Müstəqilliyin ilk illərində daxili siyasi vəziyyət (1991-1993-cü illər): 2. Hakimiyyət boşluğunun yaranması
Fevralın sonunda Xocalı faciəsi törədildi. Şəhər uzun müddət mühasirədə olmuş, Respublika rəhbərliyinin cinayətkar laqeydliyi üzündən müdafiə işləri lazımınca təşkil edilməmişdi. Xocalı ərazi özünümüdafiə batalyonu heç bir zirehli texnika ilə silahlanmamışdı. Ona Şıx briqadası batalyonunun cəmi 20 nəfərdən ibarət minaatanlar batareyası kömək edirdi.
Fevralın 25-də axşam saat 9-da erməni hərbi birləşmələri, Rusiya ordusunun Xankəndindəki 366-cı mexanikləşdirilmiş atıcı alayı, xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar uzun müddət mühasirədə olan Xocalıya hücum etdilər. İlk zərbə şəhərin yaxınlığındakı hava limanına vuruldu. Şəhərin müdafiəçiləri azsaylı və pis silahlanmış olsalar da, mərdliklə vuruşdular. Xüsusi təyinatlı milis dəstələrinin komandiri, milis mayoru Əlif Hacıyev döyüşdə xüsusilə fərqləndi. Onun rəhbərlik etdiyi 22 nəfərlik dəstə düşmənin hava limanına güclü hücumlarını üç dəfə dəf etdi. Lakin qüvvələr bərabər deyildi. Ə. Hacıyev vəziyyətin çıxılmaz olduğunu görəndə hava limanının dispetçer məntəqəsini partladaraq düşmən əlinə keçməsinə imkan vermədi. Sonrakı döyüşlərdə igid komandir yaralanıb qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Güclü artilleriya hazırlığından sonra düşmən tankları, zirehli maşınlar şəhərə soxuldu, küçə döyüşləri başlandı. Cəsur komandir Tofiq Hüseynovun rəhbərlik etdiyi batalyonun 150-ə qədər döyüşçüsü qat-qat güclü olan yağı düşmənlə qəhrəmancasına vuruşdular. Tofiq düşmənlə üç gün, üç gecə son nəfəsinədək döyüşdü, yağıları azdırıb onlarca adamın mühasirədən çıxmasına imkan yaratdı. Axırda özü mühasirəyə düşdü. O, düşmənin təslim olmaq tələbinə məhəl qoymayıb son gülləni özünə vurdu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Xocalı döyüşündə yüzlərlə adam həlak oldu, yaralandı, əsir götürüldü, şəhər yandırıldı. Sağ qalanların bir hissəsi, əsasən qadınlar, qocalar və uşaqlar şəhərin şimal-şərq istiqamətində iki yolla Ağdama tərəf qaçmağa başladılar. Qarlı, şaxtalı gecəni ayaqyalın, başıaçıq meşədə keçirən qadınların çoxunu don vurdu, yaralıların bir hissəsi tab gətirməyib öldü. Qalanları səhərisi gün Xocalıdan 6-7 km aralı Qaraqaya adlı yerdə meşə-dən çıxarkən pusquda durmuş erməni faşistləri tərəfindən gülləbaran edildilər.Yüzlərlə köməksiz qadın, qoca, uşaq həlak oldu. Xilas olaraq Abdalı-Gülablı kəndinə getməyə çalışan qaçqınları da düşmən mühasirəyə alıb atəşə tutdu. Çoxları əsir götürüldü. Erməni quldur dəstələri yaralılara işgəncə verir, meyitləri eybəcər hala salır, baş dərisini soyur, qadın və qızları təhqir edirdilər.
