SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyinin bərpası: Dağlıq Qarabağ münaqişəsi və ictimai-siyasi böhranın dərinləşməsi. Qanlı Yanvar

Şrift ölçüsü: Decrease font Enlarge font
SSRİ rəhbərliyində ölkənin taleyi ilə bağlı fikir ayrılıqları olsa da, milli respublikalara və əyalətlərə münasibətdə daha çox yekdillik var idi. Məqsəd hətta ictimai-iqtisadi sistem və dövlət idarəçiliyinin üsulları dəyişilsə də, imperiyanın ərazi bütövlüyünü qorumaq idi. Moskva mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi "parçala, hökm sür" siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Kreml mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Zaqafqaziyanı əldə saxlamaq üçün uydurma "Dağlıq Qarabağ problemini" qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər. Avropa Parlamenti 1987-ci ilin iyununda erməni "genosidi" qurbanlarına xatirə günü təsis etdi. Avantürist erməni jurnalisti daşnak Zori Balayanın Azərbaycan xalqını təhqir edən, tarixi saxtalaşdıran "Ocaq" kitabı da Azərbaycan və erməni xalqları arasında nifaq salmaqda müstəsna rol oynadı. 

1987-ci ildə H. ƏIiyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələrdən uzaqlaşdırılması onlarda niyyətlərinə çatmaq ümidini artırdı. Ermənilərin hərəkətləri daha davakar, həyasız xarakter aldı. Erməni millətçilərinin tələbi ilə Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min hektarlarla torpaq sahəsi Ermənistana "bağışlandı". Bu, xalqda böyük narazılıq yaratdı. Respublikanın başçısı Kamran Bağırov xalqın narazılıq çıxışlarını hərbçilərin köməyi ilə susdurdu. Erməni təxribatçıları Bakıda Opera və Balet Teatrını üç dəfə yandırdılar, şəhər nəqliyyatında partlayışlar törətdilər. Bu terrorçu aktların icraçıları həbs olunsa da, artıq nifaq düşmüşdü. Milli münaqişə getdikcə alovlanırdı. 

1987-ci ilin oktyabrında Yerevanda "Qarabağ komitəsi" deyilən təşkilatın ilk açıq mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə M. S. Qorbaçovun əshabələrindən olan A. Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. Hərəkata yenə də bir qrup millətçi erməni ziyalıları arxasından kommunist-daşnaklar, Ermənistan KP liderləri, DTK agentləri rəhbərlik edirdilər. Moskvada ermənilərin "Milli müqəddəratın müstəqil təyin edilməsi birliyi" və "Siyasi məhbusların müdafiəsi üzrə erməni komitəsi" də bu istiqamətdə fəal iş aparırdılar. Sovet imperiyası tənəzzül edərkən fəallaşmış erməni millətçilərinin ilhamçısı təkcə Moskva deyildi. Erməni millətçi-sosialist Daşnaksütun partiyasının 1985-ci ilin dekabrında Afinada keçirilən XXII qurultayı sərsəm "Böyük Ermənistan" uğrunda mübarizəni yenidən genişləndirmək üçün yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, qüvvələri birləşdirməyə çağırmışdı. "Qarabağ Komitəsinin" Azərbaycan SSR-də, xüsusən DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı bu millətçi təşkilatların bilavasitə köməyi ilə "Krunk" (Durna) adı altında açıq fəal mübarizəyə başlamışdı. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda "Miatsum" (birləşmə) hərəkatı genişlənirdi. Ona "55-lər komitəsi" adlı xüsusi orqan rəhbərlik edirdi.

İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda öz dədə-baba yurdunda yaşayan Azərbaycan türkləri oldular. Azərbaycanlıların qovulması kampaniyası başlandı. Bunun üçün əvvəlcədən xüsusi silahlı dəstələr hazırlanmışdı, 1986-cı ildə Ermənistanın Qafan və Mehri rayonlarında bu cinayətkar dəstələrin əməllərindən yaxa qurtaran ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. Onlar əsasən Sumqayıt şəhərində və onun ətrafındakı məntəqələrdə məskunlaşdılar. 1988-ci il fevralın 19-da Yerevanda antitürk mövqeli mitinq keçirildi. "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" və s. millətçi şüarlar irəli sürüldü. Erməni vandalları fevralın 21-də Yerevanda qalmış son məscidi də dağıtdılar. Vedibasarda Azərbaycan türklərinə qarşı terror 1988-ci ilin əvvəllərində daha da genişləndirildi. Kəndlər talan olunurdu. Qız- gəlinlər, ağsaqqallar təhqir edilirdi. Heç yerdən köməyi olmayan, döyülmüş, alçaldılmış dörd min nəfərə qədər adam ev-eşiyini atıb böyük çətinliklə, piyada, ayaqyalın-başıaçıq qarlı dağ keçidləri ilə Azərbaycana gəlməyə məcbur oldular. Bu zülm da cəzasız qaldı. DQMV-dəki erməni millətçiləri bundan ruhlanaraq daha fəal zorakılıqlar və siyasi aksiyalar təşkil etdilər. 1988-ci ilin əvvəlindən Stepankertdə erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başladı. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət qəbul etdi.

Moskva münaqişəni daha da qızışdırırdı. Sov. İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş üzvü sərhədləri dəyişdirməyin yolverilməzliyindən danışsa da, Yerevana gedən üzvü DQMV-dəki separatçılığa haqq qazandırırdı. 

