February, 2010 2009-cu ilin dekabr ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində əks olunmuşdur ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində pozulmuş uşaq hüquqlarına dair silsilə müzakirələr təşkil edilsin. Azərbaycanın müstəqillik tarixində Dağlıq Qarabağ münaqişəsi zamanı erməni qəsbkarları tərəfindən uşaqlara qarşı dəfələrlə zorakılığın edilməsi, uşaqların amansızlıqla və işgəncələrlə öldürülməsi, uşaqların gözü qarşısında valideynlərinin qətlə yetirilməsi, uşaqların əlil olması və bu kimi insanlığa sığmayan əməllərə beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymətin verilməməsi uşaq hüquqlarının tanınması və həyata keçirilməsi istiqamətində qlobal səyləri şübhə altına alır. Ikinci müzakirələr 27 fevral 2010-cu il tarixdə keçirilmişdir. Tədbirdə Xocalı Soyqırımına dair film nümayiş etdirilmiş, sonra isə 3 nəslin – valideynlər, gənclər və uşaqlar arasında Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması və uşaqların silahlı münaqişələr zamanı müdafiəsi istiqamətində öhdəliklər və məsuliyyətə dair müzakirələr aparılmışdır. Növbəti müzakirələr 31 mart - Dünya Azərbaycanlılarının soyqırımı ərəfəsində keçiriləcək. Iştirak etmək istəyənlər katiblik@gmail.com email ünvanı ilə müraciət edə bilərlər. Qeyd etmək istəyirik ki, ilk müzakirə 20 Yanvar faciəsinin 20-ci ildönümü günündə təşkil edilmişdir və onun nəticəsi olaraq "Uşaqların müdafiə hüququ və silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq" mövzusunda müzakirələrin təşkili üzrə 11 uşaqdan ibarət İşçi Qrupu yaradılmışdır. İl boyu davam edəcək bu silsilə müzakirələrin nəticəsində Azərbaycan Uşaqlarının Dünya Uşaqlarına müraciəti hazırlanaraq 20 noyabr – Beynəlxalq Uşaq Hüquqları günündə dünya uşaqlarına təqdim olunacaq.