"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Belələri də var Belələri də var ================================================================================ admin on 04 May, 2010 Göz aldadan bir su kimi, Gah lal axar asta-asta. Gah da mələr quzu kimi, Ürək yaxar asta-asta... Nə bir toya, nə bir yasa, İstəməz ki, ayaq basa. Adam ölüb, ev də yansa, Durub baxır asta-asta... “Yüz yol ölçər, bir yol biçər”, Təmiz suyu üflər içər... Dediyinin üstdən keçər, Altdan çıxar asta-asta... Özü qorxaq, cüssəsi dar, Andını da tez unudar. Sözlərini çeynər udar, Hey udqunar asta-asta... O “mərd” olar yaxşı vaxtda, Çox danışar hünər haqda. Çətin işdə, bərk ayaqda Tez sıpıxar asta-asta... Ürəyi buz, nəfəsi qar, Üzdən gülər, üzdən yanar. Az işləyib çox qazanar, Ancaq tıxar asta-asta... O aşkarda girər qına, Qıfıl vurar öz ağzına. Xəlvətdəsə ona, buna, Ləkə yaxar asta-asta... Nə yaradır, nə də qurar, Yaradana ağız burar. Quyu qazıb, tələ qurar, Ev də yıxar asta-asta... “Tilsimlidir o qəhrəman”, Qan da axmaz yarasından. Odun-suyun arasından, Üzə çıxar asta-asta...