"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: RÜCU RÜCU ================================================================================ admin on 07 May, 2010 Mil düzü, Mil düzü, geniş Mil düzü, Eşit ürəyimdən keçən bu sözü! Bu keçmiş halına acımam ki, mən. Açıq danışalım, doğrudan da, sən Bəlkə bu sevgini, bu sevincini, Bəyaz qızılını, bəyaz incini Xanlardan, bəylərdən əsirgəməmişsən, Quduz köpəklərdən əsirgəməmişsən? Tanışlarım bilir bunu, sən də bil! Mənim darğınlığım səbəbsiz deyil. Bir Bakı işçisi birinci kərə Baxıb çoraqlıqdan çıxan ellərə, Govur – arx üstündə mitinq açaraq, Köksündə çırpınan qırmızı bayraq Dalğalanan zaman lenta kəsərkən, Orda neçin, nədən olmamışam mən. Könlüm Araz kimi havalanmamış, Gurultum çöllərədə dalğalanmamış? Deyirlər o zaman burda köylülər Tutub dişlərində qalib türkülər, Bir daşqın fərəhlə gəlmişlər vəcdə. Araz da eyləmiş onlara vəcdə. Arazın önünü kəsən sipərlər Qalxıb yüksəklərə açınca şəhpər, Gənc bir arslan kimi kükrəyən Araz Vermiş ətrafına dərin bir həras, Sıçramış, köpürmüş, bayılmış, getmiş. Mil düzünə sarı yayılmış, getmiş.