"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: "Hər bir uşağın hüququ var" "Hər bir uşağın hüququ var" ================================================================================ admin on 15 July, 2010 "Hər bir uşağın hüququ var" Ağa Cəfərli "Hər bir uşağın hüququ var!" Milli Kampaniyasının növbəti hissəsi olaraq 13 iyul 2010-cu il tarixində "Mənim hüquqlarım" - Qaçqın və məcburi köçkün uşaqlar üçün" Uşaq Hüquqlarının Tədrisi Layihəsi çərçivəsində "Uşaq Hüquqları" Yay Məktəbinin açılış mərasimi keçiriləcək. Tədbiri "NUR" Uşaq və Gənclərin İctimai Birliyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla təşkil edir. Layihənin həyata keçirilməsində başlıca məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqların arasından uşaq hüquqları barədə ətraflı məlumata malik olan, uşaqlarla bağlı mövcud vəziyyəti obyektiv təhlil, öz hüquqlarını ifadə edə və uşaqlar üçün yararlı cəmiyyətin formalaşdırılması ilə bağlı təkliflər irəli sürə bilən lider uşaqlar qrupu formalaşdırmaqdır. Yay Məktəbi Novxanıdakı "AF Hotel AQUAPARK"da keçiriləcək. Yay Məktəbində 18 yaşınadək 40 nəfər qaçqın və məcburi köçkün uşaqlar iştirak edəcək. Yay Məktəbinin dinləyiciləri fəal təlim metodları vasitəsilə uşaq hüquqlarına dair biliklərini artırmaqla yanaşı, uşaq hüquqlarına dair fərdi yanaşmaları və fikirlərini müzakirə edəcək, özlərinin qrup işi, ünsiyyət, düzgün qərarın qəbulu kimi fərdi bacarıqlarını inkişaf etdirəcəklər. Yay Məktəbinin iştirakçıları şəhadətnamə ilə təltif olunacaqlar. "Nur" İctimai Birliyi bildirir ki, bu layihə uşaqların iştirakı üçün böyük stimul olacaq, onlar özlərində və istedadlarında özünə inam və etibarı inkişaf etdirəcəklər. Layihə uşaqların davranışına təsir göstərəcək, onların həyata və həmyaşıdlarına baxış tərzini dəyişəcək. Uşaqlar böyüyərək uşaq hüquqlarına hörmətlə yanaşmaqla yanaşı, uşaq hüquqlarının fəal müdafiəçisi olacaq, onların məsuliyyətli valideyn və layiqli vətəndaş kimi formalaşmasına təsir göstərəcək. Təşkilat bəyanlayır ki, Azərbaycan uşaqlarının 10 faizi hələ də qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu uşaqlar Uşaq Hüquqları Konvensiyasında, eləcə də digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlardan məhrum edilib. Hazırda onların bir çox hüquqları gerçəkləşdirilməmiş qalır. Onların böyük əksəriyyəti öz hüquqlarını bilmir. . http://xalqcebhesi.az/news.php?id=15110