Erməni millətçiləri SSRİ və Azərbaycan SSR konstitusiyalarının məlum maddələrinin əleyhinə çıxarkən və nümayişkaranə surətdə separatçılıq və terrorçuluq mövqeyində dayanarkən nəyə ümid bəsləyirdilər? Heç şübhəsiz, mərkəzi rəhbərliyin himayəsinə, Kremlin beynəlxalq hüquqa və qanunlara sayğısızlıq göstərməsinə, SSRİ-də hüquqi dövlət əvəzinə avtoritar rejimin mövcudluğuna... Axı stalinizm dövründə və "durğunluq" illərində mərkəzi rəhbərliyin özünü qanunlardan və insan hüquqlarından yüksəkdə tutması, "yenidənqurma" dövründə ümumiyyətlə qanunlara qeyri-ciddi münasibət nəticəsində müqəddəs, toxunulmaz, mümkün olmayan heç bir şey yox idi. Rəhbərlik qanunları necə istəsə elə də pozurdu və bunun üçün heç kim cəza almırdı. Stalin dövründə bir sıra millətlərə qarşı ayrı-seçkilik və deportasiya tədbirləri həyata keçirilmiş, bir millətin başqa milləti sıxışdırmasına, torpaqlarını zəbt etməsinə dəfələrlə şərait yaradılmışdı. O cümlədən erməni millətçiləri müxtəlif bəhanələrlə (məsələn, xaricdən köçən erməniləri yerləşdirmək adı ilə) azərbaycanlı əhalinin böyük bir qismini dədə-baba yurdundan kütləvi surətdə sürgün etmiş, onların yerini zəbt etmişdilər. Daha sonra guya mübahisəli olan bəzi Azərbaycan torpaqları müxtəlif yollarla ələ keçirilmişdi. Bu cür haqsızlıqların mümkünlüyünə artıq adət etmiş, "dişində şirə qalmış" erməni millətçiləri "yenidənqurma" şəraitində açılmış imkanlardan istifadə edərək bütün beynəlxalq və daxili vasitələri işə salmaq, dövlətə hər yolla təzyiq göstərmək vasitəsilə özlərinin qanundan və ədalətdən kənar işğalçılıq niyyətlərinə çatmağa cəhd göstərirdilər.
 
Erməni ekstremistlərinin hər vasitə ilə aranı qızışdırması, məsələlərin sakit şəraitdə müzakirə edilməsinə mane olması, dövlətimizə xarici və daxili təzyiqin hər cür eybəcər vasitələrindən istifadə etməsi - öz "ədalətli" tələblərinin yerinə yetirilməsi üçün bu qədər tələsiklik, hövsələsizlik göstərməsi nə ilə bağlı idi? Məgər haqlı tələb səbir və təmkinlə, əsaslı surətdə irəli sürülsə, iğtişaşlarsız və təzyiqlərsiz yerinə yetirilə bilməzdimi? Erməniləri tələsdirən nə idi?

Bəlkə DQMV-də ermənilərin həyat şəraiti pis idi, sosial-iqtisadi inkişaf səviyyəsinə görə çox geri qalmışdılar və bu şərait daha artıq dözülməz bir həddə çatmışdı? Bəlkə onları öz dillərində danışmaq, öz milli mədəniyyətlərini inkişaf etdirmək imkanından məhrum etmişdilər və ya bu istiqamətdə onlara qarşı sanksiyalar tətbiq olunmuşdu?

Xeyr, tədqiqatlar göstərdi ki, bütün bu iddialar və ehtimallar əsas-sızdır. Əksinə, nisbətdə götürəndə, bir sıra mühüm sahələrdə DQMV-nin sosial-iqtisadi göstəriciləri həm Azərbaycanın, həm də Ermənistanın müvafiq göstəricilərindən yüksək idi. Əlbəttə, sosializmin ümumi problemləri vilayətdə də iz qoymuşdu. Lakin ölkə üçün səciyyəvi olan çatış-mazlıqlardan və nöqsanlardan bütün ölkə ilə birlikdə, ümumi yenidən-qurma prosesində xilas olmaq problemin daha təbii həll yolu deyildimi? Buna baxmayaraq, DQMV-də vəziyyəti ələ almış millətçi qrupların xüsusi təşkilatçılığı sahəsində elə bir haray salınmışdı ki, onların həqiqətən də kim
tərəfindənsə bərk sıxışdırıldığını, çıxılmaz ağır vəziyyətdə qaldığını güman etmək olardı. Həm də haray salan təkcə DQMV vətəndaşları deyildi. Onların "acınacaqlı" vəziyyətindən "birdən-birə xəbər tutmuş və bu vəziyyətin dözülməzliyindən riqqətə gəlmiş" ermənistanlı soydaş-həmfikirlər daha böyük səs-küy qaldırır və "dara düşmüş" vilayət ermənilərini xilas etmək üçün həyəcan təbili çalırdılar. Bu hay-küy, bu həyəcan səsi Dağlıq Qarabağ erməni əhalisinə, sonra isə dünyanın bütün ermənilərinə və ermənipərəst qüvvələrə təlqin edildi və ekstremistlər bundan istifadə edib, öz çıxışlarmı xalqın tələbi kimi qələmə verməyə çalışdılar.

Xüsusi ustalıqla yaxşı düşünülmüş plan əsasında yaranmış belə vəziyyət, heç şübhəsiz, partiya və hökumətin diqqətini cəlb etdi və problemi geniş surətdə, daha böyük kontekstdə təhlil etməyə aman vermədiklərinə görə, "təcili xilas tədbirləri" görülməyə başlandı. Bu istiqamətdə ilk addım Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin Dağlıq Qarabağın sosial-iqtisadi və mədəni inkişafına yönəldilmiş qərarı oldu. Etiraf etmək lazımdır ki, bütün ölkə miqyasında sosial-iqtisadi vəziyyətin ağır olduğu, müəssisələrin və bütövlükdə regionların təsərrüfat hesabına keçməsinin planlaşdırıldığı bir şəraitdə vəziyyəti orta inkişaf səviyyəsindən yaxşı olan bir regiona ümumittifaq fondundan 400 mln. manat məbləğində yardım ayrılması açıq-aşkar güzəşt idi. Lakin bu güzəştli addım heç kimin gözləmədiyi halda tərs effekt yaratdı. Ayrılan pul da başqa səmtə yönəldildi.Erməni ekstremistlərinin necə deyərlər, ayaqları yer tutdu. Yaxşı uydurulmuş hay-harayın, qaragüruhçuluğun ilk nəticələrindən ürəklənərək daha çox səs-küy salmağa, daha böyük tələblər irəli sürməyə başladılar. 

