Müstəqilliyin ilk illərində daxili siyasi vəziyyət (1991-1993-cü illər): 3. Siyasi böhranın dərinləşməsi

Şrift ölçüsü: Decrease font Enlarge font

Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi bu təşkilatın daxildən parçalanmasını və zəifləməsini daha da sürətləndirdi. AXC fəlakətinin əsas səbəbi xalqın rifahı naminə cəmiyyəti yeniləşdirmək yollarını göstərən konstruktiv proqramın olmaması, əsa-sən, populistlərə arxalanıb, ağıllı siyasətçiləri, aparıcı ziyalıları özündən uzaqlaşdırması idi. 

Bu zaman siyasət səhnəsinə onlarla yeni partiya və hərəkat atılmışdı. Hələ 1991-ci ilin payızında "Azərbaycan Qarabağa nicat cəmiyyəti", "Azərbaycan islam partiyası", "Vahid Azərbaycan uğrunda mübarizə ittifaqı", "Azərbaycanın Gənc Sosial-Demokratik Təşkilatı", AXC yanında "Gənc Türklər Təşkilatı", 1992-ci ilin yayında "Azərbaycan Milli İstiqlal Partiyası", "Türk Dünyası Birliyi Partiyası", "Çağdaş Turan Partiyası" yaranmış, həmin ilin payızında "Müsavat" partiyasının bərpa qurultayı keçirilmiş, "Yeni Azərbaycan Partiyası" təşkil edilmiş, "Boz Qurd" partiyası fəaliyyətə başlamışdı. 1993-cü ilin yayında "Azərbaycan Demokratik İstiqlal", "Azərbaycan Xalqlarının Bərabərliyi" partiyaları təşkil olunmuşdu. 

1993-cü ilin ortalarında respublikada 30-a qədər siyasi partiya, cəmiyyət və hərəkat fəaliyyət göstərirdi. Onların arasında xaricdəki soydaşlarla mədəni əlaqələr - "Vətən" cəmiyyəti, Azərbaycan Mədəniyyət Fondu, "İnkişaf" assosiasiyası, xüsusən onun Z. Tağıyev adına xeyriyyə fondu, "Bakılı" cəmiyyəti, "Bakı incəsənət mərkəzi" və b. seçilirdi. Milli azlıqların ictimai-mədəni-siyasi təşkilatları, o cümlədən "Rus" icması,  "Sodrujestvo" cəmiyyəti, "Slavyan Mədəniyyət mərkəzi", "Samur" ləzgi milli mərkəzi, "Avar cəmiyyəti", kürd, tat, tatar, talış və s. icmaları, habelə müxtəlif dini icmalar formalaşmağa başladı. 

1992-ci ilin fevralında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təsis edildi.

Əhalinin təşkilatlanma tələbinin yüksəldiyi belə bir dövrdə meydana gəlmiş siyasi qüvvələrin marağını nəzərə almamaq AXC - Müsavat cütlüyünün ciddi qüsuru idi. 

Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə respublikada siyasi və iqtisadi böhran dərinləşdi. İdarəçilik işinə əsasən təcrübəsiz, siyasi cəhətdən qeyri-yetkin adamlar gətirildi. Dövlətçilik dağılmağa başladı. 

Hakimiyyəti ələ keçirənə qədər addımbaşı demokratiyadan dəm vuranlar rəhbərliyi müxtəlif siyasi ambisiyalı fərasətsiz siyasətbazlara verməklə güc orqanlarına nəzarəti, demək olar ki, itirmiş, ölkədə qanunsuzluq, hərki-hərkilik daha da dərinləşmişdi. Ən təhlükəli hal orduya rəhbərliyin əldən verilməsi idi. Rəhim Qazıyev ordudan öz məqsədi üçün istifadə etməyə çalışırdı. Daxili İşlər nazirliyini ələ keçirmiş İsgəndər Həmidov öz tərəfdarları hesabına polisin sayını 10 min nəfərdən çox artırmışdı.  

"SSRİ hərbi əmlakının bölüşdürülməsi haqqında" 1992-ci il 15 may tarixli Daşkənd müqaviləsinə əsasən 4-cü ordunun silahlarının təhvil verilməsi Azərbaycanın ordu təchizatını nisbətən yaxşılaşdırdı. Operativ-faktiki işlər aparıldı. Bakı Ali Ümumqoşun (1991, 17 dekabr) və Ali Hərbi Dənizçilik məktəbləri (1992, 3 iyun) Müdafiə Nazirliyinə verilmişdi. Bakı Ali Ümumqoşun Komandirləri məktəbi Bakı Ali Birləşmiş Komandirlər məktəbi adlandırıldı. Kiçik hərbi mütəxəssislərin hazırlanması üçün iyunun 1-dən Goran təlim mərkəzi bazası ayrıldı.  

