Hesabat

Şrift ölçüsü: Decrease font Enlarge font

Hesabat məzmunca müxtəlif formalara malikdir. Məktəbdə (V-IX siniflər üzrə onun iki forması üzərində şagirdləri işlətmək məsləhətdir.

  1. ayrı-ayrı ədəbi materiallara aid hesabat yazmaq.
  2. tədrislə bilavasitə əlaqədar görülən işlərə dair hesabat
    yazmaq.

Müəllim hesabatı hər iki növünə aid əməli iş apararkən hesabata verilən tələbləri şagirdlərə çatdırmalıdır. Təxminən, həmin tələblər aşağıdakilardır:

  1. Hesabat ilk növbədə inandırıcı olmalıdır.
  2. Hesabatdakı faktlar və rəqəmlər düzgün verilməlidir.
  3. Hesabatda təkrarlara, yorucu fikirlərə, yersiz sitatlara yol verilməməlidir.
  4. Hesabat yazılı olmalı və ictimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır .
  5.  Hesabatın əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstərilir, sonunda isə imza qoyulur.

V-VI siniflərdə şəxsi xarakter daşıyan (məsələn, şagirdin iş rejiminə, mütaliəyə, idman yarışlarında necə iştirak etməsinə, valideynlərə kömək göstərilməsinə və s.) hesabatlar öyrədilirsə, VII-IX siniflərdə ictimai mahiyyət kəsb edən hesabatları öyrətmək daha faydalıdır. Belə hesabatların siyahısı qabaqcadan tutulmalıdır. Hər bir mövzuya dair hesabatın planı müəllim tərəfindən, ya da onun rəhbərliyi altında hazırlanmalıdır.

Hesabat necə yazılmalıdır? Bu suala cavab vermək üçün aşağıdaki nümunəyə  nəzər salmaq kifayətdir.

* * * * * * * * * *

V sinfinin nümayəndəsi Z. A. Ağayevanın I rübdə gördüyü işlərə aid

HESABATI

Sinfimizdə 32 şagird var. Onlardan 18-i əlaçı, 10 nəfəri dörd və beşlə, 4-ü isə zəif oxuyur. Zərifə Səlimova, Rövşən Əkbərov, Eldəniz Vəliyev və İlqar Bağırov I rübdə riyaziyyatdan və ədəbiyyat yazıdan iki qiyməti almışlar. Yeganə, Vüsal, Vüqar və Kamran tətil müddətində hazırlaşacaqlarına söz vermişlər.  

I rübdə sinfimizin şagirdləri üç dəfə ekskursiyada olmuşdur. Sentyabrın 22-də Şəhidlər xiyabanında şəhidlərin qəbri üstə gül dəstələri qoymuşlar. Tarix müəllimi Ə. İsmayılovun rəhbərliyi altında şagirdlər tarix muzeyinə getmiş və oradakı qədim abidələrlə tanış olmuşlar. Sinif rəhbərimiz Solmaz Rəhimova bizi Nizami parkına aparmışdır. 

I rübdə sinfimizin təlim-tərbiyəsini əks etdirən "Sancaq" adlı satirik divar qəzeti üç dəfə buraxılmışdır. Qəzetin redaksiya heyəti pis oxuyan şagirdləri tənqid etmiş və əlaçı şagirdləri tərifləmişdir. 

Sinfimizin şagirdləri məktəbin idman və rəsm yarışlarında feal çıxış ediblər. Xüsusən, Kamran və Ruslan Rəsulzadə qardaşları siniflərarası idman yarışlarında birinci yeri tutmuşlar. Ən yaxşı cəhət budur ki, rüb ərzində sinfimizin dərsə davamiyyəti çox yüksək olmuşdur. 

İmza:                       (Z. A. Ağayeva)

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az