Moskvanın və Azərbaycan rəhbərliyinin respublikanın suveren hüquq-larının tapdalanmasına qəti etiraz etmədiyini görən Azərbaycan xalqı böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri olurdu. Fevralın 24-də vilayətin Əskəran rayonunda ermənilərin iki nəfər azərbaycanlını öldürməsi, 19 nəfəri isə yaralaması vəziyyəti daha da gərginləşdirdi.

Erməni millətçiləri xarici ölkələrdə kök salmış lobbilərinin dünyanın əsas informasiya mərkəzlərinə təsir imkanlarından istifadə edib, beynəlxalq ictimaiyyəti aldatmağa, öz istilaçılıq niyyətlərinə haqq qazandırmaq üçün ermənilərin "cəfakeşliyi", azərbaycanlıların isə "vəhşi, quldur, qan-içən" olması haqqında yalan təsəvvürlər yaratmağa, xristian həmrəyliyinə nail olmağa, münaqişənin guya dini mahiyyət daşıdığını, hansısa qlobal xristian-islam qarşıdurmasının tərkib hissəsi olduğunu göstərməyə çalışırdılar. Öz qeyri-insani əməllərinə haqq qazandırmaq, habelə azərbaycanlıları gözdən salmaq məqsədi ilə ermənilər böyük sensasiya yaradacaq dəhşətli bir faciə törətməyi planlaşdırırdılar. Bunun üçün ən münasib yer Sumqayıt şəhəri hesab olunurdu. Son iki ildə, xüsusən 1988-ci ilin yanvar-fevral aylarında Ermənistandan zorla qovulmuş dörd min nəfərdən çox qaçqın buraya - qohumlarının yanına pənah gətirmişdi, milli iğtişaşa təhrikçilik üçün münasib şərait yaranmışdı. 

Sumqayıt aksiyası dəqiq plan üzrə həyata keçirildi: varlı ermənilər əmlakını, əmanət kassalarındakı pullarını götürüb şəhəri tərk etdilər. Hər an milli toqquşma baş verə biləcək şəhərdə həmin günlərdə milisə nəinki odlu silah, heç adi dəyənək də gəzdirməyə icazə verilmədi. Fevralın 28-ə keçən gecə general Karayevin komandanlığı altında şəhərə hərbi hissə gətirilmişdi. Onlar hadisələrin plan üzrə həyata keçməsinə bir növ nəzarət edir, şərait yaradırdılar. Şəhərdə vəziyyət DTK-nın tam nəzarəti altında idi. Sifarişlə törədiləcək faciəni lentə almaq, elə səhəri gün hay-küylə bütün dünyaya çatdırmaq üçün əsas cinayətlərin baş verəcəyi yerlərdə əvvəlcədən tele-foto-operatorlar yerləşdirilmişdi.

Azərbaycanın suveren hüquqlarının tapdanmasına, Ermənistanda azərbaycanlıların genosidinə qarşı kortəbii çıxışlar Sumqayıtda fevralın 20-dən başlanmışdı. Təhrikçi qüvvələr, cinayətkar elementlər vəziyyətdən istifadə edərək hüquq-mühafizə orqanlarının qarışmazlığı və razılığı şəraitində ehtirasları qızışdırırdılar. Fevralın 27-də böyük mitinq oldu. Səhəri gün erməni talanları başlandı. Şəhər rəhbərliyinin ordu hissələrindən istifadə edib cinayətlərin qarşısını almaq tələbi cavabsız qaldı. İlk cinayət hərəkətlərini özünü azərbaycanlı kimi qələmə verən "paşa" ləqəbli erməni təxribatçısı E. Qriqoryan törətdi. Təsir altına düşmüş cinayətkarlara erməni ünvanlarını Qriqoryanın arvadı əldə edib vermişdi. Qriqoryan özü şəxsən beş erməni öldürmüşdü. DTK-nın və erməni millətçilərinin törətdiyi bu faciə nəticəsində şəhərdə 32 nəfər, o cümlədən 26 nəfər erməni və 6 nəfər azərbaycanlı öldürülmüş, 200 mənzil qarət olunmuş, onlarla ictimai bina, avtobus, şəxsi maşınlar yandırılmışdı. Azərbaycanlılar içərisində emosional affekt vəziyyətində cinayət törə-dənlər olmuşdu. Lakin erməniləri evlərində gizlədən, onları ölümdən xilas edənlər daha çox idi.

Bu faciə kimə lazım idi? Onu kim təşkil edə bilərdi? Vaxt keçdikcə daha çox aydın olur ki, Sumqayıt hadisəsi erməni ekstremistlərinin göydə axtardığı fürsət idi ki, yerdə əllərinə düşmüşdü. Nəhayət ki, əl tutmaq üçün yer, istinad üçün real fakt, sənədli materiallar əldə edildi. Şəhərin hadisə baş verəcək yerlərində qabaqcadan hazırlanmış böyük bir təşviqat mexanizmi işə düşdü və xeyli dərəcədə şişirdilmiş məlumatlar qısa bir vaxtda dünya ölkələrinə yayıldı. Həm erməni, həm də Azərbaycan xalqı yas tutduğu bir məqamda DTK ilə əlaqəyə girib öz murdar planlarını həyata keçirən erməni ekstremistlərinin sevinci yerə-göyə sığmırdı. Millətin sıxışdırılmasına dair heç bir dəlil-sübut olmadan hay-küy qaldırmış, vəziyyəti gərginləşdirmiş və nəhayət, buna "əsas verən" bir fakt əldə etmişdilər. Düzdür, elm çoxdan sübut edib ki, səbəb nəticədən sonra gələ bilməz. Lakin buna çarə tapmaq bütün dünya miqyasında mütəşəkkil surətdə fəaliyyət göstərən təcrübəli erməni millətçilərinin əlində çox da çətin iş olmadı. Doğrudan da, səbəbiyyət zənciri tərsinə çevrildi və xarici radiostansiyalar, SSRİ-nin bir sıra mətbuat orqanları və mərkəzi televiziya Sumqayıtdakı ekstremal-psixoloji iqlimi şərtləndirmiş olan cinayətlərdən - azərbaycanlılara qarşı bu vaxta qədər törədilən planlı fitnəkarlıqlardan bir kəlmə də söhbət açmadan, Sumqayıt hadisəsini erməni hərəkatının və separatçı tələblərin səbəbi kimi qələmə verməyə çalışdılar. 21 mart 1988-ci il tarixli "Pravda" qəzetində çap olunmuş "Emosiya və zəka" adlı sanballı məqalə istisna olunmaqla, heç bir informasiya vasitəsi hadisələrin real səbəblərini və əsl mahiyyətini izah etməyə təşəbbüs göstərmədi. Hadisələr ümumi kontekstdən çıxarılmış halda təsvir olunur və bu zaman istər- istəməz subyektivliyə, birtərəfliliyə yol verilirdi.

