"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Dövlət quruculuğunun yeni mərhələsi Dövlət quruculuğunun yeni mərhələsi ================================================================================ admin on 31 December, 2009 1991-ci ildə totalitar sovet rejiminin buxovlarından azad olan Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin yeni səhifəsini açan respublikamız kommunist ideologiyasından və siyasi-iqtisadi sistemindən qətiyyətlə imtina edərək, milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində addımlar atmağa başladı. Qanunun aliliyinə və cəmiyyətin bütün üzvlərinin firavan həyatına, azad və sərbəst fəaliyyətinə təminat verən vətəndaş cəmiyyətinin bərqərar edilməsini özünün əsas məqsədlərindən biri kimi bəyan edən Azərbaycan xalqı 1995-ci ildə qəbul etdiyi Konstitusiyada həmin prinsipləri qanunvericilik yolu ilə təsbit etdi. İnsanların ictimai-siyasi şüur və özünüdərkinin yetkinləşməsi sayə-sində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarmı təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur. Yalnız yetkin cəmiyyət və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı. Azərbaycan Respublikası öz Konstitusiyasında irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminat vermişdir. Bu isə ölkəmizdə demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin bərqərar olması ilə üzvi surətdə bağlıdır. Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələrini, erməni separatizmi və Ermənistanın Azərbaycana hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların doğurduğu nəticələri aradan qaldırmaq məcburiyyətində qaldı. Müstəqillik əldə etdikdən sonra ilk illərdə Azərbaycanın zəngin iqtisadi və mənəvi-intellektual potensialından istifadə etməklə, onun siyasi-iqtisadi və strateji mənafelərinə uyğun olan müstəqil dövlətçiliyinin möhkəmləndirilməsi üçün geniş perspektivlər açılsa da, ölkənin hakimiyyət strukturlarının və müxalif siyasi qüvvələrinin yaranmış vəziyyəti düzgün qiymətləndirməməsi, əlverişli imkanlardan səmərəli istifadə etməməsi, ümummilli mənafelərin ayrı-ayrı qrupların cılız iddialarına qurban verilməsi daxili ictimai-siyasi vəziyyəti gərginləşdirdi, ölkənin beynəlxalq mövqelərini zəiflətdi və beləliklə də gənc suveren dövlətin inkişafına ciddi zərbə vurdu. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün getdikcə daha mütəşəkkil xarakter aldığı dövrdə respublikamızda müxtəlif siyasi qruplaşmalara məxsus qanunsuz silahlı dəstələrin yaradılması, hakimiyyət çəkişmələrinin vüsət alması ölkəni qeyri-sabit ictimai-siyasi duruma, anarxiya girdabına sürükləyərək, siyasi və iqtisadi böhranın dərinləş-məsinə, torpaqlarımızın bir-birinin ardınca erməni qəsbkarları tərəfindən işğal olunmasına rəvac verdi. 1991-1992-ci illərdə hökm sürən hərc-mərclik, respublika rəhbərliyinin səbatsız siyasəti və şəxsi iddialarını gerçəkləşdirməyə səy göstərən siyasi qüvvələrin pozuculuq fəaliyyəti sayəsində bir-birini əvəz edən hakimiyyət dəyişiklikləri müstəqillik yolunda kövrək addımlarını atan gənc dövlətin siyasi və iqtisadi dayaqlarını sarsı-daraq, ölkədə gərgin sosial-psixoloji vəziyyət yaratdı. 1992-ci ilin mayında hakimiyyətə gəlmiş AXC-Müsavat nümayəndələri Azərbaycanda yaranmış böhranlı vəziyyətin nəinki qarşısını almadılar, hətta həyata keçirdikləri səriştəsiz siyasət nəticəsində ölkə iqtisadiyyatının, uzun onilliklər ərzində yaranmış intellektual və mədəni sərvətlərin, idarəçilik potensialının talan edilməsinə, milli və vətəndaş qarşıdurmasının güclənməsinə rəvac verdilər. Həmin dövrdə respublikamızın hərbi-siyasi və iqtisadi vəziyyətinin ağırlaşması, siyasi hakimiyyət strukturlarının tamamilə nüfuzdan düşməsi ölkəni bürümüş ictimai-siyasi və iqtisadi böhranın son həddə çatmasına səbəb oldu. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi həddinə çataraq, parçalanma və məhvolma təhlükəsi ilə üz-üzə qaldı. AXC-Müsavat hakimiyyəti özünün bir illik idarəçiliyi müddətində Azərbaycanın müstəqil dövlətçiliyinə ağır zərbələr vurdu, ölkəni dövlət böhranı vəziyyətinə gətirdi və həlledici məsuliyyət məqamında taleyin hökmünə buraxaraq, onun mövcudluğunu şübhə altında qoydu. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqil inkişafı tarixində ictimai-siyasi durumun daha da kəskinləşməsi, müstəqil dövlətçiliyi süquta sürükləyən neqativ təzahürlərin meydana çıxması və təhlükəli xarakter alması dövrü kimi səciyyələndirilə bilər. 1993-cü ilin iyun ayında respublikamızda yaranmış böhranlı vəziyyətin dəf olunması yolunu xalqın geniş təbəqələri dövrün görkəmli siyasi xadimi, zəngin dövlətçilik təcrübəsinə malik parlaq şəxsiyyət Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə qaytarılmasında görürdü. Xalqın bütün təbəqələrinin, xüsusən qabaqcıl ziyalıların təkidli tələbi ilə Heydər Əliyev Azərbaycanın dövlət rəhbərliyinə qayıtmağa razılıq verdi. Böyük səylər nəticəsində qısa bir zamanda ölkədə hakimiyyət boşluğu aradan götürüldü, Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qəsd edən separatçı qüvvələr, cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət aparatı ilə xalqın birliyi təmin olundu. Gəncədəki gərginlik ocağının iyul ayında söndürülməsi ilə ölkədəki ictimai-siyasi böhranın aradan qaldırılması yolunda mühüm addım atıldı. Əlikram Hümbətovun respublikanın cənub bölgəsində vəziyyətin gərginləşməsinə səbəb olmuş cinayətkar hərəkətlərinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi. Avqustun 23-də Heydər Əliyevin Azərbaycan televiziyası ilə xalqa müraciəti ictimaiyyətin səfərbər olunmasında mühüm rol oynadı. Separatçı qüvvələr xalqın təzyiqi altında qaçıb dağılmağa məcbur oldular. Beləliklə, xalqın geniş təbəqələrinin arzularını ifadə edən və onların qətiyyətli dəstəyinə söykənən Heydər Əliyevin ardıcıl səyləri pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması yolunda həyata keçirilən tədbirlər sırasında Prezident Heydər Əliyevin 1993-cü il noyabrın 17-də respublikamızda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatların rəhbərləri ilə keçirdiyi görüş mühüm yer tutur. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, cəbhə bölgəsində yaranmış vəziyyət ətraflı müzakirə edildi. Bu görüş Heydər Əliyev hakimiyyətinin Azərbaycanın ümummilli problemlərinin həlli yolunda ölkənin bütün siyasi qüvvələri ilə səmərəli dialoqun aparılmasına və vətəndaş həmrəyliyinin əldə olunmasına hazırlığını nümayiş etdirən siyasi iradənin təzahürü idi. Bu dövrdə Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri ölkənin ərazi bütövlüyünə və müstəqilliyinə ağır zərbə vuran, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirən bir faktor kimi Ermənistanın təcavüzünün dəf edilməsi və onun vurduğu ağır sosial-iqtisadi və mənəvi yaraları aradan qaldırmaqdan ibarət idi. Azərbaycan ordusunun qurulması sahəsində həyata keçirilən geniş və qətiyyətli tədbirlər onun döyüş qabiliyyətinin yüksəlməsinə və düşmənə layiqli cavab verməsinə imkan yaratdı. 1993-cü ilin sonu - 1994-cü ilin əvvəlində Milli Ordumuzun uğurlu əməliyyatları düşmənin niyyətlərini puça çıxardı. Ermənistan atəşin dayandırılması barədə danışıqlara başlamağa məcbur oldu və 1994-cü il mayın 12-də atəşkəs haqqında razılaşma imzalandı. Hərbi əməliyyatların dayandırılması ilə müharibənin gətirdiyi psixoloji gərginliyin aradan qaldırılması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ölkənin iqtisadi potensialının gücləndirilməsi, sosial problemlərin həlli və münaqişənin dinc yolla tənzimlənməsi üçün zəruri olan ilkin şərait yarandı. 