Azərbaycan hərbi hava qüvvələri Səngəçalda yerləşən MDB aviasiya hissəsi texniki bazasında yaradıldı. Hissənin texnikası hələ 1991-ci ilin sonlarından çıxarılmağa başlamışdı. Lakin burada xidmət edən azərbaycanlı zabitlərin sayıqlığı sayəsində hissədə olan 9 Mİ-24 vertolyotunun hamısı respublikada qaldı. Sonra MDB ölkələri rəhbərləri müşavirəsinin qərarına əsasən hissənin vertolyotları və texnikası Azərbaycan Müdafiə Nazirliyinə verildi. Fevralın 20-də ilk Azərbaycanaviaeskadrilyası təşkil edildi və həmin gün Azərbaycan tarixinə hərbi hava qüvvələri günü kimi daxil oldu. 1992-ci ilin iyununda bu eskadrilya əsasında ilk aviapolk yaradıldı.  

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası hərbi dəniz qüvvələri qərargahı, mühafizə və təminat rotası yaradıldı.  

MDB qoşunları komandanlığı hərbi dəniz qüvvələri Baş qərargahı ilə danışıqlar nəticəsində aprelin 15-də "Xəzər donanması qüvvə və vasitələrinin bir hissəsinin Azərbaycan Respublikasına verilməsi şərtləri və prinsipləri haqqında protokol" imzalandı.  

Donanmanın qüvvə və vəsaitinin 25 faizi Azərbaycan Respublikasının ixtiyarına keçdi. İyunun 26-da "Bakı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırıldı.

Lakin respublikada yenə də Müdafiə Nazirliyi strukturuna daxil olmayan müxtəlif müdafiə komitələrinə və şuralarına aid çoxlu silahlı dəstələr fəaliyyət göstərirdi. 

Düşmənin himayədarları tərəfindən daha yaxşı silahlandırılmasına, təcrübəli hərbçilərə malik olmasına baxmayaraq, Azərbaycanın igid, qeyrətli oğulları qəhrəmancasına döyüşür, ana vətəni son damla qanlarına qədər müdafiə edirdilər. 1992-ci ildə yay hərbi əməliyyatları yeni yaranan Azərbaycan Ordusu üçün müvəffəqiyyətli oldu. 

Azərbaycan Ordusu xüsusi təyinatlı polis dəstələrinin köməyi ilə vətən torpaqlarının bir hissəsini düşməndən təmizləyə bildi. 1992-ci il iyunun 12-də Azərbaycan Ordusu Ağdərədə irimiqyaslı hücuma başladı. İyul-avqust aylarında Azərbaycan Ordusunun Tərtər və Ağdam bölgələrinin qəhrəman döyüşçüləri Ağdərə rayonunu, demək olar ki, düşməndən təmizlədi. Goranboy bölgəsinin düşmən əlinə keçmiş torpaqları tam azad edildi. Avqustun əvvəllərində erməni hərbçiləri Başkənd yaşayış məntəqəsindən qovuldu. 

Avqust ayında Azərbaycan Ordusunun cənub bölmələri də hücuma keçib ermənilərin Xocavənddəki böyük silah və sursat anbarını partlatdılar. Hərbi hissələr iki tərəfdən hücum edib düşmən əlinə keçmiş kəndləri azad etməyə, Ermənistanla Yuxarı Qarabağ arasındakı "dəhliz"i xeyli daraltmağa müvəffəq olmuşdular. Düşmən ciddi müqavimət göstərir, qanlı döyüşlərdə torpaqlar, yaşayış məntəqələri dəfələrlə əldən-ələ keçirdi. 

Azərbaycan Ordusu hərbi hissələrini Yuxarı Qarabağı erməni quldurlarından təmizləmək əməliyyatından yayındırmaq üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının sərhəd bölgələrinə etdiyi güclü hücumlar da müvəffəqiyyətlə dəf olunurdu. 

Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan Respublikasına təzyiq göstərib onu MDB-yə qoşmaq, ordularını yenidən Azərbaycana yeritmək üçün Rusiya artıq açıqca erməni tərəfini dəstəkləməyə başlamışdı. İmperiyapərəst dairələrin əlaltıları olan müdafiə naziri Rəhim Qazıyev və guya onu neytrallaşdırmaq üçün prezidentin korpus koman-diri və Qarabağda səlahiyyətli nümayəndə təyin etdiyi, "Milli Qəhrəman" adı verdiyi Surət Hüseynov, hərəsi bir tərəfdən, cəbhədə təxribat işini gücləndirdilər, ordunun müvəffəqiyyətlə gedən əməliyyatları dayandırıldı. Geriləmə başladı. Sentyabrın əvvəllərində Ağdam cəbhəsində böyük strateji əhəmiyyəti olan Abdal-Gülablı, Paprəvənd, Çinli, Yeddixırman yüksəklikləri xəyanət nəticəsində itirildi. Ordu quruculuğuna operativ rəhbərlik etmək üçün 1992-ci ilin sentyabrında Müdafiə Nazirliyində yaradılmış Hərbi Şura da vəziyyəti nizamlaya bilmirdi. 

