Müstəqilliyin ilk illərində daxili siyasi vəziyyət (1991-1993-cü illər): 4. Vətəndaş müharibəsi vəziyyəti. Qurtuluş hərəkatının başlanması

Şrift ölçüsü: Decrease font Enlarge font

Xalq bütün ümidini iqtidarın hər vəchlə hakimiyyətdən uzaqlaşdırmağa çalışdığı Naxçıvan MR Ali Məclisinin sədri, dünyada ağıllı və tədbirli bir siyasətçi kimi tanınmış Heydər Əliyevə bağlamışdı.

Fəaliyyətinin ilk dövründə xalqın azadlıq mübarizəsində iştirak edən AXC Heydər Əliyev tərəfindən dəstəklənirdi. Lakin hakimiyyəti ələ keçi-rəndən sonra AXC bu böyük şəxsiyyətin xalq içərisindəki nüfuzundan qorxaraq, ona qarşı mübarizəyə başladı. 

1992-ci ilin iyunundan Naxçıvan MR-ə elektrik enerjisi verilməsi dayandırıldı, iyul ayından da buraya qatarların hərəkəti kəsildi, Naxçıvan MR blokada vəziyyətinə düşdü.

Heydər Əliyev çox ağır bir şəraitdə Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. 1992-ci ilin mart ayında S. Dəmirəl ilə görüşüb danışıqlar apardı. Türkiyə Naxçıvana ərzaq, toxum, lazımi avadanlıq göndərdi. Naxçıvan MR Türkiyə elektrik şəbəkəsinə qoşuldu. 1992-ci il mayın 28-də Naxçıvan ilə Türkiyə arasında Sədərək-Dilucu "Ümid" körpüsü açıldı. 1992-ci ilin avqustunda Heydər Əliyev İran İslam Respublikasının prezidenti ilə görüşüb Naxçıvanın ehtiyaclarının ödənilməsi ilə bağlı razılaşmalar əldə etdi. Naxçıvanı İranla birləşdirən yeni körpü açıldı. Naxçıvana İrandan elektrik enerjisi verildi.

Heydər Əliyevin rəhbərliyi altında Muxtar Respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı. İqtisadi islahatlar keçirildi, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradıldı. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verildi. 

Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan MR-də hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. 1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi yerli qurumlarına məxsus silahlı dəstələr Daxili İşlər Nazirliyi binasını, televiziya studiyasını ələ keçirdi. Qiyamçılar televiziya ilə xalqa müraciət edib mövcud hakimiyyət əleyhinə bəyanatlar verdilər. Lakin naxçıvanlılar onları müdafiə etmədilər. Əhalinin böyük əksəriyyəti Heydər Əliyevin çağırışı ilə ayağa qalxdı. Silahlılar dövlət idarələrindən qovulub çıxarıldı. Naxçıvan MR Ali Məclisinin sessiyası iqtidarın bu respublikanın statusunu ləğv etmək kimi məsuliyyətsiz cəhdini də rədd etdi. 

Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda iqtidarda olan və olmayan Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə, hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi. Güc orqanlarına nəzarəti ələ almaq üçün Rəhim Qazıyev və Surət Hüseynovun orduya, İsgəndər Həmidovun Daxili İşlər Nazirliyinə rəhbərlikdən uzaqlaşdırılması siyasi gərginliyi daha da artırdı. Müxalifət-iqtidar qarşıdurması siyasiləşmiş orduya, cəbhədəki vəziyyətə xüsusən mənfi təsir edirdi. 

Gəncədə 1993-cü il iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan bir qrup zabit "hərbi birlik" yaratmışdı. Onlara Surət Hüseynov rəhbərlik edirdi. 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi. 

Parçalanma prosesi başlanmışdı. Bu vaxt Əlikram Hümbətov ona tabe olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında hakimiyyəti ələ almağa, "respublika" yaratmağa çalışırdı. "Ləzgistan dövləti" qurmaq xülyasında olan separatçı "Sadval" təşkilatının silahlı quldurları şimal-şərq bölgəsində təxribatlar törədirdi.  

İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökumət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. İki qardaş üz-üzə dayandı. 709 saylı hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar daha fəal hərəkət etdilər, onlar qan tökmək istəməyən qvardiyaçıları şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər. Qırğında 35 nəfər həlak oldu, 135 nəfər yaralandı. 1200 döyüşçü, habelə respublika prokuroru girov götürüldü. Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxınlaşdılar. İyunun 14-də Navahı yaxınlığında ordular üz-üzə dayandı. Danışıqlar nəticəsində qiyamçıları Lökbatan yaxınlığında və Şamaxı yolunun 75 kilometrliyində saxlamaq mümkün oldu. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular.  

Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Respublikanın müstəqilliyini əlindən almaq istəyən nüfuzlu imperiyapərəst qüvvələr, onların yerli əlaltıları iqtidarın fərasətsizliyindən məharətlə istifadə edir ölkəni parçalamağa, vətəndaş müharibəsi törətməyə çalışırdılar. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı - alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər, əmək adamları, siyasətçilər "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. 

Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. Yeni Azərbaycan Partiya-sının bəyanatında (21 noyabr 1992-ci il) qeyd olunurdu ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivilizasiyalı demokratik hüquqi dövlət, əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar uğrunda mübarizə aparmaqdan ibarətdir.  

Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmaq təkliflərini qəbul etməsə də, müdrik məsləhətləri ilə xalqı yaxınlaşan böyük fəlakətdən qurtarmaq üçün iqtidara, siyasətçilərə düzgün yol göstərməyə çalışırdı.  

AXC-Müsavat iqtidarı uzun müddət bu məsləhətlərə məhəl qoymayıb öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi.

Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.  Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi. Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı.  

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.  

Öz siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, ictimai-siyasi pərakəndəlik vəziyyətinə gətirib çıxarmış AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi: bəziləri qaçıb gizləndi, bəziləri fəaliyyətini "dondurdu". 

İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. Ona dəfələrlə geri qayıdıb ölkəyə rəhbərlik etmək təklif olunsa da, hər dəfə, faktiki olaraq rədd cavabı alındı. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az