1994-cü ilin sentyabrında dünyanın nüfuzlu neft şirkətlərinin daxil olduğu konsorsiumla imzalanmış "Əsrin müqaviləsi" Azərbaycana iri həcmli kapital qoyuluşuna və respublikamızın digər qlobal beynəlxalq iqtisadi layihələrdə iştirakına yol açdı. Lakin ictimai-siyasi sabitliyin təmin olunması və dövlət quruculuğu yolunda atılan uğurlu addımlar eyni zamanda Öz cılız siyasi iddialarından əl çəkməyən müəyyən daxili səbatsız qüvvələri və onların xarici havadarlarını da hərəkətə gətirdi. Azərbaycanın milli mənafelərinə düşmən kəsilmiş həmin qüvvələr müstəqil dövlətçiliyimizə qarşı açıq çıxış etməkdən çəkinməyərək 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında qanunsuz silahlı dəstələrin iştirakı ilə dövlət çevrilişinə cəhdlər etdilər. Onların bu cəhdləri özlərini müxalifət adlandıran və hakimiyyəti yenidən ələ keçirmək üçün məqam gözləyən siyasi partiyalar və qruplar tərəfindən müdafiə edildi. Nəticədə hərbi-siyasi müxalifətin geniş koalisiyası yarandı. Lakin Heydər Əliyevin qətiyyəti və Azərbaycan dövlət orqanlarının qanuni tədbirləri sayəsində bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Çevriliş cəhdlərinin iflasa uğraması göstərdi ki, Azərbaycan dövləti artıq davamlı olaraq xalqın böyük əksəriyyətinin dəstəyinə arxalanır. Bununla da 90-cı illərin əvvəllərindən formalaşmış və ölkəmizin imicinə güclü ziyan vurmuş praktikaya – silahlı qüvvələrdən istifadə edərək, zor tətbiqi yolu ilə hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycan dövləti öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Dövlətin dayaqlarının möhkəmlənməsi və ictimai-siyasi sabitliyin bərqərar edilməsi dövlət quruculuğu işlərinin, əsaslı sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsinə imkan yaratdı. Məhz bu dövrdən etibarən, Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu vəzifələrinin yerinə yetirilməsi istiqamətində köklü siyasi, sosial-iqtisadi və hüquqi islahatların ardıcıl şəkildə həyata keçirilməsi başlandı. Qanunçuluğun möhkəmlənməsi, sosial-psixoloji gərginliyin tədricən aradan qalxması, cəmiyyətdə baş verən proseslərin gerçək demokratik müstəviyə keçirilməsi müstəqil dövlətin siyasi və hüquqi əsaslarının möhkəmləndirilməsi sahəsində ciddi və cəsarətli tədbirlər görülməsi ilə müşayiət olunurdu. Xalqın yüksək siyasi mütəşəkkilliyi şəraitində, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasında ilk parlament seçkiləri keçirildi. Elə həmin gün referendum yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Konstitusiya Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyəti qurulmasının əsas istiqamətlərini və hüquqi prinsiplərini müəyyən etdi. Çoxpartiyalılıq əsasında seçilmiş ilk demokratik parlament həmin prinsiplərin gerçəkləşməsi yolunda atılan mühüm addım oldu. Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizdə həyata keçirilən demokratik islahatların qanunvericilik bazasının yaradılması sahəsində məhsuldar işləməklə ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, yeni siyasi-iqtisadi sistemin qurulmasına öz töhfəsini verdi. Azərbaycan dövləti on illik müstəqil inkişaf tarixində vətəndaş cəmiyyətinin qurulması istiqamətində müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçmişdir. Yeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan Ermənistanın hələ də davam etməkdə olan hərbi təcavüzünə və onun ağır nəticələrinə baxmayaraq, bütün potensialını səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə etmişdir. Vətəndaş cəmiyyətinin qurulmasında hakimiyyət orqanları ilə cəmiyyət, konkret fərdlər arasında qarşılıqlı əlaqənin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ötən on il ərzində bu mühüm vəzifəni yerinə yetirmək üçün cəmiyyət tərəfindən hakimiyyət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarət mexanizminin təkmilləşdirilməsi sahəsində ciddi tədbirlər görülüb. Vətəndaş cəmiyyətinin təməl daşını təşkil edən seçki qanunvericiliyi demokratikləşdirilib və beynəlxalq standartlara uyğunlaşdırılıb. Xalq hakimiyyətinin əsasında duran konstitusiya prinsiplərinin reallaşması, məhz seçki qanunvericiliyindən asılıdır. Ona görə də Azərbaycan dövləti onun demokratik prinsiplər əsasında daha da təkmilləşməsinə xüsusi diqqət yetirib. 