Sumqayıt hadisələrindən sonra Ermənistanda hökumətin və "Qarabağ hərəkatı" liderlərinin mütəşəkkil surət təşkil etdiyi qanlı antitürk hərəkatı genişləndi. Bu işdə yaxşı silahlandırılan erməni qeyri-formal hərbi birləşmələri fəal iştirak etdilər. Martın 10-dan Yerevandan cənubda Mehmandar azərbaycanlı kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında Yerevan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi. Şirazlı kəndinin 880 nəfər sakini SSRİ-Türkiyə sərhədinə qaçıb orada sığınacaq tapdılar. İyunun 20-də Ararat rayonunun daha beş Azərbaycan kəndinin 10 minə qədər sakini silahlı erməni quldurlarından yaxa qurtarıb onlara qoşuldu. Erməni faşistləri Quqark rayonunda daha dəhşətli faciələr törətdilər. 1988-ci ilin noyabrın sonu, dekabrın əvvəllərində bu rayonda 70 nəfər azərbaycanlı qətlə yetirilmişdi. Rayonun təkcə Gözəldərə kəndində 21 nəfər, o cümlə-dən 6 qadın və 3 körpə öldürülmüşdü. Ermənistanda Azərbaycan türklərinin genosidi hətta burada baş verən dəhşətli zəlzələdən (7 dekabr) sonra belə dayanmaq bilmədi.

Təbii fəlakətə düçar olmuş qonşusuna ilk kömək əlini Azərbaycan uzatdı. Dekabrın 8-də Bakıdan 80 peşəkar xilasedici, 28 güclü avtokran-dan ibarət mexanikləşdirilmiş dəstə Spitaka yola düşdü, onlar təkcə ilk günlər 63 nəfəri ölümdən xilas etdilər, uçqunlar altından 320 meyit çıxartdılar. Dekabrın 11-də Azərbaycandan zəlzələ zonasına İL-76 təyyarə-sində köməyə gedən 78 nəfər, o cümlədən 50 nəfər azərbaycanlı, 13 nəfər ləzgi və başqa millətlərin nümayəndələri Leninakan yaxınlığında "qəzaya uğradı". 77 nəfər həlak oldu. Lakin erməni millətçiləri azərbaycanlılara qarşı qanlı əməllərinə yenə də son qoymadı. Nəticədə Ermənistanda bir nəfər də azərbaycanlı qalmadı. Onların son nümayəndələri - Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də bir gün içində rus əsgərlərinin köməyi ilə Ermənistandan qovuldular.

Beləliklə, Ermənistanda azərbaycanlıların genosidi və deportasiyası başa çatdı. 1988-1991-ci illərdə Ermənistandakı 185 azərbaycanlı kən-dindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərə qədər azərbaycanlı qovuldu. Onlara məxsus 31 min ev, 165 kolxoz və sovxoz əmlakı, çoxlu mal-qara talandı. 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, bədən əzaları kəsildi, gözləri çıxarıldı. Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin SSRİ-nin rəhbərliyi, habelə müvəffəqiyyətlə aldadılmış dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağ separatçılarının əl-qolunu daha da açdı. Moskva Azərbaycanın qanuni ərazisini ondan qoparıb Ermənistana birləşdirmək istəyən ermənilərin tələblərini öz torpaqlarını, konstitusiya hüquqlarını qorumaq üçün ayağa qalxmağa məcbur olmuş Azərbaycan xalqının tələbləri ilə eyniləşdirmək, nəticədə kompromis axtarmaq kimi riyakar mövqe tuturdu. Qorbaçovun 1988-ci il fevralın 23-də hər iki xalqa müraciəti, Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin "19881995-ci illərdə Azərbaycan SSR-in DQMV-nin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında" 1988-ci il 24 mart, habelə SSRİ Ali Soveti Rəyasət Heyətinin mövcud ixtilafları hər iki xalqın mənafeyinə uyğun şəkildə həll etmək haqqında 1988-ci il 18 iyun tarixli qərarları vəziyyətdən real çıxış yolları göstərə bilməzdi, çünki reallığa, obyektiv münasibətlərə söykənmirdi.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 mart 1988-ci il tarixli qərarı ilə "Krunk" cəmiyyəti xalqlar arasında nifaq salmaq kimi yolverilməz bir fəaliyyətdə günahlandırılıb rəsmən qadağan edilsə də, yenə fəal iş aparırdı. İyunun 21-də DQMV xalq deputatları sovetinin sessiyası vilayətin Ermənistan SSR-ə verilməsi məsələsini azərbaycanlı deputatların iştirakı olmadan müzakirə edərək müvafiq qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin sessiyası bunun qeyri-qanuni olduğunu bildirdi. Ermənistan SSR Ali Soveti isə yenə kobudcasına Azərbaycanın daxili işlərinə qarışaraq vilayəti öz tərkibinə qəbul etmək haqqında qərar qəbul etdi. 

