"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Xalq hərəkatı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması Xalq hərəkatı. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması ================================================================================ admin on 24 December, 2009 Uzun illər əsarətə, var-dövlətinin talanmasına, milli və dini hisslərinin təhqir olunmasına, hüquqlarının tapdalanmasına dözmüş xalqın səbir kasası artıq dolmuşdu. Köhnə idarəçilik mexanizminin dağıdılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar imperiyanın düşdüyü ümumi böhran gündən-günə dərinləşirdi. Xalqın güzəranı pisləşirdi. Belə bir şəraitdə SSRİ-nin dağılma prosesinin qarşısını almaq üçün mərkəzçi qüvvələr milli münaqişələri daha da qızışdırır, antitürk, antiislam siyasətini genişləndirirdilər. Azərbaycan mühüm coğrafi-siyasi məkanda yerləşdiyindən, imperiyanın türk xalqları ilə Türkiyə arasında körpü olduğundan əsas zərbə hədəfi olmuşdu. Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlıların soyqırımını törətmək, Azərbaycanı parçalamaq, bu yolla bütün Qafqazda ağalığı saxlamaq siyasəti həyata keçirilirdi. Bu siyasət Azərbaycanda xalq hərəkatının yüksəlməsinə güclü təkan verdi. Xalq Azərbaycanı parçalamaq cəhdlərinə, ermənilərin Dağlıq Qara-bağın Ermənistana verilməsi tələblərinə qarşı münasibətini əvvəllər Mərkəzi Komitəyə, rəhbərlərə etiraz teleqramları, məktublar göndərməklə, imzalar toplamaqla bildirirdi. Daha sonra kütləvi çıxışlar başlandı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda keçirildi. Martın 16-da Azərbaycan Elmlər Akademiyasında etiraz mitinqi oldu. Ermənistanda azərbaycanlıların soyqırımının kütləvi hal almasına qarşı mayın 16-da universitetin qarşısında "Yurd" təşkilatının fəal iştirakı ilə böyük mitinq oldu. Mitinqçilər şəhərin baş meydanına - Lenin adına meydana (indiki "Azadlıq") toplandılar. Burada davam edən mitinqdə görkəmli ziyalılar çıxış edərək xalqı, rəhbərləri respublikanın hüquqlarını müdafiə etməyə çağırdılar. Mitinqçilər mərkəzdən və respublika rəhbərliyindən erməni millətçilərinin azğın hərəkətlərinə qəti cavab tələb edirdilər. Respublikanın başqa şəhərlərində də mitinqlər keçirilirdi. Ermənipərəst Moskvada sözü keçməyən respublika rəhbərliyi xalqın ciddi narazılığını nümayiş etdirib ağalarına təsir göstərmək istəyirdi və belə mitinqlərin keçirilmə-sinə mane olmurdu. Lakin kortəbii etiraz hərəkatının böyüyüb bu milli münaqişəni törədən rejimə, onun respublikadakı canişininə qarşı ümum-xalq hərəkatına çevrilməsinə yol verməməyə çalışırdı. Moskva 1988-ci ilin mayında Azərbaycandakı canişinini dəyişdirib, xalqın psixologiyasını, adət ənənələrini, köklü maraqlarını yaxşı bilməyən Əbdürrəhman Vəzirovu qəsdən hakimiyyətə gətirmişdi. Noyabrın 15-də Bakıda Universitetin qarşısında, səhəri gün Elmlər Akademiyasının böyük dairəvi zalında və M. Ə. Sabir adına bağda "Yurd" təşkilatının təşəbbüsü ilə mitinqlər keçirildi. Xalq hərəkatının kortəbii mərhələsinin ən yüksək dövrü noyabrın 17-dən başlandı. Həmin gün səhər Universitet, Akademiya, Politexnik, İqtisad institutları qarşısından nümayişçi dəstələr milisin canlı maneələrini yararaq M. Ə. Sabir adına bağa, oradan isə "Azadlıq" meydanına gəldilər. Meydanda mitinqçilərin tələbləri oxundu. Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar həyata keçirilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Sovetinin sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblər idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi. Axşam hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələblər yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Meydanda liderliyi leytenant Şmidt (indiki Səttərxan) adına zavodun gənc fəhləsi Nemət Pənahov ələ aldı. Burada "Moskvanın fitnələri", "Suverenlik", "Azadlıq" sözləri eşidilməyə başlandı. Bundan Moskvaya təzyiq edib respublikada hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanlarının binasına hücum edilmişdi. Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq öldürülmüşdü. Bunları bəhanə edərək hökumət noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq etdi. Buna baxmayaraq, xalqın mübarizə ruhu daha da artdı. Nümayişçilər Meydana Azərbaycan SSR-in oraq-çəkicli bayrağı ilə gəlmişdi, burada isə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam küçələri qapayan tankların, əsgərlərin arasından keçərək səngimək bilməyən Meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı milyona çatırdı. Gecələr Meydanda qalanmış tonqalların kənarında minlərlə adam qalırdı. Artıq xalq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. İndi təşkilatlan-maq, mübarizəni başqa demokratik vasitələrlə davam etdirmək lazım idi. Lakin o vaxt respublika rəhbərliyinin səriştəsizliyi və satqınlığı, habelə xalq hərəkatına salınmış nifaq nəticəsində ümumxalq maraqlarını müdafiə etmək və Moskvanın məkrli siyasətinə qarşı milli birlik nümayiş etdirmək mümkün olmadı. Mitinqçilərin sayı getdikcə azalır, Meydanın mühasirə həlqəsi daralırdı. Dekabrın 3-də mitinqçilərdən Meydanı tərk etmək tələb olundu. Mitinqçilərin çoxu dağıldı. Dekabrın 4-də gecə hərbçilər hücum edib Meydanı zorla boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıdıldıqdan sonra bir neçə gün Bakıda və respublikanın başqa şəhərlərində etiraz tətili və nümayişlər keçirildi. Həmin günlər təkcə Bakıda 14,5 min fəhlə və qulluqçu tətil etmişdi. Astarada yerli əhali etiraz əlaməti olaraq şose yolunu kəsmiş, yüklərin daşınmasına mane olmuşdu. Meydan xalq hərəkatının birinci - kortəbii mərhələsinin zirvəsi idi. Meydan xalqda özünə inam yaratdı, ona ümummilli mənafe uğrunda birləşmək bacarığı aşıladı. Xalq artıq təşkilatlanmağın, vahid cəbhədə birləşməyin vacibliyini dərk etdi. Xalq başa düşdü ki, Moskvanın təyin etdiyi respublika rəhbərləri onun mənafeyini müdafiə etmir. Xalqın mənafeyini yalnız özünün hakimiyyətə gətirdiyi rəhbər müdafiə edə bilər. Bununla yanaşı, hansı yolla olursa olsun, xalqın etimadını qazanıb hakimiyyət iştahasına düşənlər çoxaldı. Respublikanın nüfuzlu, tanınmış ziyalılarının xalq hərəkatına rəhbərlik etməsinə yol verməmək üçün hakim dairələr, xüsusi idarələr dəridən-qabıqdan çıxır, xalqın labüd təşkilatlanmasının siyasi təcrübəsi və səbatı nisbətən az olan şəxslərin ətrafında baş verməsinə şərait yaradırdılar. Siyasi fəaliyyət təcrübəsi olanlar, xüsusən görkəmli siyasətçi, dövlət xadimi Heydər Əliyev ciddi təqib olunur, onun və tərəfdarlarının xalqla birləşməsinə hər vəchlə maneçilik törədilirdi. Xalq Azərbaycanın üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçinin Heydər Əliyev olduğunu görür və onun yenidən respublika rəhbərliyinə qayıtmasını arzulayırdı. Minlərlə adam mitinq və nümayişlərə, xüsusən münaqişə zonasında və ətraf rayonlarda, Heydər Əliyevin portretləri ilə çıxırdılar. Təkcə Yevlax şəhərində 1988-ci ildə vətənpərvər gənclərin təşkil etdiyi nümayiş və izdihamlı mitinqdə 20 minədək adam iştirak etmişdi. Nümayişçilər Heydər Əliyevin yenidən hakimiyyətə qaytarılmasını tələb edirdilər. Belə nümayiş və mitinqlər iqtidarı, onun moskvalı ağalarını çox narahat edirdi. Xalq Azərbaycanın SSRİ daxilində iqtisadi və mədəni suverenliyi uğrunda mübarizə aparır, qanunlara hörmət olunmasını tələb edirdi. 1989-cu il iyunun 16-da Bakıda AXC-nin təsis konfransı keçirildi. Konfransda Cəbhənin Proqram və Nizamnaməsi qəbul olundu. Əbülfəz Əliyev AXC-nin sədri oldu. AXC geniş sosial bazaya malik idi, siyasətdə radikal, liberal, həm də barışdırıcı mövqe tutanları birləşdirirdi. Cəbhə demokratik mərkəziyyət prinsipindən imtina etmişdi. Yuxarı təşkilatların qərarları üzvlər üçün yalnız məsləhət xarakteri daşıyır, tədbirlərdə iştirak könüllü sayılırdı. Cəbhə daxilində plüralizm, ən müxtəlif fraksiyaların yaradılması nəzərdə tutulurdu. AXC sədri təmsilçilik funksiyası daşıyırdı, onun hətta səs vermək hüququ yox idi. Hələ demokratiya mədəniyyəti olmayan cəmiyyətdə belə bir ifrat demokratik nizamnamə ilə çox mürəkkəb siyasi şəraitdə xalqa rəhbərlik edə biləcək güclü təşkilat yaratmaq mümkün deyildi. Yuxarı dairələrdə hakimiyyət uğrunda mübarizə aparan qüvvələr bundan məharətlə istifadə edərək, "öz adamlarını", xüsusi idarə agentlərini bu təşkilata yerləşdirdilər. Respublikada fövqəladə vəziyyət şəraitində iyun-sentyabr aylarında keçirilən kütləvi mitinq və tətillər "yuxarılarda" hakimiyyətə gəlmək istəyənlərin ssenariləri üzrə baş vermişdi. İmperiya sadiq əlaltısı Vəzirovun əli ilə hərəkatı boğmağa çalışırdı. Tələbələrin kütləvi mitinqlərdə mütəşəkkil iştirakının qarşısını almaq üçün dərslərin başlanması oktyabrın 2-ə keçirilmişdi. Sentyabrın 2-də respublikanın, demək olar ki, bütün şəhərlərində izdihamlı mitinqlər təşkil olundu. İki gün sonra ümummilli tətil başlandı. Bakıda şəhərin normal həyat fəaliyyətini təmin edən müəssisə və texnoloji rejimi işi dayandırmağa yol verməyən neftayırma qurğularından başqa bütün müəssisələr, habelə dəmiryolçular tətilə qoşuldu. Ayın 5-də Şimali Qafqaz dəmir yolunda hərəkət tam dayandı, imperiyanın cənub rayonlarının təsərrüfatına böyük ziyan dəydi. Təkcə Azərbaycan sənayesində 13 milyon manatlıq məhsul istehsal olunmadı. Sentyabrın 6-da mitinqçilər öz tələblərinə respublika rəhbərliyinə "istefa" tələbini də əlavə etdilər. Bundan sonra AXC və Azərbaycan KP