"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Azərbaycan müstəqillik illərində: SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət Azərbaycan müstəqillik illərində: SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət ================================================================================ admin on 23 December, 2009 Sosialist inqilabından sonra Azərbaycanın taleyi yenə də Rusiyanın taleyi ilə sıx surətdə bağlı idi. Rusiyada, bütövlükdə keçmiş SSRİ ərazi-sində və dünya sosializm sistemində gedən ictimai-siyasi proseslər isə cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqlarından irəli gəlməyən ehkamçı fəlsəfəyə və ideya qaynaqları kənardan götürülmüş ideologiyaya əsaslandığından, həmişə yuxarıdan nəzarət altında, hərbi maşının gücü və vahiməsi ilə həyata keçirilirdi. Belə böyük miqyaslı ictimai prosesləri öz təbii axarından fərqli istiqamətə yönəltmək əlavə enerji, böyük daxili gərginlik tələb edirdi. Ona görə də SSRİ ancaq dəmir rejim şəraitində, böyük iradəli xarizmatik bir liderin rəhbərliyi ilə yaşaya bilərdi. Liberal siyasət, fikir plüralizmi, demokratik meyllər avtoritar rejimlə bir araya sığa bilməzdi. İ. V. Stalinin vəfatından sonra cəmiyyət nisbətən sərbəst nəfəs almağa başladı. Dəmir rejim bir qədər zəiflədi. İdeoloji təqiblər davam etsə də, formasını dəyişdi və yaradıcı təfəkkür üçün müəyyən hüdud daxilində meydan açıldı. Lakin qorxu hissinin azalması cəmiyyətdə neqativ hadisələr üçün də meydan açmış oldu. Rejimin mahiyyəti ilə ona uyğun gəlməyən yeni təzahürlər, hadisələr arasındakı ziddiyyət əvvəlki ictimai inkişaf tempinin aşağı düşməsinə səbəb oldu. 70-ci illərin axırları, 80-ci illərin əvvəllərində SSRİ-də sonralar "durğunluq dövrü" adlandırılan bir dövr yaşandı. Bu dövr tənəzzül məqamlarının tərəqqi məqamlarını üstələməsi ilə səciyyələnirdi. Bütün ölkə miqyasında iqtisadiyyat inkişafdan qalmış, reqressiv proseslər başlanmışdı. "Yenidənqurma" əməliyyatı da əslində məhz bu durğunluq dövrünün nəticələrini aradan qaldırmağa yönəldilmişdi. Lakin həmin dövrdə Azərbaycan tarixini vərəqləyərkən paradoksal vəziyyətlə qarşılaşmış oluruq. Bütün ölkə miqyasında inkişafın ləngidiyi və bir sıra sahələrdə hətta tənəzzül getdiyi bu dövr Azərbaycanda ancaq sürətli inkişaf və dirçəliş dövrü kimi səciyyələnə bilər. Bəs necə ola bilmişdi ki, Azərbaycan ölkə miqyasında gedən bu mənfi proseslərdən bir növ kənarda qalmış, əksinə, iqtisadiyyatın demək olar ki, bütün sahələrində: sənayedə, kənd təsərrüfatında, şəhərsalma və tikintidə, elm və mədəniyyətdə böyük uğurlar qazanaraq sürətli inkişaf yolunu tuta bilmişdi? Mərkəzləşmiş sovet iqtisadi sistemində qalmaqla yanaşı belə avtonom mövqe tutmaq və ümumi xəstəliklərdən, durğunluq bəlasından özünü qorumaqla bərabər, daxildə belə inkişaf potensialı arayıb tapmaq çox çətin ağla gələn bir iş idi. Üstündən 20 il keçdikdən sonra tam və hissə arasındakı bu uyğunsuzluq, bu mənzərənin paradoksallığı daha qabarıq şəkildə nəzərə çarpır, lakin onu mümkün edən səbəblər də üzə çıxır, o vaxt bizim üçün müəmmalı görünən bir çox qaranlıqların üzərinə indi işıq düşür. Bu mənada "tarix hər şeyi öz yerinə qoyur" (H.Ə.