Xankəndində (Stepanakertdə) tətil və nümayişlər ara vermirdi. Sentyabrın 18-də ermənilər azərbaycanlıların yaşadığı Xocalı kəndinə hücum etdilər. Qanlı toqquşma oldu. Sentyabrın 21-i və oktyabrın 18- də Xankəndində azərbaycanlıların, Şuşada isə buna cavab olaraq ermənilərin evləri, avtomobilləri yandırıldı. 1988-ci il noyabrın 24-də Ermənistan ərazisindən Qubadlı rayonunun Eyvazlı, Qədirli və Davudlu sərhəd kəndlərinə hücumlar edildi. Eyvazlı kəndi tamamilə yandırıldı. 

"Vəziyyəti nizama salmaq üçün" SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanın hüquqlarını kobud surətdə pozaraq, 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Ermənipərəst A. Volskinin başçılığı ilə birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi (XIK) təşkil edildi, bütün dövlət və ictimai orqanların səlahiyyətləri dayandırıldı. XİK vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə, onu Azərbaycana bağlayan əlaqələrin tam qırılmasına, azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına və quldur dəstələrində birləşdirilməsinə şərait yaratdı. DQMV-də və onunla qonşu olan Şaumyan və Xanlar (indiki Goran-boy rayonunun bir hissəsi) rayonlarının ərazisində silah, sursat cəbbəxanaları yaradıldı. Ermənistandan DQMV-nin Mardakert (indiki Ağdərə) rayonundakı gizli təyyarə meydanına silah və sursat daşınırdı. Azərbaycanlılardan isə adi ov silahları da alınırdı. SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə DQMV-dəki idarə və müəssisələr Azərbaycan SSR-in tabeliyindən çıxarıldı. İyunun 13-dən XİK-in tam imkan yaratdığı şəraitdə azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. Sovet Ordusunun köməyi ilə silahlı erməni quldurları - "saqqallılar" iyulda Xankəndindən bütün azərbaycanlıları (14 min nəfər) qovub çıxartdılar. Avqustun sonlarında isə azərbaycanlılar bir hissəsi qırıldıqdan sonra Cəmilli, Həsənabad və Daşbulaq kəndlərini tərk etməyə məcbur oldular.

Azərbaycanın demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda XİK-i ləğv etdi. Vilayətin idarə olunması SSRİ Ali Sovetinin xüsusi komissiyasının nəzarəti altında Azərbaycan SSR-in təşkilat komitəsinə tapşırıldı. Lakin yenə də Mərkəz tərəfindən qəti tədbir görülməməsi erməniləri yeni təhrikçi hərəkətlərə şirnikdirirdi. Ermənistan SSR Ali Soveti dekabrın 1-də "Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında" qərar qəbul etdi. Xankəndində Ermənistan bayrağı qaldırıldı, təsərrüfat idarələri və müəssisələr Ermənistanın nazirlik və baş idarələrinə tabe edildi. Vəziyyət daha da gərginləşdi. Azərbaycanda Moskvanın siyasətinə qarşı etiraz dalğaları gücləndi. 

1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMV və ətraf rayonlarda fövqəladə vəziyyət elan etdi. SSRİ Nazirlər Soveti 1990-cı il mayın 22-də Muxtar Vilayətin iqtisadiyyatını idarə etmək hüququnu yenidən Azərbaycana qaytardı. Respublika təşkilat komitəsi, hərbi komendatura, xüsusi təyinatlı milis dəstələri vilayətdəki azərbaycanlılar yaşayan kəndlərin mühasirəsini yarmağa, qanunsuz silahlı dəstələri ləğv etməyə başladı. Ermənistandan buraya silah və sursat daşınmasının qarşısını almaq üçün tədbirlər görüldü. 1990-cı ilin yanvar-iyun aylarında vilayətin 43 yaşayış məntəqəsində 67 xüsusi əməliyyat aparıldı və silahlar quldurlardan alındı. 

Lakin Ermənistandan Azərbaycan ərazisinə silahlı basqınlar edilirdi. Naxçıvan MSSR Ermənistan tərəfindən blokadaya alınmışdı. Ermənilər Azərbaycan dəmir yolunun Ermənistanın Mehri rayonu ərazisindən keçən hissəsində qatarların hərəkətinə mane olur, onları atəşə tutur, dəmiryolçuları, sərnişinləri qətlə yetirirdilər. 1990-cı ilin fevral-may aylarında erməni faşistləri Naxçıvanın Kərki kəndinə basqınlar edib 320 sakini oradan qovdu və kəndi ələ keçirdi. Bu əməliyyatlarda sovet ordusunun əsgərləri və zabitləri də iştirak edirdilər. Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulurdu. 1990-cı il martın 24-də gecə üç erməni hərbi hissəsi rusların köməyi ilə Qazax rayonunun Bağanıs-Ayrım kəndinə hücum etdilər. Kənd əhalisindən yeddi nəfəri, o cümlədən iki qadını və iki aylıq körpəni öldürüb yandırdılar.

Bütün bunlar hakimiyyət böhranının, Moskva canişini və onun aparatının respublikadakı hadisələrə nəzarəti tam itirməsinin təzahürü idi. Mərkəz bununla barışa bilmirdi. Yanvarın əvvəllərindən başlayaraq respublikada müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirildi. SSRİ müdafiə naziri Yazov gizli şəkildə Gəncəyə gəlmiş, vəziyyətlə tanış olmuş və respublika rəhbərliyinin təklifləri də nəzərə alınmaqla "Tayfun" (Tufan) adlı qanlı əməliyyat planı hazırlanmışdı. 

Ermənilərin təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd kəndlərinə, DQMV-də azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar isə getdikcə artırdı. Yanvarın 12-də Ermənistan SSR-dən 500 nəfər silahlı quldur, vertolyot Xanlar rayonunun Quşçu kəndinə hücum edib dinc əhaliyə divan tutmuş, onlarla sakini, qocaları, qadınları, uşaqları vəhşicəsinə öldürmüşdü.