MK arasında danışıqlar başlandı. Tələblərin ödəniləcəyi barədə razılıq əldə olundu. AXC və Azərbaycan KP MK arasında saziş protokolu imzalandı. Sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı. Sessiya DQMV XİK-in ləğvi, Azərbaycan SSR Konstitusiyasına respublikanın sərhədlərinin yalnız ümumxalq referendumu yolu ilə dəyişdirilə bilməsini nəzərdə tutan dəyişikliklər edilməsi, suverenlik, vətəndaşlıq və iqtisadi müstəqillik haqqında qanun layihələrinin geniş müzakirəyə verilməsi haqqında qərarlar qəbul etdi. Suverenlik haqqında qanun layihəsinin ümumxalq müzakirəsi keçirildi. Qanuna respublikada Azərbaycan SSR qanunlarının ittifaq qanunlarından üstünlüyü və onun SSRİ tərkibindən çıxmaq reqlamenti haqqında mühüm bəndlər daxil edildi. Ali Sovetin sentyabrın 23-də öz işini davam etdirən növbədənkənar sessiyası "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanunu qəbul etdi. Bu, xalqda qələbə əhval-ruhiyyəsi yaratdı. Noyabrın 25-də keçirilən mitinq və burada ümumi tətil elan olunması Moskvanı DQMV Xüsusi İdarə Komitəsini ləğv etməyə məcbur etdi. Noyabrın 28-də bu komitə buraxıldı. Azərbaycan SSR Nazirlər Soveti 1989-cu il oktyabrın 5-də AXC-ni rəsmi qeydə aldı. AXC-nin bu vaxta qədər buraxılan bülleteni əvəzinə dekabrın 4-də "Azadlıq" qəzeti kütləvi tirajla nəşr olunmağa başladı. Azərbaycan Xalq Cəbhəsi artıq kütləvi təşkilata çevrilmişdi. Onun sıralarında 300 minə qədər üzv və tərəfdar birləşmişdi. Azərbaycan Xalq Cəbhəsi real siyasi qüvvə idi. Onun qarşıdakı seçkilərdə (mart ayında keçirilməsi nəzərdə tutulurdu) qələbə çalaraq hakimiyyətə gələcəyinə şübhə yox idi. Sosioloqların fikrincə seçkilərdə AXC səslərin 80-90 faizini toplaya bilərdi. Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi suverenlik haqqında Azərbaycan SSR qanununa ardıcıl əməl olunması, ən başlıcası, respublikanın öz qanunlarının SSRİ qanunlarından üstünlüyünün, iqtisadi müstəqilliyinin təmin edilməsi demək olardı. 1989-cu ilin payızından başlayaraq AXC liderlərinin türkçülüyə meyllərini açıq ifadə etmələri də Moskvanı çox ciddi narahat edirdi. Mərkəz belə bir təşkilatın hakimiyyətə gəlməsinə heç vəchlə razı ola bilməzdi. SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Y. Primakov Əbülfəz Elçibəyə verdiyi "Sizin məqsədiniz nədir?" sualına "demokratik seçkilər aparmaq" cavabı aldıqda demişdi: "Bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır". Buna görə də, liderləri "radikallar"a və "liberallar"a bölüb xalq hərəkatını daxildən parçalamaq, seçkiləri fövqəladə vəziyyət, komendant saatı şəraitində keçirməklə yenə kommunistlərin qalib gəlməsinə nail olmaq üçün məkrli siyasət aparılırdı. Əsas vasitə xalqı radikallaşdırmaq, bəzi güzəştlərlə onu zorakı hərəkətlərə şirnikdirmək idi. Ə. Vəzirov AXC rəhbərləri ilə görüşündə açıqca demişdi: "Gücünüzü göstərin, sizinlə hesablaşaq". AXC İdarə Heyətində hakimiyyət uğrunda mübarizə aparan radikallar bu "tələyə" düşdülər. AXC Məclisinin birinci sessiyasında (27-28 oktyabr 1989-cu il) cəbhə daxilində "radikallar" və "liberallar" arasında ixtilaf bütün barışmazlığı ilə üzə çıxdı. "Radikallar" AXC İdarə Heyətinin "liberal" üzvlərini təslimçilikdə, xalqa xəyanətdə, qətiyyətsizlikdə təqsirləndirdilər. Onlar AXC-nin yeni rəhbər orqanları seçiləcək fövqəladə konfransının keçirilməsini tələb etdilər. Xalq Cəbhəsinin bütövlüyünü qoruyub saxlamaq üçün liberallar müəyyən güzəştlərə getməyə məcbur oldular. 1989-cu il dekabrın 9-da AXC müşavirəsində İdarə Heyəti buraxıldı. Onun səlahiyyətini yerinə yetirən əsasən radikallardan ibarət müvəqqəti təşkilat qrupu seçildi. Bu, radikalları daha da fəallaşdırdı. Bir çox bölgələrdə əsl ikihakimiyyətlilik yaranmışdı: Kommunist Partiyasının və Xalq Cəbhəsinin hakimiyyəti. AXC təşkilatlarında dövlət funksiyalarını yerinə yetirən strukturlar meydana gəlirdi. 1989-cu il dekabrın 8-dən Cəlilabadda fasiləsiz mitinqlər, tətillər başlandı. İnzibati orqan işçiləri xalqa silah qaldırmadı, onun tərəfinə keçdi. Vəziyyəti "nizama salmaq üçün" dekabrın 27-də rayona gətirilən milis dəstələri həbslər keçirməyə başladı. Qəzəblənmiş əhali hücum edib rayon partiya komitəsinin, milisin binalarmı dağıtdı, rəhbərləri döyüb qovdu. Toqquşmalarda 150-dən çox adam yaralanmışdı. Dekabrın 29-da burada "xalq hökuməti" fəaliyyətə başladı. Müvəqqəti təşkilat komitəsi və Milli müdafiə şurası yaradıldı. Başqa rayonlarda hadisələr əsasən dinc yolla inkişaf edirdi. Sabirabad, Ağcabədi və Naxçıvanda hakimiyyət orqanları Xalq Cəbhəsi ilə kompromisə gedərək, idarəetmə məsələlərində bəzi problemlərin müştərək həllinə nail ola bildi, qarşıdurmanın güclənməsinə, qan tökülməsinə yol vermədi. 