1998-ci ildə prezident seçkiləri haqqında, 1999-cu ildə bələdiyyə orqanlarına, 2000-ci ildə isə Milli Məclisə seçkilər haqqında qanunlar parlamentdə geniş müzakirə olunmuş, ictimai-siyasi qurumların, o cümlədən, müxalifət partiyalarının təklif və qeydləri nəzərə alınmış, nəticədə həmin sənədlər nüfuzlu beynəlxalq təşkilatların ekspertizası zamanı müsbət rəy alaraq həyata vəsiqə qazanmışdır. Bələdiyyələrə 1999-cu ildə, Milli Məclisə isə 2000-ci ildə keçirilmiş seçkilərdə namizədlərin hamısına bərabər şəraitin yaradılması, siyasi partiyaların seçkilərdə iştirakına mane olan bütün sədlərin aradan qaldırılması, seçicilərin öz iradəsini azad, demokratik və obyektiv ifadə etməsi üçün zəruri tədbirlərin görülməsi respublikamızın demokratiya və vətəndaş cəmiyyəti yolunda ardıcıl surətdə irəliləməsinin real təzahürü oldu. Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olmuşdur. Ötən dövr ərzində respublikamızda vətəndaş cəmiyyətinin prinsiplərini praktikada reallaşdıran yüzlərlə ictimai təşkilat yaranıb. Ölkənin inkişafında tədricən daha fəal iştiraketməyə başlayan ictimai qurumlar əhalinin müxtəlif təbəqələrinin maraqlarını ifadə edərək, dövlət-cəmiyyət-vətəndaş münasibətlərində ahəngdar əlaqələrin təmin edilməsində mühüm yer tutur. Müəyyən obyektiv səbəblərə görə dövlətin tez bir zamanda həll edə bilmədiyi bir sıra həyati problemlərin həllinə kömək missiyasını öz üzərinə götürən, insanları daha fəal, müstəqil və sərbəst fəaliyyətə alışdıran ictimai qurumları vətəndaş cəmiyyətinin təşəkkül tapmasında və inkişafında mühüm vasitə və demokratiyanın atributları kimi qiymətləndirən Azərbaycan dövləti onların azad fəaliyyəti üçün hərtərəfli şərait yaratmışdır. Vətəndaş cəmiyyətinin formalaşmasında əsas və ən mürəkkəb vəzifələrdən biri vətəndaşların demokratik düşüncə tərzinin və hüquqi təfəkkürünün, söz və vicdan azadlığının bərqərar olmasıdır. Totalitar communist rejiminin və ideologiyasının davamlı təsirindən xilas olmuş və demokratik dövlət quruculuğu yoluna çıxmış cəmiyyətdə insanların milli və ümumbəşəri dəyərləri azad, obyektiv və hüquqi müstəvidən çıxış edərək qiymətləndirməsi üçün yeni düşüncə tərzinin formalaşmasına və ona təsir edən zəruri şəraitin yaradılmasına müəyyən zaman tələb olunur. Azərbaycanda görülmüş işlər artıq bu sahədə mühüm dəyişikliklərin baş verdiyini təsdiq edir. Təhsil sistemini əhatə edən hüquqi tədris proqramları və dərslikləri hazırlanıb, əhalinin hüquqi məsləhət almasına geniş imkan verən digər şəbəkələr daha da inkişaf etdirilir. Dövlət vətəndaşların hüquqi cəhətdən maariflənməsi üçün istifadə olunan müxtəlif formaları, o cümlədən hüquqi məsələlərə həsr olunmuş radio və televiziya verilişlərinin təşkil edilməsini, xüsusi nəşrlərin dərc olunmasını və hüquqi biliklərin yayılmasının digər formalarını fəal şəkildə dəstəkləyir. Bu sahədə fəaliyyət göstərən ayrı-ayrı vətəndaşların və ictimai qurum-ların təşəbbüsləri daim dövlət tərəfindən diqqət mərkəzində saxlanılıb və müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə zəruri hüquqi bazanın yaradılmasına xüsusi əhəmiyyət verilib. Ölkəmizdə müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının azad nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürüdür. Bu isə demokratik cəmiyyətin formalaşması üçün zəruri olan təsisatların və hüquqi bazanın yaradılması sahəsində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasətin sayəsində əldə edilmişdir.