Bütün bu hadisələrə müxtəlif vasitələrlə münasib şərait yaradan Moskva öz istəyinə nail olmuşdu. Əhali Azərbaycan Xalq Cəbhəsinin 6-7 yanvar 1990-cı il konfransında yeni seçilən İdarə Heyətində üstünlük təşkil edən liberalların deyil, radikalların arxasınca gedirdi. Yanvarın 12-də radikallar Milli Müdafiə Şurası (MMŞ) təşkil etdilər. Respublikanın təhrikçi rəhbərliyi də gəncləri MMŞ-nin köməyi ilə milis hissələrinə cəlb edib, silahlanmağa, müəssisələrdə fəhlə drujinaları təşkil etməyə çağırırdı. 

AXC-ni dağıtmaq, xalq hərəkatını boğmaq üçün ən münasib vaxt yetişmişdi. Həmin dövrdə Bakıda milli azadlıq hərəkatı, kommunist rejiminə və imperiya əleyhinə çıxışlar dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanırdı ki, bu da Kremlə öz məkrli siyasətini həyata keçirməkdə mane olurdu. Xalq hərəkatının imicini aşağı salmaq, reputasiyasına xələl gətirmək lazım idi. Buna görə də Sumqayıt ssenarisinə bənzər bir ssenari hazırlanmışdı. Yenə də yerli milis tərk-silah edilmiş və mənəvi-psixoloji cəhətdən kütləşdirilmiş, Mərkəzdən daxili qoşun hissələri gətirilmişdi. Vəziyyətə Moskva nəzarət edirdi. Azərbaycanlıların əli ilə təxribatlar törətmək, siyasi aksiyaları milli müstəviyə yönəltmək, öz beynəlmiləlliyi ilə şöhrət tapmış Bakıda milli qırğın törətməklə beynəlxalq ictimai rəyi məqsədyönlü surətdə dəyişmək və Bakı əhalisinə qarşı planlaşdırılmış cəza tədbirlərinə "haqq qazandırmaq" ssenarisi həyata keçirilirdi.

Beləliklə, Bakıda Sumqayıt ssenarisi artıq hazır idi və hər şey bir qığılcıma bənd idi. Yanvarın 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq ermənilərə qarşı hüquqazidd hərəkətlər baş verdi. Ayrı-ayrı dəstələrin azğın əməllərinə nə yerli hüquq mühafizə orqanları, nə də o zaman Bakıda olan SSRİ Daxili İşlər Nazirliyinin 12 minlik silahlı qüvvəsi mane olmadı. AXC İdarə Heyəti öz bəyanatında bu cinayətləri qətiyyətlə pislədi, onların səbəblərini göstərdi və qeyd etdi ki, AXC humanizm, demokratiya, insan hüquqlarının 
müdafiəsi prinsiplərinə əsaslanır. Əhalinin köməyi ilə ermənilərin çoxu evlərdə, məscidlərdə, hərbi hissələrdə sığınacaq tapmışdılar. Bu işdə AXC üzvləri xüsusi fəallıq göstərmişdilər. Qanunazidd hərəkətlərin qarşısı MMŞ özünümüdafiə dəstələrinin gücü ilə yanvarın 15-də, demək olar ki, alındı. MMŞ özünü-müdafiə dəstələri şəhərə tam nəzarət edirdilər. Xalqa tutulacaq divana hüquqi don geyindirilməsi üçün fövqəladə vəziyyət elan olunması planlaşdırılmışdı, Ə. Vəzirov yanvarın 14-də Azərbaycan KP MK bürosunda müzakirə etdikdən sonra qeyri-qanuni olaraq özünün çağırdığı Azərbaycan SSR Ali Soveti sessiyasında DQMV və zərurət olarsa ona bitişik rayonlarda və sərhəd boyunda fövqəladə vəziyyət elan olunması və mərkəzdən lazımi köməklik göstərilməsi haqqında qərar qəbul edilmə-sinə nail oldu. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin müraciəti əsasında SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 15-də "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət élan olunması haqqında" fərman verdi. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edil-məsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün. Lakin respublika hökuməti iflic vəziyyətində idi.

İmperiya respublikada hakimiyyət böhranından, bəzi bölgələrdə olduğu kimi, Bakıda da sovet hökumətinin devriləcəyindən, beləliklə, Azərbaycanı itirəcəyindən qorxub Bakının ətrafına əlavə qoşun hissələri, ağır texnika gətirməyə başladı. MMŞ-nin təşəbbüsü ilə şəhərin girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında əhali yük, minik maşın-larını, avtobus və trolleybusları yan-yana düzüb barrikadalar qurdu, piketlər təşkil etdi.Yollarda 26 iri maneə yaradıldı. 

Şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmalarının yolu kəsildi. Şəhərin hərbi komendantlığı həmin günlərdə, buna heç bir ehtiyac olmadığı halda, rusdilli əhalini, ilk növbədə hərbi qulluqçuların ailələrini Azərbaycandan köçürməyə başladı. Guya bu onların təhlükəsizliyi üçün edilirdi. Əslində isə məqsəd Bakıya qoşun yeridilməsinin vacibliyi haqqında beynəlxalq ictimaiyyətdə yəqinlik yaratmaq idi.

Moskvanın Bakıya göndərdiyi emissarların - SSRİ Ali Soveti İttifaqlar Sovetinin sədri Y. Primakov və Sov. İKP MK katibi A. Girenkonun AXC-nin radikal və liberal qanadlarının nümayəndələri ilə ayrı-ayrılıqda görüşləri müsbət nəticə vermədi. Yanvarın 17-dən Azərbaycan KP MK binası qarşısında izdihamlı mitinq başlandı, ümumi tətil elan olundu. Tələb edildi ki, Ermənistanın Azərbaycana ərazi iddialarına son qoyulsun, imperiyanın Bakı ətrafında yığdığı qoşunlar Dağlıq Qarabağa, daima basqınlara məruz qalan sərhəd bölgələrinə göndərilsin. Mitinqçilər xalqa xəyanətdə təqsirkar bildikləri respublika partiya, dövlət və hökumət başçıları üçün simvolik dar ağacları qurmuşdular. Ayaz Mütəllibov, Vaqif Hüseynov, Müslim Məmmədov siyasi meyitə çevrilmiş Ə. Vəzirovun yerinə Moskvalı ağalarından xeyir-dua almaq üçün mübarizə apardıqları vaxt "yuxarılara" əli çatmayan başqa kommunist hakimiyyət hərisləri xalq hərəkatından istifadə etməyə çalışırdılar. Mitinqdə iştirak edənlər də Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə öz namizədlərini irəli sürürdülər. Moskvanın təyin etdiyi canişinin istefası tələbi qəti rədd edildi. A. Girenko açıqca bildirdi ki, respublika rəhbərliyini Sov. İKP MK-nın deyil, kütlələrin dəyişməsi yolverilməzdir. 