ƏIiyev). Getdikcə daha aydın görünür ki, ümumi durğunluq kontekstində tərəqqi paradoksunu şəxsiyyətin müstəsna rolundan başqa heç bir amillə izah etmək mümkün deyil. Çünki indi sovet milli siyasətinin iç üzü ortaya çıxdıqdan sonra bəlli olur ki, SSRİ məkanında Azərbaycana başqalarına nisbətən ancaq daha pis bir aqibət hazırlana bilərdi. Bir türk respublikasının irəli çıxması, sürətlə tərəqqi etməsi Mərkəzin siyasəti, dəsti-xətti ilə heç cür uyğunlaşmırdı. Deməli, kimsə Mərkəzin siyasətindən, ümumi meyllərdən, qanuna-uyğunluqlardan kənara çıxırdı, kimsə tabunu pozurdu, kimsə axının əksinə üzürdü. Həm də dərin qatlarda, gözə görünmədən üzürdü. Hər dəfə aşkarda axın istiqamətində, alt qatda isə ikiqat sürətlə axına qarşı üzmək üçqat enerji, qeyri-adi güc və iradə tələb edir. O vaxt bu gücün bizə haradan gəldiyini çoxları dərk etmirdi. O vaxt bunu dərk etmək çətin idi. Hər bir hadisə, hər bir insan ömrü, xalq, ölkə ancaq zaman və məkan kontekstində, öz genetik kökləri və daxil olduğu əlaqələr sistemində öyrənilə bilər. Baş verən prosesləri infrastruktursuz, makro-mühiti, atmosferi öyrənmədən qiymətləndirmək mümkün olmadığı kimi, onlara kiçik zaman intervalında, ancaq həmin dövrün meyarları ilə düz-gün qiymət vermək də mümkün deyil. Ona görə də biz o vaxt Azərbaycanda sürətli inkişafa normal bir hal kimi baxırdıq və hər yerdə belə olduğunu zənn edirdik. SSRİ miqyasında qərarlaşmaqda olan tənəzzül meyli ideoloji mülahizələrlə ört-basdır edilir, həqiqi vəziyyət əhalidən gizlədilirdi. Bunlar yalnız 80-ci illərin ikinci yarısında aşkarlanmağa başladı. Onda da durğunluqdan istisnalar olduğunu, Azərbaycanın 70-ci illərdə bu meyldən kənarda qaldığını qeyd etmək ölkənin siyasi rəhbərliyinə sərf etmədiyindən yenə açıqlanmadı. (O vaxt bəyan edilən "aşkarlıq" da əslində məqsədyönlü bir aşkarlıq idi). Yeni ölkə rəhbərliyi - M. S. Qorbaçov hakimiyyəti durğunluq illərini təhlil edərkən Azərbaycanın istisna təşkil etdiyini görməyə bilməzdi. Lakin məhz bunu gördüyünə görə, bu istisnanın "günahkarının" daha nələr edə biləcəyini anlayaraq onu təcili olaraq rəhbərlikdən uzaqlaşdırmaq qərarına gəldi və təkcə vəzifədən uzaqlaşdırmağın kifayət etmədiyini bilərək onu yüksəlmiş olduğu böyük nüfuz zirvəsindən də salmaq planı işlənib hazırlandı. Çox təəssüf ki, imperiya paytaxtında Heydər Əliyevə qarşı hazırlanan siyasi sui-qəsdin əsl səbəbini, məğzini anlamaq o dövrdə asan deyildi və Azərbaycanda da bu kampaniyaya qoşulanlar tapıldı. Daha doğrusu, bilərəkdən bu kampaniyada iştirak edənlər sat-qınlar, bilmədən qoşulanlar isə sadəlövhlər və əqidəsizlər idi. Bütövlükdə xalq və ilk növbədə onun həqiqi ziyalı elitası isə bu xəbərdən sarsıldı və bunu hətta milli faciə kimi qəbul etdi. Ona görə yox ki, xalq Kremldə gedən və bəlkə də dünyanın gələcək taleyinə təsir edəcək böyük siyasi oyunların əsl mahiyyətindən xəbərdar idi. Sadəcə ona görə ki, xalq Heydər Əliyevi sevirdi, onunla fəxr edirdi, bu dəyişikliyin gələcək ağır nəticələrini öz fəhmi, intuisiyası ilə duyurdu. Sovet rejiminin xüsusiyyətlərini dərindən bilən, rus dilində ən mahir natiqlərdən biri kimi tanınan, öz milli dili və mədəniyyəti ilə yanaşı rus dilini və mədəniyyətini də qiymətləndirməyi bacaran və öz işgüzarlığı ilə əvvəlki rəhbərliyin etimadını qazanaraq ölkənin ən nüfuzlu rəhbərləri sırasına daxil