"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Çaylar Çaylar ================================================================================ admin on 12 March, 2010 Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 km-dən çox, 22 çayın uzunluğu 101-500 km arasında, 324 çayın uzunluğu 11-100 km arasındadır, əksər çayların uzunluğu isə 10 km-dən azdır. Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda onlar üç hövzəyə aid edilir: 1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları) 2. Araz hövzəsinin çayları (Arazın sol qolları) 3. Birbaşa Xəzər dənizinə tökülən çaylar. Çayların su toplayıcı sahələrinin yüksəklik vəziyyətinin yerüstü axımın formalaşmasında mühüm rol oynadığını nəzərə alaraq ərazinin çayları iki qrupa bölünürlər: 1) yüksək su toplayıcı sahələri olan çaylar – bu çayların su ayrıcılarının hündürlüyü 2500-3000 m-dən çoxdur; 2) alçaq su toplayıcı sahələri olan çaylar – su ayrıcılarının hündürlüyü 2500-dən çox olmur. Bütün daimi axan və qismən quruyan çaylar yüksək su toplayıcı sahəyə, müvəqqəti axan çaylar isə - alçaq su toplayıcı sahəyə malikdirlər. Beləliklə, Respublikanın çay sistemi Kür çayı və onun qollarından həmçinin birbaşa Xəzər dənizinə tökülən çaylardan ibarətdir. Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir, Azərbaycanın ərazisinə bu sahənin 58000 km2-ri və ya 31%-i aiddir. Kür çayının Gürcüstan sərhəddindən sonra Qıraq Kəsəmən məntəqəsində axım norması 270 m3/s və ya 8,52 km3-dir. Qapayıcı Kür- Salyan məntəqəsində isə orta çoxillik axım 445 m3/s və ya 14,04 km2-dir. Respublikanın ikinci böyük çayı və Kür çayının sağ qolu olan Araz çayı Türkiyənin ərazisindən axır, həmçinin Türkiyə ilə Ermənistan arasında, Türkiyə ilə Azərbaycan arasında, İran ilə Azərbaycan arasında həmsərhəd çaydır. Arazın ümumi su toplayıcı sahəsi 102000 km2-dir, Azərbaycanda bu sahənin 18740 km2 və ya 18%-i yerləşir. Araz çayının Novruzlu (Saatlı) məntəqəsində orta çoxillik axım 121 m2/s və ya 3,82 km2-dir. Respublikanın çay sistemi üç qrup çaylardan ibarətdir: transsərhəd, sərhəd və yerli çaylar. Transsərhəd (iki və ya bir neçə ölkənin ərazisindən axan) çaylara Kür, Qanıx (Alazan), Qabırrı (İori), Xrami, Arpaçay və s. çaylar aiddir. Sərhəd (iki və ya bir necə ölkə arasında həmsərhəd olan) çaylara Araz, Samur, Bolqarçay və s. aiddir. Yerli çaylar Respublikanın ərazisində formalaşır və axırlar. Su toplayıcının sahəsinə və sululuğuna gorə Respublikanın 2 çayı (Kür və Araz) böyük çaylara, 12 çayı orta çaylara, qalan çaylar isə kiçik çaylara aiddirlər. Yerli çaylardan yalnız 4-ü (Pirsaat, Həkəriçay, Tərtərçay və Kürəkçay) orta çay hesab oluna bilər. Respublikanın əsas çaylarının morfometrik xarakteristikaları aşağıdakı cədvəldə verilir. № Çay Hara tökülür (hansı sahildən) Uzunluğu, km Su toplayıcı sahəsi, kv.km Yüksəklik vəziyyəti, m mənbə mənsəb 1 Kür çayı Xəzər dənizi 1515 188000 2740 -27 2 Qanıx (Alazan) Mingəçevir su anbarı 413 16920 2560 75 3 Qabırrı (İori) Mingəçevir su anbarı 389 4840 2560 51 4 Xrami Kür çayı (sağ) 220 8340 2422 255 5 Ağstafaçay Kür çayı (sağ) 133 2586 3000 210 6 Kürəkçay Kür çayı (sağ) 126 2080 3100 18 7 Araz Kür çayı (sağ) 1072 102000 2990 -11 8 Arpaçay Araz (sol) 126 2630 2985 780 9 Həkəriçay Araz (sol) 128 5540 3080 268 10 Samur Xəzər dənizi 216 4430 3600 -27 11 Pirsaat Xəzər dənizi 199 2280 2400 -11 12 Bolqarçay Mahmudçala gölü 168 2170 1710 -17 Respublikanın yerli çayları dağ çaylarıdır. Bu çaylar gur axınla (daşqın vaxtı axının sürəti 3-6 m/s-yə çatır), böyük orta meylliklərlə (15-150‰) xarakterizə olunurlar. Yuxarıda göstərilən hər bir təbii vilayət ona məxsus olan hidroloji və hidroqrafik xüsusiyyətləri ilə seçilir. Böyük Qafqazın cənub yamacından axan dağ çayları (Balakənçay, Talaçay, Kürmükçay, Kişçay, Turyançay, Göyçay, Girdımançay və s.) Kür çayının sol qollarıdır, şimal-şərq yamacından axan (Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay və s.) və Qobustan çayları (Sumqayıtçay, Pirsaat və s.) Xəzər dənizinə birbaşa tökülən çaylardır. Kiçik Qafqazın şimal-şərq yamacından axan (Zəyəmçay, Şəmkirçay, Qoşqarçay, Gəncəçay, Kürəkçay və s.), Qarabağ silsiləsindən axan çaylar (Xaçınçay, Tərtərçay, Qarqarçay və s.) Kür çayının sağ qollarıdır, Zəngəzur silsiləsindən axan (Naxçıvançay, Əlincəçay, Gilançay və s.) və Kiçik Qafqazın cənub-qərb yamacından axan (Həkəriçay, Quruçay, Köndələnçay və s.) çaylar Araz çayının sol qollarıdır. Lənkəran vilayətinin çayları (Viləşçay, Lənkərançay, Təngərüçay, Astaraçay və s.) birbaşa Xəzər dənizinə tökülən çaylardır. Su rejiminin xarakterinə görə, Lənkəran vilayətinin çayları istisna olmaqla, Azərbaycanın çayları yaz-yay gursululuğu və payız daşqınları olan çaylar tipinə aiddirlər. Lənkəran çaylarının su rejimi iki daşqın (yaz və payız) dövrü ilə səciyyələnir. Respublikanın dağ çaylarında sel hadisələri xüsusi yer tutur. Sel hadisələri daha çox Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında müşahidə olunur. Hər 5-10 il təkrar olunan leysan mənşəli güclü sel axınları adətən yay aylarında müşahidə olunur və böyük dağıntılı gücə malikdirlər. Sel kütləsinin birdəfəlik həcmi Böyük Qafqazın cənub yamacı çaylarında 1-1,5 milyon m3-rə çatır.