Başqa bölgələrdə də vəziyyət gərgin idi. 11 rayonda izdihamlı mitinqlər keçirilirdi. Mərkəz Naxçıvanda da xalqa divan tutmaq məqsədi ilə fövqəladə vəziyyət elan edilməsi üçün təzyiqlər göstərirdi. Lakin bütün cəhdlərə baxmayaraq, o, buna nail ola bilmədi. Xalqın tələbi ilə Naxçıvan MSSR Ali Soveti yanvarın 19-da Muxtar Respublikanın SSRİ tərkibindən çıxması haqqında qərar qəbul etdi.

Qanlı Yanvar. Moskva özü yerli əlaltılarının fəal köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şərait yarada bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin, komendant saatının vaxtında elan edilməsi Moskvanın qanlı planlarmı poza bilərdi. Ona görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunduğu təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin radikallar adamlara "silah", "kömək gələcəyi" haqqında yalan vədlər verir, onları sonacan barrikadaları tərk etməməyə çağırırdılar.

Piketçilər Moskvanın və respublikanın səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar. Xalqa məlumat verilməsin deyə, yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. 

Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri D. Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahdan güclü atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyalarının işçiləri küçə fənərlərini söndürmüşdülər. Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən adamlar döyüş texnikasındakı projektorların köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilmə-sinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olurdular.

Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmışdı. 400 nəfər həbs olunmuş, 4 nəfər itkin düşmüşdü. Evlər yandırılmış, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. "Bakı əməliyyatı"nda, əsasən, yanlışlıqla bir-birini atəşə tutmaq halları ilə əlaqədar 25 nəfər hərbi qulluqçu ölmüş, 283 nəfər yaralanmışdı. 

Fövqəladə vəziyyət haqqında fərman yanvarın 20-də saat 7-də elan olunmuşdu. Qanlı Yanvara etiraz olaraq respublikada 40 günlük ümum-milli tətil başlandı. Azərbaycanda yüksək vəzifə sahibi olanlar xalqa kömək etmək, ona arxa olmaq əvəzinə vəzifə kürsülərini qorumaq naminə qaçıb gizləndilər. Bir sıra qabaqcıl ziyalılar yanvarın 20-də Akademiyada etiraz mitinqi keçirdilər. Ziyalıların səsini boğmaq, onları qorxutmaq üçün bu mitinqin iştirakçısı olan iki görkəmli elm xadimi, professor işə gedərkən tankın altına salınıb məhv edildi.

Hərbi hökumət gərginliyi bir qədər yumşaltmaq üçün həmin gün radio ilə Azərbaycan SSR Ali Soveti sədrinin Bakıda fövqəladə vəziyyət elan olunmasına və şəhərə qoşun yeridilməsinə qarşı etiraz bəyanatının yayılmasına icazə verdi. Xalq deputatları - şair Bəxtiyar Vahabzadə, yazıçılar Anar və Elçin Ali Sovet sədrindən fövqəladə sessiya çağırılmasını, hadisəyə qiymət verilməsini tələb etdilər. Bəxtiyar Vahabzadə radio ilə xalq deputatlarına müraciət etdi. Yanvarın 21-22-də deputatların üçdə birinin təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirildi. Moskvanın kimi birinci katib təyin edəcəyini gözləyən yüksək vəzifə sahibləri, bu sessiyanın işində, demək olar ki, iştirak etmədilər, hətta onu qeyri-qanuni yığıncaq adlandırdılar. Deputatların bir qismi baş vermiş faciəyə siyasi qiymət verməyə çalışdı. Onu törədən ölkə və respublika rəhbərlərinə qəti etirazlarını bildirdilər. Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərmanın fəaliyyətini dayandırmaq, ordu hissələrini şəhərdən çıxarmaq barədə qərar qəbul olundu. Lakin Moskva bu qərara əhəmiyyət vermədi.

Xalq vahimə içində idi; o, qanına bulanmış, alçaldılmış, təhqir olunmuşdu. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi. Bu ağır günlərdə xalqla olduğunu bildirdi, 20 yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. 

Bu tarixi çıxışın mətni respublikada, bütün dünyada geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin, doğma oğlunun onunla olduğunu, onu cəsarətlə müdafiə etdiyini gördü, ürəkləndi.

Bakı, bütün Azərbaycan, fövqəladə vəziyyətə baxmayaraq, yanvarın 22-də şəhidlərlə vidalaşdı. Şəhər matəm libası geymişdi. Respublikada üç gün matəm elan olunmuşdu. "Azadlıq" meydanında böyük matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində iki milyona qədər adam iştirak edirdi. Bu, azadlıq yolunda müqəddəs şəhidlərə ehtiramın, habelə Moskvanın qanlı əməllərinə qarşı etirazın ifadəsi idi. Küçələrdə, Azərbaycan KP MK binasının divarlarında "Qorbaçov cəlladdır!", "Rədd olsun Sov. İKP!", "İşğalçılar, rədd olub gedin!" və s. şüarları yazılmışdı. Partiya biletlərindən tonqallar qalanırdı. 

Şəhidlər şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edildilər. 