olan, Siyasi Büroda da nəzəri və əməli keyfiyyətləri ilə hamıdan seçilən, yüksəkdə dayanan bir adamın qəlbində Azərbaycan sevgisi gəzdirməsi Mərkəzin siyasətinə uyğun gəlmirdi. Kremldə oturan bir adam üçün bu həddindən artıq böyük cəsarət idi. Bunu bağışlamaq olmazdı. Kim də bağışlasa, ermənipərəst M. S. Qorbaçov bağışlaya bilməzdi. Onun şəxsən Heydər Əliyevə qarşı heç bir iddiası olmasa da, bütövlükdə millətə qarşı iddiası var imiş. Bu mövqeyin bir şəxsə deyil, onun simasında Azərbaycana qarşı mövqe olduğu sonralar, "Qarabağ problemini" dəstəkləyərkən üzə çıxdı və 20 Yanvar qırğını zamanı özünü tam açıqlığı ilə göstərdi. Bundan xeyli əvvəl Azərbaycanda böyük üzümçülük, şərabçılıq təsərrüfatı darmadağın edilərkən çoxları sadəlövhlüyündən bunun həqiqətən antialkoqol kampaniyası olduğuna inanırdı. Bu kampaniyanın əslində həm də milli-siyasi mülahizələrlə bağlı olduğu da sonralar aydınlaşdı. Mərkəzin Azərbaycan haqqında hazırladığı riyakar planların həyata keçirilməsi də "Dağlıq Qarabağ" kartı hələ ortaya atılmamışdan bir neçə il əvvəl Heydər Əliyevə qarşı kampaniya ilə başlandı. Mərkəz Azərbaycanla bağlı buraxdığı "səhvləri düzəltməyə" başladı. Azərbaycanın o vaxtkı zəif rəhbərliyi də Siyasi Büro səviyyəsində gedən proseslərin məğzini anlamadan Kremlin çaldığı yeni havaya uyğunlaşmağa çalışdı. Bu yeni musiqinin leytmotivi isə Azərbaycanı 70-ci illərdə keçmədiyi durğunluq mərhələsindən keçirmək idi. SSRİ miqyasında durğunluq tendensiyasından xilas olmaq üçün axtarışlar getdiyi, rəsmən aşkarlıq, plüralizm, demokratiya və s. elan olunduğu, yerlərdə müstəqilliyin artması üçün şərait yarandığı bir vaxtda Azərbaycanda yenidən əks bir meyl özünü göstərdi. Bütün ölkə durğunluqdan xilas üçün yollar axtararkən Azərbaycan özünün durğunluq dövrünü yaşamağa başladı. Lakin Azərbaycan 70-ci illərdə və 80-ci illərin əvvəllərində artıq elə bir səviyyəyə çatmışdı ki, bu səviyyədə qalmaq özü də bir nailiyyət sayıla bilərdi. Bu illərdə yaradılmış sənaye müəssisələri, ən müasir texnologiyaya əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi. Bakı Kondisionerləri Zavodu, "Ozon" Elm-İstehsalat Birliyi, Elektron Hesablayıcı maşınlar Zavodu, Dərin Özüllər Zavodu, Azərbaycan DRES-i, Sumqayıt Kompressor Zavodu, Üst Trikotaj Fabriki, Bakı Tikiş və Ayaqqabı Fabriki, Gəncə Əlvan Metallar Emalı Zavodu, Naxçıvan Şüşə Qablar Zavodu, Əli-Bayramlı Məişət Cihazları Zavodu və s. yüzlərlə digər iri sənaye obyektləri Heydər Əliyev iqtisadi siyasətinin diqqətəlayiq bəhrələri idi. Həmin dövrdə bir çox zavod və fabriklər, o cümlədən neftayırma və neftmaşınqayırma zavodları da, demək olar ki, tamamilə yenidən qurulmuşdu. Bütün bunlar, habelə respublikanın mədəni-mənəvi inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycanın gələcəkdə müstəqil mövcudluğu üçün kifayət qədər güclü zəmin yaratmışdı. Azərbaycanın paytaxtı Bakı şəhərində mötəbər məclislər, beynəlxalq konfranslar keçirmək üçün möhtəşəm saraylar ucaldıldı ki, bunlar da müstəqil dövlətçilik üçün zəruri maddi baza idi. Lakin 80-ci illərin ikinci yarısında mərkəzi rəhbərlik Azərbaycanın qalxmış olduğu bu yüksək səviyyə ilə heç cür razılaşa bilmirdi. SSRİ-nin dağılacağını və respublikaların müstəqilləşməsi şansını hamıdan əvvəl