1989-cu ilin noyabr-dekabr aylarında Sabirabad və Ağca-bədi rayonlarında xalq hərəkatı rayon partiya komitələri birinci katiblərinin istefası ilə nəticələndi. Naxçıvan MSSR-də də belə oldu. Xalq Cənubi Azərbaycanda - İran İslam Respublikasında yaşayan qan qardaşları, qohumları ilə mədəni və iqtisadi əlaqələrin, gediş-gəlişin bərpa olunması tələbi ilə dəfələrlə rəhbər orqanlara müraciət etmişdi. İkiyə bölünmüş xalqın bu təbii arzusunun boy atmasına dünyada ayrı salınmış xalqların rəğbətlə qarşılanan birləşmə hərəkatı, Avropada Berlin divarının sökülməsi də mühüm təsir etmişdi. Naxçıvan MSSR kimi aztorpaqlı ərazidə xeyli münbit torpaq sahəsi sərhədlə tikanlı məftillər arasında qalmışdı. Bu zonadakı qədim qəbiristanlığa və ziyarətgahlara da getmək mümkün deyildi. Lakin vəziyyəti düzgün qiymətləndirməyən rəhbər dairələr tədbir görməyə tələsmirdilər. 1989-cu ilin dekabrında Naxçıvan MSSR-də sərhəd boyu 9 minə qədər adam toplanmış, çadırlar qurulmuş, tonqallar yandırılmışdı. Xalq cəbhəsi dekabrın 23-də sərhəd dəstəsinin komandirinə ultimatum göndərib dekabrın 31-dək sərhəddən adamların müəyyən qaydalarla keç-məsinə, cənublu qan qardaşları ilə əlaqə saxlanmasına imkan yaratmasını tələb etdi. Lakin razılıq əldə edilmədi. İmperiya azadlıq əldə etmək istəyən xalqa divan tutmağa hazırlaşırdı. Sərhədlərin pozulması bəhanəsi də onun planlaşdırdığı qanlı qırğına bəraət qazandıra bilərdi. Buna görə də sərhədçilərə adamlara müqavimət göstərməmək əmri verilmişdi. Dekabrın 31-də saat 13-də Araz çayı boyu 137 km Sovet-İran sərhədində həyəcanlar başladı. Sərhəd qurğuları dağıdıldı. Hər iki tərəfdən sər-hədə toplaşanlar Arazı keçib görüşdülər. 1990-cı il yanvarın 7-də isə SSRİ-Türkiyə sərhədində həyəcanlar oldu. Yanvarın 18-də Biləsuvar və Cəlil-abad rayonlarında sərhəd qurğuları dağıdıldı. Əhali cənublu qan qardaşları ilə görüşdü. 1990-cı il yanvarın 11-də gecə Lənkəranda rayon partiya komitəsi, daxili işlər şöbəsi, rabitə qovşağı, mətbəə və digər dövlət müəssisələri mühasirə olundu, partiya komitəsinin, hakimiyyət orqanlarının fəaliyyəti dayandırıldı. Müvəqqəti müdafiə komitəsi təsis olundu. Yanvarın 12-də xalqa divan tutmaq üçün mexanikləşdirilmiş hərbi hissələr Lənkərana göndərildi. Lakin qonşu Salyan, Sabirabad, Kürdəmir rayonlarında əhali qoşun keçəcək yolda canlı sipər yaratdı. SSRİ-ni labüd iflasdan iqtisadi və siyasi islahatlarla xilas etmək, xalqları bir-birinə qarşı qoymaqla mərkəzdənqaçan qüvvələri zəiflətmək üçün "yenidənqurma" müəlliflərinin həyata keçirdiyi tədbirlər səmərəli olmadı. Əksinə, bu, imperiyada ümumi böhranı, ittifaqın dağılma prosesini sürətləndirdi. Milli ucqarlarda müstəmləkə boyunduruğuna qarşı mübarizə aparan qüvvələr daha da yetkinləşdi. Azərbaycan xalqı "Qanlı Yanvar"dan böyük dərs aldı, fövqəladə vəziyyət şəraitində partizan müharibəsi aparmaq kimi avantürist çağırışları rədd etdi, qarşıya mövcud reallıqlar daxilində həll edilməsi mümkün olan məsələlər qoymağa, mübarizəni dinc siyasi vasitələrlə davam etdirməyə başladı. Mütəşəkkil şəkildə qırx günlük ümumrespublika etiraz tətili keçirildi. Kənd əhalisinin yaxından köməyi ilə tətil edən fəhlələrə müntəzəm maddi və mənəvi yardım göstərildi. Tətil imperiyaya yarım milyard rubl-dan çox iqtisadi ziyan vurdu. Lakin tarixin bu məsuliyyətli dövründə AXC artıq xalqa rəhbərlik edə bilmədi. Onun siyasi cəhətdən uzaqgörməyən və öz ambisiyalarından çıxış edən bəzi liderləri qarşıdakı parlament seçkilərində yer almaq üçün iqtidarla razılığa gəldilər. Belə ki, bir qrup ziyalının "75-lərin bəyanatı" adlı müraciətindən "təsirlənən" iqtidar və AXC liderləri mayın ortalarında görüşüb Məşvərət Şurası yaratdılar. Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 19-da, Məşvərət Şurasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, prezident vəzifəsi təsis etdi və Ayaz Mütəllibovu bu vəzifəyə seçdi. İqtidar da bir sıra güzəştlərə getdi. Demokratlara qarşıdakı seçkilərdə deputat yerləri vəd olundu. 21 may tarixli fərman ilə 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün Azərbaycan dövlətçiliyinin bərpası günü elan edildi. Həmin gün demokratik qüvvələr Azərbaycan Respublikasının üçrəngli bayrağını keçmiş Azərbaycan parlamenti binası üzərində yenidən qaldırdılar. Fövqəladə vəziyyət olsa da, Bakıda, habelə Gəncədə və respublikanın başqa şəhərlərində 28 may münasibəti ilə mitinqlər, nümayişlər keçirildi. Lakin bütün bu nümayişkaranə tədbirlərə baxmayaraq, Azərbaycan xalqı Xalq Cəbhəsi liderlərinin qeyri-ardıcıl mövqeyini görüb onlardan uzaqlaşdı. Tezliklə bu təşkilatın üzvlərinin sayı 3 dəfəyə qədər azaldı. Xalqın böyük bir hissəsi bütün ümidini Heydər Əliyevə bağlamışdı. Azadlıq uğrunda xalq hərəkatının əsl lideri Heydər Əliyev idi. Qanlı Yanvar hadisələrindən sonra xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevə qarşı repressiya planları hazırladı və həyata keçirməyə çalışdı. Respublika rəhbərləri də hər vəchlə onun Azərbaycana qayıtmasına mane olurdular. Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. Xalq bu gəlişi böyük ümid və ruh yüksəkliyi ilə gözləyirdi. Lakin iqtidar, ondan hakimiyyət bölgüsü gözləyən sol müxalif qüvvələr Heydər Əliyevin Bakıda qalmasına hər cür maneə törətdilər və o, doğma diyarı olan Naxçıvana getməli oldu. Heydər Əliyev iyulun 22-də Naxçıvanın "Azadlıq" meydanında 80 mindən çox adamın iştirakı ilə keçirilən izdihamlı mitinqdə çıxış etdi. Xalqın nümayəndələri ilə görüşlər keçirdi. Heydər Əliyev xalqı, azadlıq, müstəqillik uğrunda sonacan mübariz olmağa çağırırdı. İyul ayından Azərbaycan SSR xalq deputatları və yerli xalq deputatları Sovetləri deputatları seçkiləri üzrə seçki kampaniyası başlandı. İyulun 28-də respublika demokratik qüvvələrinin forumu keçirildi, 20-dən artıq ictimai təşkilatın iştirak etdiyi demokratik blok ("Demblok") yaradıldı. Seçki komissiyalarına cəbhənin və başqa ictimai təşkilatların nümayəndələri də salındı. Seçkilər alternativ əsasda keçirilirdi. 360 Azərbaycan SSR xalq deputatı mandatını almağa 1200 nəfər namizəd irəli sürülmüşdü. Seçkilər sentyabrın 30-da keçirildi. Bəzi dairələrdə oktyabrın 14-də və dekabrın 16-da təkrar seçkilər oldu. Kommunistlərin qüvvələri səfərbər etməsi, habelə fövqəladə vəziyyət, repressiyalar seçkilərin nəticəsinə ciddi təsir göstərdi. Azad və ədalətli rəqabət təşkil etmək mümkün olmadı. Qeyri-demokratik olan seçki qanununun özünü də rəhbər dairələr biabırçı şəkildə pozurdular. Bu yolla onlar seçkilərin nəticələrini saxtalaşdırıb parlamentdə yerlərin çoxunu kommunistlərə verdilər. "Demblok"un cəmi 30 nümayəndəsi xalq deputatı seçildi. İqtidarın və Xalq Cəbhəsi liderlərinin başı hakimiyyət, vəzifə uğrunda mübarizəyə qarışdığı bir vaxtda Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edirdi. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Heydər Əliyev müdrik, uzaqgörən siyasəti ilə xalqın azadlıq mübarizəsini istiqamətləndirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin onun sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul etdi. Naxçıvan MR Ali Məclisi 1990-cı il noyabrın 21-də 20 yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və b. günahkar olduqlarını qeyd etdi, xalqa kimlərin ona rəhbərlik etmək istədiyini göstərdi. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını hakim dairələr qulaqardına vursa da, xalq ruh yüksəkliyi ilə qarşıladı. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. Kommunist rejiminin süqutu. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası. Respublikada kommunist rejimi hələ yaşayırdı. Lakin onun arxalandığı partiya artıq daxildən parçalanmağa başlamışdı. 1990-cı ilin əvvəllərindən SSRİ Konstitusiyasının 6-cı maddəsini ləğv etmək şüarı altında demokratik hərəkatın genişləndiyi vaxt partiya daxilində müxtəlif cərəyanlar əmələ gəlmişdi. Azərbaycanın rəhbər kommunistləri, demək olar ki, "Sov. İKP-də demokratik platforma"nın mövqeyində dururdular. "Demokratik platforma" kommunizmə çatmaq üçün inzibati-amirliyin tədricən demokratik metodlarla əvəz olunmasını vacib bilirdi. Lakin respublika kommunistləri içərisində SSRİ-də qurulmuş eybəcər cəmiyyətin sosializmlə heç bir əlaqəsi olmadığını bildirən, marksizm mənbələrindən öyrənməyə qayıtmağa təkid edən "Sov. İKP-də marksist platforması" mövqeyində dayananlar da var idi. Hətta onların bir qrupu hələ 1989-cu ilin yayında təşkilatlanmış, "Hümmət" adlı dərgi buraxaraq öz məqsədlərini elan etmişdilər. Bu qrup idarəçilikdə yol verdikləri ciddi qüsurlara - rüşvətxorluğa, yerliçiliyə, cəmiyyəti böhrana saldıqlarına görə kommunist rəhbərləri tənqid edir, bütün kommunistləri xalqın xoşbəxt gələcəyi uğrunda mübarizə aparmağa çağırırdı. Hakimiyyəti əlində saxlamağa çalışan Qorbaçov "mühafizəkarlar"ı bir növ neytrallaşdırmaq, hakim dairələrdə mübarizəni səngitmək üçün "SSRİ-nin taleyi" məsələsini ortaya atdı. Azərbaycanda demokratik qüvvələr, öncə Heydər Əliyev milli respublikaların müstəqilləşməsinin qarşısını almağa yönəlmiş bu siyasəti ifşa etdi, xalqı SSRİ-nin saxlanmasına münasibət üzrə referendumda iştirak etməməyə çağırdı. Lakin 1991-ci il fevralın 5-də Azərbaycan parlamentində "demblok"un ciddi təkidli etirazına baxmayaraq, kommunistlər birləşib SSRİ-nin saxlanmasına münasibət üzrə ümumittifaq referendumunda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul etdilər. Ermənistanın boykot etdiyi referendumda Azərbaycanın iştirak etməsini Ermənistan- Azərbaycan münaqişəsində Moskvanın mövqeyinin ikincinin xeyrinə dəyişəcəyinə ümid də bu nəticəyə az təsir göstərməmişdi. Referenduma qanunla nəzərdə tutulmuş iki ay əvəzinə cəmi on gün hazırlıq görüldü. Demokratik qüvvələr fövqəladə vəziyyət şəraitində bu üzdəniraq "ümumxalq səsverməsini" boykot etdi. Naxçıvan MR əhalisi referendumda iştirak etmədi. Referendum martın 17-də keçirildi. Nəticələr saxtalaşdırıldı, guya səsvermədə iştirak edənlərin 95 faizi SSRİ-nin saxlanılması lehinə olmuşdular. Aprelin sonlarında SSRİ prezidenti və referendumda iştirak etmiş 9 respublikanın yüksək vəzifəli şəxsləri Moskva yaxınlığında Novo-Oqaryovodakı prezident iqamətgahında tezliklə yeni ittifaq müqaviləsi bağlanacağı haqqında niyyət protokolu imzaladılar. Təqdim olunan müqavilə layihəsi kompromis xarakterli idi. Müqavilə bağlanandan sonra altı aydan gec olmayaraq ittifaq orqanlarına yeni seçkilər keçirilməsi və bu yolla rəqiblərin siyasi hakimiyyətdən uzaqlaşdırılması nəzərdə tutulurdu. Moskva may-iyun aylarında Goranboyda erməni quldurlarına köməyi azaltmaqla həm Ermənistanı "cəzalandırdı", həm də Mütəllibov rejimini bir qədər populyarlaşdıra bildi. Bundan istifadə edən prezident mövqeyini möhkəmləndirmək üçün ümumxalq prezident seçkilərinə getməyi qərara aldı. Seçkilər sentyabrın 8-ə təyin olundu. Heydər Əliyev imperiyanın qorunub saxlamasına çalışan qüvvələrə, ilk növbədə Kommunist Partiyasına və Sovet dövlətinə açıq etirazını bildirdi, onların riyakar siyasətini ifşa etdi, 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı. O, SSRİ Nazirlər Kabineti partiya təşkilatına ərizəsində qeyd edirdi: "Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistanla Azərbaycan arasında elan edilməmiş müharibə gedir... bütün bunlar "humanist ideologiyalı" Sovet dövləti üçün adi haldır". Xalq imperiyanın bərpası üçün cəhdlərə onun bu qəti etirazını razılıqla qarşıladı. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. Respublika rəhbərlərinin imperiyanı qoruyub saxlamaq istəyən qüvvələrlə əməkdaşlığı ümumxalq narazılığına səbəb olmuşdu. Bu, Naxçıvanda daha aydın təzahür edirdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisi xalqın təzyiqi ilə Heydər Əliyevi, onun dəfələrlə öz namizədliyini geri götürməsinə baxmayaraq, Ali Məclisin sədri seçdi. Naxçıvan MR Ali Məclisi 1991-ci il 4 sentyabr tarixli qərarı ilə prezident seçkilərini Naxçıvan MR ərazisində dayandırdı. Xalqı yolundan döndərmək üçün Azərbaycan rəhbərliyi Naxçıvana ciddi təzyiqlər göstərdi. Muxtar Respublikaya silahlı qüvvələr yeridildi. Daxili İşlər Nazirliyinin bir qrup zabiti, Azərbaycan Parlamenti deputatlarından ibarət böyük bir dəstə Naxçıvana göndərildi ki, yerli hakimiyyət orqanlarını bu qərarı dəyişməyə məcbur etsin. Lakin xalqın lideri Heydər Əliyev yerli televiziya vasitəsi ilə bəyanat verdi və xəbərdarlıq etdi ki, Naxçıvana təzyiq üçün gələn qüvvələr Muxtar Respublikanı tərk etməlidirlər, əks təqdirdə bütün əhali ayağa qalxacaqdır. İqtidar geri çəkilməyə məcbur oldu. Sentyabrın 7-də Naxçıvan MR Ali Məclisi Naxçıvan Dövlət Müdafiə Komitəsi yaradılması haqqında qərar qəbul etdi. Heydər Əliyev Naxçıvan Dövlət Təhlükəsizlik Komitəsinin Moskva ilə əlaqəli işlədiyini aşkar etdi və Ali Məclis bu təşkilatın fəaliyyətini müvəqqəti dayandırmaq haqqında qərar qəbul etdi. Bu vacib orqanda xain və satqınlardan təmizləmə işləri aparıldı. Bunu iqtidar Muxtar Respublikanı Azərbaycandan ayırmaq cəhdi kimi qiymətləndirdi. Heydər Əliyevin müdrik siyasəti sayəsində Naxçıvan Respublikasında həyat tədricən öz axarına düşməyə başladı. İran hökuməti ilə razılığa əsasən Muxtar Respublikaya bu ölkə vasitəsi ilə ərzaq, yanacaq, sərnişin daşınmasına başlandı. 1991-ci ilin oktyabrında Araz üzərində Türkiyə və Naxçıvan arasında "Həsrət körpüsü" açıldı. Artıq "Dağlıq Qarabağ problemi" ətrafında birləşən müxtəlif siyasi qruplar bu problemin yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra həll oluna biləcəyi yəqinliyinə gəlmişdilər. Müstəqilliyin əldə edilməsi yollarını isə onlar müxtəlif cür təsəvvür edirdilər. Etibar Məmmədov AXC-nin IV konfransında (26-27 may 1991-ci il) diskussiya açıb milli cəbhə yaratmaq, milli azadlığa demokratiyadan deyil, demokratiyaya milli azadlıqdan gəlmək prinsipini irəli sürdü. İki platforma: birincisi müstəqilliyə doğru insan hüquqlarının aliliyinə zidd olmayan yollarla getməyi vacib hesab edən "liberal-demokratlar"ın, ikincisi isə müstəqilliyə hər bir mümkün, hətta lazım gələrsə, insan hüquqlarına zidd olan yollarla getməyi lazım bilən "millətçi-vətənpərvərlər"in platforması formalaşdı. AXC-nin idarə heyətində artıq fikir birliyi yox idi. Cəbhə daxilində partiyalaşma prosesi başlamışdı. Buna görə də AXC-nin I qurultayında (1991, 13-16 iyul) idarə heyəti buraxıldı.Hələ 1990-cı ilin əvvəllərində Xalq Cəbhəsi üzvləri müxtəlif siyasi partiyaların təşəbbüs qruplarını yaratmışdılar. Xalq Azadlıq Partiyası, Dirçəliş Partiyası, Azərbaycan Sosial-Demokrat Partiyası, Azərbaycan Milli-Demokrat (Yeni Müsavat) Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası və s. siyasi təşkilatlar meydana gəlmişdi. Lakin cəmiyyətdə onların kifayət qədər nüfuzu yox idi. İndi xalqın azadlıq mübarizəsinə rəhbərliyi Heydər Əliyev, parlamentdə müxalifətə rəhbərliyi isə "demblok" yerinə yetirirdi. İmperiya hakimiyyətinin yuxarı eşelonlarında mühafizəkar qüvvələrin müqaviməti getdikcə güclənirdi. İnflyasiyanın sürətlə artması, əhalinin vəziyyətinin gündən-günə pisləşməsi onların səmərəli fəaliyyəti üçün münasib şərait yaradırdı. 1991-ci ilin iyununda SSRİ Ali Sovetinin gizli iclasında mühafizəkarların liderləri Nazirlər Kabinetinə fövqəladə səlahiyyətlər verilməsini tələb etdilər. Bu, baş tutmadı. İrticanın növbəti hücumu 18-19 avqust dövlət çevrilişi cəhdində təzahür etdi. Onun başçı-ları Forosda, (Krımda) istirahət edən Qorbaçovu "neytrallaşdırıb", Dövlət Fövqəladə Vəziyyət Komitəsi ("QKÇP") təşkil etdilər və "demokratikləşmə"nin, "yenidənqurma"nın çıxılmaz vəziyyətə saldığı imperiyanı iflasdan qurtarmaq üçün bütün hakimiyyəti öz əllərinə aldılar. Lakin qiyamçılar səhv etmişdilər, onlar iri şəhərlərdə demokratik qüvvələrin güclü olduğunu nəzərə almamışdılar. Avqustun 19-da Rusiya prezidenti B. Yeltsinin başçılığı ilə qiyama qarşı bütün demokratik qüvvələr birləşib ayağa qalxdı. Azərbaycanda da demokratik qüvvələr "QKÇP"-nin qanuna zidd fəaliyyətinə qarşı çıxdılar. Lakin respublikanın prezidenti "QKÇP"-ni müdafiə edərək ciddi siyasi səhvə yol verdi. Rusiyada demokratik qüvvələrin birgə fəaliyyəti nəticəsində dövlət çevrilişinin qarşısı alındı. Azərbaycanın hər yerində irticaya tərəfdar olan qüvvələrə qarşı mübarizə, mitinqlər başlandı. Naxçıvanda izdihamlı mitinqlər keçirildi. Hərəkatı istiqamətləndirən Heydər Əliyev idi. Mitinqlərdə respublikada president seçkilərinin dayandırılması, parlamentin buraxılması, yeni parlament seçkiləri keçirilməsi, fövqəladə vəziyyətin ləğv edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti tədbirlər görülməsi tələb edilirdi. Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da saat 13.30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin BƏYANNAMƏSİ Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq, Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini dərk edərək, Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq, Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq, Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək, Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək, Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir". Azərbaycan xalqının tarixində yeni dövr başlandı. 1991-ci il sentyabrın 5-də SSRİ xalq deputatlarının V qurultayı keçid dövrünün hakimiyyəti haqqında Konstitusiya qanunu qəbul etdi və öz səlahiyyətini respublikaların yüksək vəzifəli şəxslərindən təşkil olunmuş SSRİ Dövlət Şurasına verdi. Lakin respublikalarda, o cümlədən Azərbaycanda bu qərarın həyata keçirilməsinə qarşı ciddi mübarizə başlandı. Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan MR Ali Məclisi 1 oktyabr tarixli qərarı ilə keçid dövrü ittifaq orqanlarında Azərbaycan Respublikasının iştirakını qeyri-mümkün saydı, respublikarəhbərliyinin müstəqillik məsələsində qeyri-ardıcıl mövqeyini tənqid etdi. Digər respublikalar kimi, Azərbaycan da SSRİ Dövlət Şurasına öz nümayəndələrini yalnız məşvərətçi səlahiyyəti ilə göndərdi. Yeni ali qanunverici orqan təşkil etmək mümkün olmadı. Respublikalarda dövlət müstəqilliyi uğrunda mübarizə daha da genişləndi. Sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Demokratik qüvvələr bu seçkiləri boykot etməyə çağırmışdı. Prezident seçkiləri Naxçıvan Muxtar Respublikası ərazisində keçirilmədi. Seçicilərin çoxu seçki məntəqələrinə gəlməmişdi. Lakin nəticələr saxtaşdırıldı və A. Mütəllibov yenidən prezident "seçildi". Xalqın rəğbətini qazanmağa çalışan birinci katib - prezidentin təşəbbüsü ilə sentyabrın 14-də artıq tam iflasa uğramış Azərbaycan Kommunist Partiyası XXXIII fövqəladə qurultayını çağıraraq özünün buraxıldığını bəyan etdi. Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Mühafizəkarların cəhdlərinə baxmayaraq, müxalifətin təklifi ilə sessiya Qorbaçovun yeni ittifaq üçün iqtisadi baza yaratmaq məqsədi ilə irəli sürdüyü iqtisadi birlik haqqında vahid müqavilə bağlamaq təşəbbüsünə Azərbaycanın qoşulmasına etirazını bildirdi, Azərbaycanın başqa respublikalarla birtərəfli iqtisadi müqavilələr bağlamasına üstünlük verdi. Noyabrın 14-də Moskva yaxınlığında Novo-Oqaryovoda yeddi respublikanın, o cümlədən Azərbaycanın rəhbərləri yeni dövlətlərarası birlik - "Suveren Dövlətlər İttifaqı"nı yaratmaq haqqında niyyətlərini bildirdilər. Lakin hazırlanmış müqaviləyə Qorbaçovdan başqa heç kim imza atmadı. Demokratik qüvvələr düşmənlər tərəfindən müstəqil Azərbaycanı diz çökdürmək üçün təzyiqlərin artdığı şəraitdə iqtidarı fəaliyyətsizlikdə təqsirləndirir, vətəndaşları hakimiyyətə tabe olmamağa çağırır, qəti tədbirlər görülməsini tələb edirdi. İqtidar artıq dövləti idarə edə bilmədiyini başa düşürdü. AXC nə vasitə ilə olur-olsun hakimiyyətə gəlməyə, iqtidar isə müəyyən güzəştlərlə hakimiyyəti əlində saxlamağa çalışırdı. İqtidarı və AXC-ni yaxınlaşdıran bir mühüm səbəb də vardı: onları xalq içərisində Heydər Əliyevin böyük siyasətə qayıtmasınıtələb edənlərin sayının durmadan artması narahat edirdi. Sövdələşmədə AXC səsi az olduğundan sözünü keçirə bilmədiyi parlamenti buraxmağı, paritet əsasda Müvəqqəti Milli Şura yaratmağı, rəhbərliyini əlinə keçirəcəyinə əmin olduğu ordunun yaradılmasını, iqtidar isə belə güzəşt əvəzində sabitlik yaratmaq, yerlərdə möhkəmlənmək üçün təsərrüfatı idarəetmənin təşkili, yerli dövlət və hakimiyyəti idarəetmə orqanlarının yaradılması və ləğvi işində müstəqillik tələb edirdi. AXC Heydər Əliyevin nüfuzundan istifadə etmək üçün ona Milli Şuraya daxil olmağı təklif etmişdi, lakin rədd cavabı almışdı. Oktyabrın 3-də prezident və demokratik qüvvələrin liderlərinin görüşündə Milli Şura yaradılması haqqında razılıq əldə olundu. Parlamentin üzvlərindən 43 nəfər Ali Sovetin sədr müavini Telman Orucovun rəhbərliyi altında gizli müşavirə keçirib, parlamenti buraxmaq təhlükəsi yaranarsa, prezidentə qarşı birləşməyi qərara almışdılar. Piketçilərin mühasirəyə aldığı parlament binasında oktyabrın 8-də keçirilən Ali Sovetin sessiyasında parlamenti müdafiə edən qüvvələrə ciddi zərbə vuruldu. T. Orucov vəzifəsini itirdi. Prezident yerlərdə tərəfdarları ilə möhkəmlənmək üçün dövlət hakimiyyət və idarəetmə orqanlarının quruluşunu və fəaliyyətini təkmilləşdirmək adı ilə oktyabrın 18-də rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyəti başçıları vəzifəsi təsis etdi və bu vəzifəyə özünə dayaq hesab etdiyi adamları qoydu. Prezident idarəsi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk dövlət katibi akademik Tofiq İsmayılov təyin edildi. Lakin nə bu tədbirlər, nə də əhalinin sosial vəziyyətini yaxşılaşdırmağa yönəldilsə də, dərin inflyasiya şəraitində heç bir real təsirə malik olmayan bəzi sosial güzəştlər A. Mütəllibovun mövqeyini möhkəmləndirə bilmədi. Milli Şura haqqında oktyabrın 30-da qəbul olunmuş Qanun parlamentin bir orqanı kimi nəzərdə tutulan bu şuraya əslində elə bir real səlahiyyət vermədi. Milli Şura 72 nəfər deputatdan təşkil olunmalı idi. Bu, cəmi 30-a qədər səsi olan müxalifətə yenə də üstünlük əldə etməyə imkan vermirdi. Yuxarı Qarabağda Xocavənd azərbaycanlı kəndinin erməni quldurları tərəfindən ələ keçirilib vandalizmə məruz qalması ilə əlaqədar vəziyyətlə yerində tanış olmaq üçün gəlmiş bir neçə yüksək vəzifəli şəxsi, o cümlədən Dövlət katibi, daxili işlər naziri, Baş prokuror, habelə SSRİ Müdafiə Nazirliyi nümayəndələrini, Rusiya və Qazaxıstan müşahidəçilərini oradan Ağdama gətirən vertolyotun noyabrın 20-də vurulub salınması respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi. Noyabrın 26-da Ali Sovet Milli Şura haqqında qanuna yenidən baxdı və bu şuranın səlahiyyətlərini məhdudlaşdıran bəzi maddələri dəyişdirdi. Paritet əsasda 25, nəfər "demblok" nümayəndələrindən və 25 nəfər başqa deputatlardan ibarət Milli Şura yaradıldı. 1991-ci il dekabrın 8-də Brest şəhəri yaxınlığındakı "Viskuli" iqamətgahında Rusiya Federasiyası, Ukrayna və Belarus respublikaları rəhbərləri "Müstəqil Dövlətlər Birliyi" (MDB) yaradılması haqqında müqavilə bağladılar. "Belovejsk sazişi" adlanan bu müqavilədə SSRİ-nin artıq bir beynəlxalq hüquq subyekti kimi mövcudluğuna son qoyulduğu elan edildi. Brest "üçlüyü" keçmiş SSRİ-yə daxil olan respublikaları da bu birliyə qoşulmağa dəvət etdi. Orta Asiya respublikaları və Qazaxıstan rəhbərləri Türkmənistanın Aşqabad şəhərində görüşüb MDB-yə daxil olmaq niyyətlərini bildirdilər. Dekabrın 21-də Qazaxıstanın Alma-Ata şəhərində Brest "üçlüyü", Aşqabad "beşliyi", Ermənistan, Moldova və Azərbaycan rəhbərlərinin görüşü oldu.Burada SSRİ mövcudlu