QAFQAZ

Şrift ölçüsü: Decrease font Enlarge font

Bu dağlar, göylərdə oynayan bu dağlar,
Bağrında filizlər qaynayan bu dağlar…
Buludlar rəqs edər bunların başında,
Döşündə guruldar çayların nə’rəsi:
Hər zümrüd yamacı, hər yaşıl dərəsi,
Min cövhər gizlənmiş ən kiçik daşında.
Həp sənsiz deyilmi olanım, olmazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

 

Bu yüksək dağların nöqsan var nəsində,
Qaynarkən mə’dənlər atəşli köksündə.
Nefti var, qazı var, boranı, qarı var.
Şənlədir zavodda, fabrikdə hər kəsi
Bakının buxtası, Tiflisin Zagesi.
Sabunçu uğuldar, Riyonges guruldar,
İstərim bunlarla çınlasın avazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

 

Meşələr, o ləpir görməyən meşələr,
Kimsəyə könlünü verməyən meşələr…
Çəlikdən mişarlar gözləyir, deyilmi?!.
Al kəmər taxalım bunların belinə,
Gürcüstan söyləyir:hər daşqın selimi,
Alınız, veriniz çarxların əlinə,
Olmasın kimsədən minnətim, niyazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

 

Sardıqca dağları voltlarla günəşlər,
Altında xalqımız bir yeyər, bir işlər.
Bir zaman gələcək, hər yerin olacaq
Aləmə xoş gələn rəngbərəng bir dekor.
Haçadil atların dəmirdən olacaq,
Kolxozun sürdükcə zəmidə traktor,
Şişəcək Kür çayım, coşacaq Arazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

 

Ey bu gənc dağların biqərar yolçusu,
Qanadlan! Çalındı yüksəliş borusu.
Ey cənub tərlanı, döyünsün ürəyin,
Yılmadan havalar bu alı dağlara,
Dərəsi, təpəsi bahalı olan dağlara.
Bir sabah olarkən qızıldan dirəyin,
Səslənib duracaq əlində şən sazım,
Qafqazım, Qafqazım, qazanclı Qafqazım.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az