görən imperiya rəhbərliyi türk respublikalarının sovet dövründə əldə etdikləri iqtisadi və mədəni-mənəvi potensialı zəiflətmək üçün geniş miqyaslı tədbirlər həyata keçirməyə başladı. "O illərdə - 80-ci illərin ortalarında biz ayrı-seçkiliyə məruz qalırdıq. Mən həm Azərbaycanı, həm də Orta və Mərkəzi Asiyanın bəzi digər respublika-larını nəzərdə tuturam. İndi məhz bunu xatırlamağa lüzum var ki, o illərdə xalqların, o cümlədən Özbəkistan və Azərbaycan xalqlarının milli azadlığı və dövlət müstəqilliyi üçün şərait yetişməyə başlayan vaxtlarda son dərəcə çox əngəllər törədilirdi. 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün başlanması da, nəinki Ermənistandakı ayrı-ayrı millətçilərin və özgə ərazisini ələ keçirməyə can atan şəxslərin əməlləri idi, həm də böyük bir siyasətin - artıq baş vermiş müsbət proseslərə maneçilik törətməyə yönəldilmiş siyasətin bir hissəsi idi" (Heydər Əliyev). Mərkəzin belə məqsədyönlü imperiya siyasəti millətlərin azadlığa çıxmaq, dövlət müstəqilliyi əldə etmək şansına qarşı yönəldilmişdi. İctimai-iqtisadi tərəqqinin müəyyən bir mərhələsində insanların milli şüurunun istər-istəməz formalaşması, xüsusən birləşdirici amil olan kommunist ideologiyasının böhranı şəraitində imperiya üçün böyük təhlükə idi. Vahid "sovet milləti" yetişdirmək cəhdlərinin boşa çıxdığı artıq aydın idi. Hələ sosialist sisteminin dağılması ehtimalı çox az olan vaxtlarda, əksinə, Moskvanın dünya kapitalizm sistemini dağıtmaq üçün planlar hazırladığı vaxtlarda SSRİ-nin milli tərkibi haqqında bir sıra proqnozlar Qərb dünyasını narahat edirdi. Bu, ilk növbədə, SSRİ daxilində türk xalqlarının (başqa variantda islam amilinin) xüsusi çəkisinin artması idi. Hələ nə qədər ki, söhbət yalnız əhalinin miqdarından gedirdi, bu fakt o qədər də qorxulu görünmürdü. Çünki həm iqtisadi potensialına görə, həm də intellektual, mədəni-mənəvi aspektlərdə geri qalmış xalqların çoxluğu siyasi müstəvidə ciddi bir amil kimi qiymətləndirilə bilməzdi. Lakin elə ki, SSRİ məkanındakı türk xalqlarının sosial-iqtisadi, intellektual və mədəni-mənəvi inkişafı nəzərə çarpacaq bir səviyyəyə qalxdı və iş o yerə gətirdi ki, onların nümayəndələri Siyasi Büroya üzv seçildilər və hətta SSRİ hökumətinə başçılıq etməyə başladılar, onda bu amilin ciddiləşdiyinə şübhə yeri qalmadı. İndi çoxları SSRİ-nin dağılmasını M. S. Qorbaçovun müstəsna xidməti kimi qiymətləndirir. Lakin əslində SSRİ imperiyasının milli-siyasi müstəvidəki daxili ziddiyyətləri ondan xeyli əvvəl - ilk baxışda nəzərə çarpmayan bir hadisə ilə üzə çıxmağa başladı. Bu hadisə türk oğlunun ölkə rəhbərlərindən biri seçilməsi idi. 80-ci illərin ortalarında Heydər Əliyev fenomeni elə bir miqyas kəsb etmişdi ki, bu böyük ölkəni ən yaxşı idarə edə biləcək şəxsin məhz Heydər Əliyev ola biləcəyinə artıq şübhə yeri qalmamışdı. Bunu o vaxt SSRİ-nin ən məşhur siyasi xadimləri də etiraf edirdilər. Andrey Qromıko Çernenkodan sonra Baş Katib vəzifəsinə kimin real namizəd olması barədə öz oğlu ilə səmimi söhbətində demişdi: "Bizim Siyasi Büroda ancaq üç adam nisbətən cavandır - Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan, xüsusən onun kənd təsərrüfatı, çox sürətlə inkişaf etmişdir. Əliyev - gözəl təşkilatçıdır, təmiz və abırlı