Ermənistanın silahlı qüvvələri 1992-ci il dekabrın 10-da Azərbaycanın Qubadlı və Zəngilan rayonlarına soxulub bir neçə kəndi ələ keçirdi və yandırdı. Eyni zamanda düşmən Tovuz və Gədəbəy istiqamətində hücum etdi. Azərbaycan Ordusu və polis qoşunları onu geri oturda bildi. Cavab olaraq Ermənistan ərazisindəki hərbi bazalar atəşə tutuldu. 

Lakin düşmən öz himayədarlarının hərbi köməyi ilə yenidən güclü hücuma keçdi. 1993-cü il fevralın 5-ə keçən gecə Yuxarı Qarabağda Ermənistan ekspedisiya korpusu Rusiyanın 7-ci ordusu 128-ci motoatıcı alayının və muzdla tutulmuş əsgərlərin, əsasən, kazakların iştirakı ilə Ağdərə bölgəsinə hücuma başladı. Ağdam bölgəsinin Şelli və Erki isti-qaməti güclü atəşə tutuldu. Canyataq və Gülyataq kəndlərinə düşmən həmləsi gücləndi. Bir az əvvəl Rusiya açıq şəkildə ultimativ formada Azərbaycana bildirmişdi ki, o, ya rus qoşununun köməyindən istifadə edib MDB-yə üzv olmalı, ya da yalnız öz ordusuna arxalanmalıdır. Azərbaycan dövləti bu təklifdən imtina etdi. Qəsbkarlar martın 10-dək Ağdərə bölgəsinin Ağdərə şəhərinə qədər bir çox yaşayış məntəqələrini ələ keçirdilər. Martın axırlarında düşmən həm Ermənistan, həm də Ağdərə tərəfdən Kəlbəcəri güclü atəşə tutdu. Rayonun müdafiəsi təşkil edilməmişdi, əksinə, hərbi bölmə və texnikanın bir hissəsi rayondan çıxarılmışdı. Bu, bir tərəfdən, satqın ordu rəhbərlərinin, ilk növbədə Surət Hüseynovun Rusiya imperiyapərəst qüvvələrinə nökərçilik etməsi, başqa tərəfdən, respublika rəhbərliyinin Kəlbəcərə açıq-aşkar Ermənistan ərazisindən hücum ediləcəyinə inanmamağının nəticəsi idi. Çünki Ermənistan Azərbaycana qarşı müharibə aparsa da, aşkar şəkildə bunu etiraf etmir, müharibənin guya Dağlıq Qarabağ yaraqlıları tərəfindən aparıldığını iddia edirdi. Bu addım Ermənistanın bilavasitə işğalçı olduğunu sübuta yetirirdi. Lakin böyük dövlətlərin hadisələrə birtərəfli, subyektiv münasibəti və ermənilərin dünya ictimaiyyətini aldatmaq, azdırmaq sahəsində "uğurları" o həddə çatdı ki, Ermənistan açıq-aşkar işğalçılıq addımı atmaqdan da çəkinmədi. 

Aprelin 3-də Kəlbəcər düşmənin tərəfindən işğal olundu. Azərbaycan silahlı qüvvələri geri çəkilərkən respublika rəhbərliyinin laqeydliyi üzün-dən əhalinin hamısını bölgədən vaxtında çıxarmaq mümkün olmadı. 15 min nəfərə qədər sakin erməni faşistlərinin əlinə keçdi. Ermənilər işləyə bilməyən qocaları, uşaqları yerindəcə güllələyirdilər. Evlər, müəssisələr, təsərrüfatlar qarət edilir, mal-qara sürülüb aparılırdı.  

AXC-Müsavat iqtidarı, əvvəlki iqtidar kimi, səriştəsiz xarici siyasəti ilə Azərbaycanın beynəlxalq mövqelərini daha da zəiflətdi. Doğrudur, Azərbaycan Respublikası 1992-ci ilin iyununda Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Birliyinin təsisçilərindən biri olmuş, 1992-ci ilin iyulunda 1975-ci il Helsinki Yekun Aktına, 1992-ci il Helsinki sənədinə qoşulmuşdu. 1992-ci ilin yazında ATƏM-in Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Minsk qrupu təşkil edilmişdi. Mövcud iqtidar isə bu geosiyasi məkanda və respublikanın sərvətlərində marağı olan bütün xarici siyasi qüvvələri nəzərə alıb, qarşılıqlı şəkildə neytrallaşdırmaq əvəzinə məsuliyyətsiz bəyanatlar verir, qonşu dövlətlərlə münasibətləri daha da kəskinləşdirirdi. Azərbaycan Respublikası Rusiya kəşfiyyatçılarının və hərbi diplomatlarının əlində oyuncağa çevrilmişdi. Azərbaycanı Ermənistanı blokadaya salmaqda günahlandıran ABŞ konqresi 1992-ci ilin oktyabrında "Azadlığı müdafiə aktı"na 907 saylı əlavə ilə Azərbaycana dövlət səviyyəsində yardım göstərilməsinə ciddi məhdudiyyətlər qoydu. Bu hadisələr iqtidarı tam nüfuzdan saldı.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az