Xocalı qırğını XX əsrin ən böyük faciələrindən biri oldu. Rusiyanın imperiyapərəst dairələri Azərbaycanda öz təsirini saxlamaq üçün təxribatlara rəvac verdi. Lakin uzun müddət düşmən əhatəsində qalmış şəhərə lazımi kömək göstərməyən, erməni və rus hərbi birləşmələrinin geniş hücuma hazırlığı haqqında məlumat aldıqdan sonra belə əhalini təhlükəsiz yerlərə köçürmək üçün təcili tədbirlər görməyən respublika rəhbərliyi, habelə hakimiyyət uğrunda mübarizədə Qarabağ problemin-dən istifadə edib siyasi kapital toplamağa çalışan siyasətbazlar da bu faciədə günahkar idilər. Xocalı faciəsi ölkədə siyasi gərginliyi daha da artırdı. Ali Sovetin binası qarşısında çoxminli izdihamlı mitinqə toplaşmış xalqın tələbi ilə parlamentin 1992-ci il martın 5-6-da keçirilən fövqəladə sessiyasında Mütəllibov istefa verməyə məcbur oldu.
Hakimiyyətdə boşluq yaranmışdı, onu ələ keçirmək, revanş almaq istəyən qüvvələr siyasi vəziyyəti daha da gərginləşdirməyə çalışırdılar. Parlament spikeri Yaqub Məmmədovun prezident səlahiyyətlərini daşıdığı dövrdə elan olunmuş prezident seçkiləri bu mübarizəni daha da qızışdırmışdı.
Səbir kasası dolmuş xalq Heydər Əliyevin hakimiyyətə qayıtmasına xilas yolu kimi baxır, Konstitusiyanın 121-ci maddəsinin prezident seçil-məsi üçün yaş senzi müəyyən edən 2-ci bəndini dəyişməyi tələb edirdi. Mərkəzi Seçki Komissiyasına bu məzmunda minlərlə adamın imzası olan saysız-hesabsız protokollar və müraciətlər daxil oldu. Aprelin 25-dən bu tələblə respublikanın hər yerində piketlər, mitinqlər keçirilirdi.
İctimai bazası zəif olan, lakin cəbhələrdə vəziyyətə əsaslı təsir etmək imkanına malik silahlı dəstələrə arxalanan qüvvələr çəkişməsinin növbəti qurbanı Şuşa və Laçın oldu.
Şuşaya güclü hücum gözlənilirdi. Vəziyyət 1992-ci ilin martında Müdafiə Şurasında müzakirə olunmuşdu.Lakin əməli iş, demək olar ki, görülmürdü. Şəhər uzun müddət mühasirədə qalmışdı. Lazımi silah və sursatlarla təmin olunmurdu. Rusların 336-cı polkunun 180 hərbi mütəxəssisinin ağır texnika ilə birlikdə ermənilər tərəfə keçməsi məlum idi. Şuşanın müdafiəsində isə cəmi 24 ağır texnika dururdu. Düşünülmüş müdafiə planı yox idi.
Milis silahlı qüvvələri komandanlığı ilə ordu hissələri komandanlığı arasında tabeçilik münasibətləri müəyyənləşdirilməmişdi. 1992-ci ilin martında müdafiə naziri vəzifəsini ələ keçirmiş, Rusiyanın imperiyapərəst qüvvələrinin əlində oyuncaq olan Rəhim Qazıyev hakimiyyəti tutmaq, ölkədə hərbi diktatura yaratmaq üçün siyasi vəziyyəti daha da gərginləşdirmək məqsədilə burada vahid komandanlıq yaranmasına mane olurdu.
Bununla yanaşı, ordu zabitlərinin çoxunun hazırlıqsız, nizam-intizamsız olması da uğursuzluqlarda az rol oynamamışdı. Hərbi rabitə bərbad vəziyyətdə idi. Hücum ərəfəsində xeyli döyüşçü qısa müddətli məzuniyyətə buraxılmışdı. Şuşa batalyonunda ştatda 1500-ə yaxın döyüşçü olduğu halda şəhərdə cəmi 500 döyüşçü vardı.