adamdır. Amma təəssüf ki, onun namizədliyi istisna olunur... - Milliyyətinə görəmi? - Bu məsələdə hə. Milliyyətinə görə." (Anatoliy Qromıko. "Andrey Qromıko. V labirintax Kremlya. Vospominaniya i razmışleniya sına". M., 1997, s. 86) Rus millətçiliyi o vaxt Heydər Əliyevin ölkə başçısı olmasına yol vermədi. M. S. Qorbaçovun hakimiyyətə gəlişi və eklektik ideoloji və dövlətçilik sistemi yaratmaq təşəbbüsləri daxili ziddiyyətlərin daha tez üzə çıxmasına səbəb oldu. 80-ci illərin ikinci yarısında sovet imperiyasının iqtisadi, siyasi və mənəvi həyatında böhranqabağı vəziyyət yaranmışdı. İstehsalın artım sürəti, səmərəliliyi, əməyin məhsuldarlığı durmadan aşağı düşürdü. Mövcud üsul-idarənin mənəvi dayağı olan ehkamçı kommunist ideologiyası iflasa uğramışdı. Milli respublikalarda milli özünü-dərk, hüquqların tapdalanmasına, sərvətlərin talan olunmasına etiraz əlamətləri güclənməkdə idi. İqtisadi iflasın başlıca səbəbi "sosialist iqtisadi modeli"nin səmərəsizliyi, adamlarda mülkiyyətə sahiblik hissinin, bazar rəqabətinin olmaması idi. Güclü inzibati-amirlik üsul-idarəsi iqtisadi tərəqqini buxovlayırdı. Daha xammal istehsal edən milli ucqarların istismarını gücləndirmək kimi ənənəvi vasitələrlə də iqtisadi geriliyi aradan qaldırmaq mümkün deyildi. Buna külli miqdarda yeni investisiyalar tələb olunurdu. Böyük hissəsi hərb maşını tərəfindən udulan milli gəlir bu tələbi artıq ödəyə bilmirdi. SSRİ-nin iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Məlumdur ki, SSRİ çox böyük çətinliklə də olsa kapitalist və sosialist sistemləri arasında hərbi paritet yaratmağa nail olmuşdu. Lakin dünyanın demokratik ölkələri SSRİ-yə qarşı qüvvələrini birləşdirirdilər. Ümumdünya antikommunist liqasının fəaliyyəti genişlənmişdi. 80-ci illərin ikinci yarısında Kommunist Partiyası növbəti dəfə Sovet imperiyasını mövcud böhranqabağı vəziyyətdən xilas etmək üçün bir sıra cəhdlər göstərdi. M.S.Qorbaçov 1985-ci ilin martında Sov. İKP MK-nın baş katibi vəzifəsini tutduqdan sonra imperiyanı iflasdan xilas etmək məqsədi ilə Sov. İKP MK-nın həmin il çağırılmış aprel plenumunda "iqtisadi və sosial-mədəni tərəqqini sürətləndirmək konsepsiyası"nı irəli sürdü. Sovet cəmiyyətində elmi-texniki tərəqqini, maddi-texniki bazanı inkişaf etdirmək, istehsal münasibətlərini təkmilləşdirmək, bütün siyasi, ictimai və ideoloji təsisatlar sistemini fəallaşdırmaq, "insan amilinin rolunu yüksəltmək" üçün təşəbbüslər edildi. Tezliklə əməyin təşkili, təsərrüfat hesabını təkmilləşdirmək, çoxukladlı iqtisadiyyatı, eləcə də icarə sistemini, kooperasiyanı inkişaf etdirmək, müxtəlif mülkiyyət forma-larına əsaslanan təsərrüfatlar üçün imkanlar yaratmaq haqqında qanunlar və qərarlar qəbul olundu. Lakin onların tətbiqi üçün münasib şərait yox idi. Əvvəlki direktiv aktlar kimi bu qanun və qərarlar da gözlənilən nəticəni vermədi. Təkpartiyalı siyasi sistem, partiya amirliyi ləğv olunma-dan, respublikaların suveren hüquqları özlərinə qaytarılmadan iqtisadiyyatı dirçəltmək qeyri-mümkün idi. İqtidar bunu dərk edirdi. Lakin partiya elitasının üç qrupu - mühafizəkarlar, yenilikçi partokratlar və öz dünya-görüşləri ilə Avropa sosial-demokratlarına yaxın islahatçılar arasında gedən gərgin mübarizə əsaslı islahatları ləngidirdi.