"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: MİL DÜZÜ MİL DÜZÜ ================================================================================ admin on 07 May, 2010 Bir düz ki, fərq etməz xəyalın gözü, Hər daşı bir çılpaq qərib öksüzü, Məlul çöhrəli bir dulu andırır; İnsanın fikrini dumanlandırır. Ey illər uzunu çiçəksiz, otsuz, Elçisiz, qonaqsız, kimsəsiz, yurdsuz, İlanlar yatağı olan Mil düzü! Yabançı əllərdə qalan Mil düzü! Bilsən nələr keçmiş başından sənin, Qəmgin torpağından, daşından sənin! Bir kimsə etməmiş sana mərhəmət, Salmamış üzünə “sayəyi-rəhmət”. Göylərin buludu sana yabançı, Günəşin telləri sırtına qamçı. Boş yerə yağmış da qarın, yağışın, Bir alov kəsilmiş baharın, qışın. Kimsə anlamamış faydanı sənin, Alan olmamışdır qadanı sənin. Odur ki, kədərin başından aşmış, Yazıq, bilməmişsən ürəkələr daşmış. İnsanlar nankormuş tarix boyunca, Çalıb çağırdığın yoxdu doyunca. Dolanmış başına dönmüş fələklər, Əsmiş üzərindən çılğın küləklər. Tarixdən büsbütün adını silmiş, Sana hər çapavul yağı kəsilmiş. Şırıldarkən Araz yaxınlığında, O zalım da qalmış öz qılığında. Zavallı halına o da yanmamış, Bir parça səninçin dalğalanmamış. Bə’zən üzərində tikanlı otlar Göyərmiş, çoxuna vermiş umudlar. Ellər köç eyləmiş, sürülər gəlmiş, Qoynunda bir quzu səsi yüksəlmiş. Bir səs ki, zülmətdə ağlayan bir səs… Bir səs ki, həzindən çağlayan bir səs… Bir səs ki, yoxluğun üstündə ölmüş, Yenə o yoxluğa batmış, gömülmüş.