Xalqa qarşı sovet ordusunun qanlı cinayətləri isə hələ bitmək bilmirdi. Qanlı qırğına etirazını bildirmək üçün Bakı buxtasına gəlmiş "Xəzərneftdonanması"nın gəmiləri burda hərbi gəmilər tərəfindən mühasirəyə alınaraq gülləbaran edilmiş, onlarla dənizçi dövlət çevrilişi cəhdinin iştirakçısı kimi həbs olunmuşdu. 

Sovet hökumətinin xalq tərəfindən devrildiyi bölgələrdə ordunun köməyi ilə kommunistlərin hakimiyyəti yenidən bərpa olundu. Ordu Lənkərana yeridildi. Hələ yanvarın 18-də bu rayonda partiya komitəsi və yerli hökumətin fəaliyyəti bərpa edilmişdi. Xalq Cəbhəsinin radikal qanadına mənsub silahlı qrup İstisu meşəsinəçəkildi. Yanvarın 26-da meşəyə desant salındı. Döyüşdə beş nəfər öldürüldü, bir neçəsi həbs edildi.

Moskva gizlicə respublikadan qaçmış Ə. Vəzirovun yerinə hakimiyyət uğrunda mübarizədə bütün vasitələrdən istifadə edərək qalib gəlmiş Ayaz Mütəllibovu yanvarın 24-də Azərbaycan KP MK-nın birinci katibi seçdirdi.

İmperiya, onun yerli əlaltıları istədiklərinə nail oldular. Bakıda fövqəladə vəziyyət, komendant saatı tətbiq edildi. Milli Müdafiə Şurası dağıdıldı, bir çox fəal cəbhəçilər həbs olundu. AXC-nin seçkilərdə demokratik yolla hakimiyyətə gəlməsi kimi real imkan aradan qaldırıldı. 

Qanlı Yanvar qırğını həm də rus şovinistlərinin erməni daşnakları ilə birgə apardıqları antitürk siyasətinin, türk soyqırımının tərkib hissəsi idi. İmperiyanın Qazaxıstanda (Alma-Atada), Özbəkistanda, DQMV-də tökdüyü qanlara daha 117 şəhid, yüzlərlə yaralanmış azərbaycanlının qanı əlavə olundu.

Lakin imperiya qanlı əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, özünün dayağı olan kommunist partiyasını, sovet hökumətini xalqın gözündən daha da saldı, bəzilərində "yenidənqurma"ya olan ümidi puça çıxardı, təsdiq etdi ki, imperiya üçün xalqların ləyaqəti, respublikanın suverenliyi heç nədir. Qanlı Yanvar günləri on minlərlə kommunist partiya biletini cırıb atdı, yandırdı, qaytardı. 

Əgər Qanlı Yanvara qədər Azərbaycan xalqının bəzi qüvvələri respublikanın suverenliyini SSRİ daxilində mövcud siyasi və iqtisadi münasibətlərin təkmilləşdirilməsi kimi qeyri-real imkanlarda axtarırdısa, bu hadisə sübut etdi ki, suverenliyin yeganə yolu sovet imperiyasından çıx-maq, dövlət müstəqilliyini bərpa etməkdir. Etiraz hərəkatı Meydan dağıdılandan sonra demokratik hərəkata çevrilmişdisə, Qanlı Yanvar milli azadlıq hərəkatının yüksəlməsinə səbəb oldu.

1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 11-də Ermənistanla sərhəd xətti boyu fövqəladə vəziyyət elan etdi. Sərhədlər mühəndis qurğuları ilə möhkəmləndirildi, onu müdafiə etmək üçün xüsusi milis dəstələri yaradıldı. Bu zaman SSRİ silahlı qüvvələri SSRİ-nin saxlanma-sına münasibət haqqında 17 mart ümumittifaq referendumunda iştirak etməyən Ermənistana "dərs vermək", habelə Azərbaycandakı kommunist rejimini dəstəkləmək üçün erməni silahlı dəstələrinə köməyi xeyli azaltdı. 1991-ci il mayın əvvəllərində Çaykənd və Martunaşendə pasport rejimi yoxlanıldı və hərbiləşdirilmiş erməni birləşmələri tərksilah edildi. İyulun əvvəllərində Goranboy rayonunun Azadkənd, Sarısu, Manaşid, Erkeç və Buzluq kəndlərində erməni silahlı quldurlarının dayaq məntəqələri dağıdıldı. Erməni əhali öz razılığı ilə bu bölgələrdən köçüb getdilər. Lakin ermənilər sərhəd zonalarındakı Azərbaycan kəndlərinə basqınlardan əl çəkmirdilər. Avqustun 18-22-də erməni hərbi hissələri rusların köməyi ilə, vertolyotlar və ağır texnikadan istifadə etməklə Qazax rayonuna hücuma keçdi. Bağanıs-Ayrım kəndi dağıdıldı, dinc əhaliyə işgəncələr verildi. Erməni hərbi hissələrinin Zəngilan, Qubadlı və Laçın rayonu kəndlərinə də hücumları ara vermirdi. Bu vaxt Qubadlı rayonunun Yuxarı Cibikli kəndinə erməni quldurları basqın etmişdilər. Əhali mərdliklə müqavimət göstərdi, 20 erməni qulduru məhv edildi. Burada olan Sovet Ordusu dəstəsi, demək olar ki, seyrçi mövqe tutmuşdu. Təkcə ukraynalı Oleq Babak əliyalın azərbaycanlılara kömək etdi və qəhrəmanlıqla həlak oldu. Ölümündən sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Can üstündə olan imperiya milli münaqişəni daha da dərinləşdirdi. Lakin onun iflası günü-gündən yaxınlaşırdı. İmperiyanın pəncəsindən xilas olmağa çalışan xalqın tələbi ilə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında Respublikanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul olunması ilə əlaqədar Dağlıq Qarabağ münaqişəsi daha da kəskinləşdi. Bu münaqişə Ermənistanın əli ilə Azərbaycana qarşı aparılan açıq-aşkar təcavüzkar müharibəyə çevrildi. 
  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az