Mayın 7-dən 8-ə keçən gecə düşmən şəhəri güclü artilleriya atəşinə tutdu. Bu hücumda düşmənin 80-ə yaxın T-72 tankı, 6000-ə yaxın döyüşçüsü iştirak edirdi. Ermənilərin tərəfində xaricdən muzdla tutulmuş döyüşçülər də vuruşurdu.
Qəribə burasıdır ki, ermənilərin hücumundan bir qədər əvvəl Azərbaycana məxsus hərbi texnika Şuşadan çıxarılmış, xüsusi milis dəstəsi döyüşçüləri şəhəri tərk etmişdilər. Minalanmış sahələr zərərsizləşdirilmişdi. Mayın 9-da səhər saat 5-də şəhər ətrafında olan postların əksəriyyəti artıq tutulmuşdu. Ön mövqelərdə duran əsgərlər düşmənə qarşı qəhrəmanlıqla vuruşurdular. Lakin şəhərin müdafiəçilərinə köməklik göstərilmədi. Axşama yaxın "köməyə gələn" vertolyot asfalt zavodu yaxın-lığında səhvən öz mövqelərimizi atəşə tutdu, bir PDM-i məhv etdi.
"Qayabaşı" adlanan yerdə mövqe tutan müdafiə batalyonunun əsgərləri son nəfəsədək vuruşdular. 40 nəfər şəhid oldu. Mühasirəyə düşüb əlacsız qalmış 38 döyüşçü özünü öldürdü. Digər müdafiə dəstələri axşama qədər müqavimət göstərdilər. 30-40 nəfərdən başqa şəhərdə heç kim qalmamışdı. Axşam onlar da müdafiəni dayandırmağa məcbur oldular. Şuşa süqut etdi. Döyüşlərdə 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı.
Şuşanın süqutu, mayın ortalarında milli hərbi hissələrin Laçını tərk etməyə başlaması siyasi vəziyyəti daha da gərginləşdirdi. Tərəfdarları eks-prezidenti mayın 14-də parlament sessiyasında yenidən öz vəzifəsinə qaytardılar. A. Mütəllibov dərhal ölkədə fövqəladə vəziyyət tətbiqi haqqında fərman verdi.
Lakin demokratik qüvvələr parlamentin 14 may tarixli qərarını konstitusiyaya zidd hesab etdilər və onu yenidən totalitarizmə qayıdış kimi qiymətləndirdilər. Bakıda AXC-nin qərargahı qarşısında etiraz mitinqi başlandı. Rəsmi hökumət isə fövqəladə vəziyyət haqqında qanuna uyğun tədbirlər həyata keçirə bilmədi. AXC-yə tabe olan hərbi hissələr cəbhə bölgələrindən Bakıya gətirilmişdi. Xalq Cəbhəsi Parlamentə öz qərarını ləğv etmək tələbi ilə ultimatum verdi. Ultimatum müddəti qurtarandan sonra mitinqçilər hərbçilərin köməyi ilə Ali Sovetin binasına doğru yürüş etdilər. Yürüşün önündə zirehli texnika gedirdi. Silahlılar "Moskva" mehmanxanası və Ali Sovet binası üstündəki atəş nöqtələrini susdurdular. Toqquşma nəticəsində bir adam öldü, iki nəfər yaralandı. Cəbhə tərəfdar-ları, demək olar ki, müqavimətsiz Parlament binasına daxil oldular.
Müxalifət qüvvələri respublika teleradio şirkətini, digər mühüm obyektləri, habelə Prezident aparatı binasını ələ keçirdilər. Parlamentin 18 may sessiyasında Xalq Cəbhəsi liderlərindən biri olan İsa Qəmbər Respublika Ali Sovetinin sədri seçildi. Bu sessiyada parlament səlahiyyətinin Milli Məclisə verilməsi haqqında qərar qəbul edildi.
1992-ci il iyunun 7-də Azərbaycan Respublikası Prezidentliyinə seçkilər keçirildi. Respublikanın Prezidenti Azərbaycanın Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy oldu.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







