YURDSUZ

Şrift ölçüsü: Decrease font Enlarge font

Üfüqdə yorğun günəş ərirkən damla-damla,
Kaspinin ətəkləri çalxanırdı adamla.
Qaş qaralır, uzaqda gün ərinə-ərinə
Çəkilirdi yenə də dün axşamkı yerinə.
Gündüzün işıqları sıyrılıb təpələrdən,
Siyah bir rəng alırdı ləpələr ləpələrdən.
Bir yel əsdi, ləpələr özlərini əydilər.
Söhbət elədiklərim gəncdilər, tazəydilər.

Birinin baxışları ayna göllər kibiydi,
Birininki qaranlıq dənizlərin dibiydi.
Birinci içməmişdi su qızlar bulağından,
Pərişandı ikinci sevgi daşqalağından.
Bu zaman bir dilənçi qadın önümdə durdu,
Qoynunda bir fəlakət yavrusu uyuyurdu.
Arıq, zərif döşləri çıxmışdı yaxasından,
Bir titrək əl uzandı qundağın arxasından.
- Rəhm ediniz! – baxdılar bir ona, bir uşağa,
Darılaraq saldılar başlarını aşağa.
- Zəhləmizi tökdülər, eh, bu dilənçilər də.
- Başımız getdi artıq, – deyərək pərdə-pərdə
Səslərin acıqla eşlərim ucaltdılar.
Sanki durğun bir gölə ağır bir daş atdılar,
Bəlkə bir söz ucundan sınan bir şişə qəlbə
Dağlar dağını vurdu bu iki şən talibə.
Qadına haq verildi, mənim qayğım azaldı,
Qadın getdi, gözümdə xəyal şəklini aldı,
Qadın məmnun, sevincək bizdən uzaqlaşırkən,
Başqa məchud ürəkli birinə yaqlaşırkən
- Əvət, – dedim, – xanımlar, biz hamımız nankoruz,
Ürəkdən mərhəmətsiz, hətta vicdandan koruz.
İyrəndiniz baxınca, siz, o səfil qadından,
Olmadınız xəbərdar qırılmış qanadından.
O, vətəndaş hərbinin acıqlı lövhəsindən
Və cahan qovğasının sitəmli səhnəsindən
Arta qalan bu məchul qadın sizi acıtdı,
Könlünüzü sıxdı pək, fikrinizi dağıtdı.
Siniflər vuruşunda al bayrağın izində,
Polad kimi yenilməz Kremlin qülləsində
Onun əziz qardaşı, ürəyinin sirdaşı
Günlərcə çırpışırkən, onda sizlər və bizlər
Uyurduq hər dumanlı hadisədən bixəbər.
Uyurduq rahat-rahat, uyurduq xumar-xumar,
Rö’yamız bəxtiyardı, xəyalımız bəxtiyar.
Bizmçün bu dünyanı onlar yaratdı getdi.
“Ay kimi şəfəq vedi, gün kimi batdı getdi”.
- Onlardan bizə nə var, biz hara onlar hara?
Yetər, nəhayət verin belə danışıqlara!
- Xayır, böylə deyildir, o çocuğu alaraq,
Ocaqlarda tərbiyə etmək istəriz ancaq,
Ancaq bizim işimiz bu gün başdan aşmada,
Hər tərəfdə fikrimiz vuruşub dalaşmada.
Hər kiçik məsələyçin durmağa vaxtımız yox,
Bu surətli zamanda işimiz-gücümüz yox!
Fəqət şu yurdsuzları toplayırız, yenə də
Görmək üçün onları işıqlı bir səhnədə.
Yarın açmayacaq əl, bəlli, kimsə kimsəyə,
Hər kəs öz əməyindən batacaqdır nəşəyə.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az