"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: BƏYAZ ÇÖLLƏR BƏYAZ ÇÖLLƏR ================================================================================ admin on 07 May, 2010 Çoxdandır bir şeir yazmamışam mən, Çoxdadır bir nəğmə tutdurmamışam, Çoxdandır ayrılıb şe’r aləmindən, Xəyal dənizinə baş vurmamışam. Fikrim qasırğalı dəryalar kimi İstənilən qədər dalğalanmamış, Könlüm uzaq gedər xülyalar kimi İncə buludlarla çulğalanmamış. Ürəyim ilk bahar selləri kimi Atlana-atlana qaynamamışdır. Ruhum Mil düzünün çölləri kimi Bəyaz çiçəklərlə oynamamışdır. Bir kəlmə bulmaqçın xeyli darılıb, Əzaba, zəhmətə qatlandığım yox, Aldığım mövzuya candan sarılıb, Misradan-misraya atlandığım yox. Nə kiçik bir dərə, nə bir mənzərə, Keçməmiş zehnimin lövhələrindən. Şeirsiz, nəğməsiz gəzib bir ara, Heyhat, oynamamış könlüm yerindən.