FONETİKA

Şrift ölçüsü: Decrease font Enlarge font
  • Fonetika
  • Ahəng qanunu
  • Əlifba
  • Heca
  • Vurğu
  • Fonetik təhlil

 FONETİKA 

“Fono” səs, “tika” elm deməkdir. Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir. 

Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a] 

Danışıq səsləri fərqi xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər və samitlər. Saitlər ağız boşluğunda sərbəstmaneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir. Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. 

Saitlərin bölgüsü 

Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. 

Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:

1. Dilin arxa ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:

Qalın saitlər (dil arxası): [a], [ı], [o], [u].

İncə saitlər (dil önü): [e], [ə], [i], [ö], [ü].

2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:

Qapalı saitlər (dar saitlər): [i], [ı], [u], [ü].

Açıq saitlər (gen saitlər): [a], [e], [ə], [o], [ö].

Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. Buna görə də onlara dar saitlər deyilir. Bu saitlərin asan yadda saxlamaq üçün dilimizdə dörd cür yazılan şəkilçiləri (-çı, -çi, -çu, -çü və s.) yadda saxlamaq lazımdır. Belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə al çənə aşağı düşür və ağız boşluğu genəlir. Buna görə də onlara gen saitlər deyilir.

3. Dodaqların vəziyyətinə görə:

Dodaqlanan saitlər: [o], [ö], [u], [ü].

Dodaqlanmayan saitlər: [a], [e], [ə], [i], [ı].

Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin isə tələffüzündə bu baş vermir.  

Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:

 AçıqQapalı
Qalın İncəQalınİncə
Dodaqlanmayanae, əıi
Dodaqlanan oÖuü

Cədvəldən göründüyü kimi, hər bir saitin üç növü var. Məsələn: [a] saiti qalın, açıq, dodaqlanmayan; [ü] saiti incə, qapalı, dodaqlanandır. 

Bəzi saitlərin uzun tələffüzü 

Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur. Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; şöbə, möcüzə, şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur.  

Bəzi saitlər [i], [u][o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti; Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. Belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür: [do:şan], [so:ra], [lo:ğa]. Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir: [tö:bə], [lö:bər], [bənö:şə]. Zövq, şövq, mövcud, ovlaq sözləri istisnadır. 

Dilimizdə [ı][ü] saitləri isə uzun tələffüz olunmur. Lakin qoşasaitli sözlərdə saitin uzanması müşahidə olunur. 

Samit səslərin növləri 

Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür: kar samitlər və cingiltili samitlər. 

Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.

Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur. 

Dilimizdə cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:

Cingiltili samitlər: [b], [q],  [v], [ğ], [d], [j], [z], [y],  [g], [c], [l], [m], [n], [r],   

Kar samitlər:         [p], [k'], [f], [x],  [t], [ş], [s], [x'], [k], [ç],  - ,    -  ,  -  ,  -  , [h] 

[l], [m], [n], [r] cingiltili samitlərin kar qarışığı, [h] kar samitinin cingiltili qarışığı yoxdur. [n][m] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna görə də həmin samitlərə burun samitlər deyilir.    

Dilimizdə 25 samit səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərində [k'] səsini, ipək, çiçək, məktəb sözlərindəki [x'] səsini ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük, şəkil sözlərindəki [k] səsini ifadə edən “k” hərfi ilə göstərilir. Buna görə də dilimizdəki samit səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı 23-dür. 

AHƏNG QANUNU

Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya+zı+çı+lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə+kin+çi+lə+ri+miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur. İşıq, ilan, ilğım, inam, iraq, ilxı, ildırım, ilıq, işartı və s. kimi bir neçə söz istisnadır. Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s. Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyğunlaşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər. 

Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s. 

ƏLİFBA

Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir. Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin, hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir. Hərflər danışıq səslərin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı şəkildədir: 

Çap şəkliƏl yazısı şəkliAdıÇap şəkliƏl yazısı şəkliAdı

Aa

Bb

Cc

Çç

Dd

Ee

Əə

Ff

Gg

Ğğ

Hh

Xx

İi

Jj

Kk

Aa

Bb

Cc

Çç

Dd

Ee

Əə

Ff

Gg

Ğğ

Hh

Xx

İi

Jj

Kk

a

be

ce

çe

de

e

ə

fe

ge

ğe

he

xe

ı

i

je

ke, ka

Qq

Ll

Mm

Nn

Oo

Öö

Pp

Rr

Ss

Şş

Tt

Uu

Üü

Vv

Yy

Zz

Qq

Ll

Mm

Nn

Oo

Öö

Pp

Rr

Ss

Şş

Tt

Uu

Üü

Vv

Yy

Zz

qe

el

em

en

o

ö

pe

er

se

şe

te

u

ü

ve

ye

ze

Qoşasaitli sözlərin yazılışı və tələffüzü 

Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur:

  1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: saat - [sa:t], maaş - [ma:ş], camaat - [cama:t], təəssüf - [tə:ssüf], mətbəə - [mətbə:], bədii - [bədi:] və s.
  2. Tərkibində ai, əi, iə, (bəzən də io, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz olunur. Məsələn: ailə - [ayilə], daima - [dayima], zəif - [zəyif], Səidə - [Səyidə], təbiət - [təbiyət], müdafiə - [müdafiyə], radio - [radiyo], dialoq - [diyaloq], iaşə - [iyaşə], maneə - [maniyə].
  3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait deyilmir, ikincisi isə bir qədər uzun tələffüz olunur. Məsələn: səadət - [sa:dət], fəaliyyət - [fa:liyət], müavin - [ma:vin], müalicə - [ma:licə], müəyyən - [mə:yyən], müəllim - [mə:llim] və s.

 Qeyd 1: Əliağa, əmioğlu, əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən də birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur: Əliağa - [Əlağa], əmioğlu - [əmoğlu], əliaçıq - [əlaçıx], bacıoğlu - [bacoğlu] və s. 

Qeyd 2: Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət, burjua, fauna, raund, xaos, memuar, qiraət, aktual və s. kimi qoşasaitli sözlərdə bu halların heç biri baş vermir.   

Qoşasamitli sözlərin yazılışı və tələffüzü

  1. Eynicinsli qoşa kk, pptt hərfləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarışığı kimi tələffüz olunur. Məsələn: səkkiz - [səkgiz], mürəkkəb - [mürəkgəb], tappıltı - [tapbıltı], hoppanmaq - [hopbammax], əlbəttə - [əlbətdə], Səttar - [Sətdar] və s.
  2. Eynicinsli qoşa qq hərfləri ilə yazılan sözlərdə birinci cingiltili samit kar qarışığı kimi tələffüz olunur. Məsələn: diqqət - [dik'qət], doqquz - [dok'quz], toqqa - [tok'qa] və s.
  3. Eynicinsli qoşa cc, dd, zz, ll, ss, ff, vv, mm, nn, bb samitlərinin deyilişində heç bir fərq olmur. Məsələn: təəccüb - [tə:ccüb], yeddi - [yeddi], ləzzət - [ləzzət], əlli - [əlli], rəssam - [rəssam], tələffüz - [tənəffüs], əvvəl - [əvvəl] və s.
  4. Eynicinsli qoşa yy yazılan sözlərin çoxu bir y ilə deyilir. Məsələn: vəziyyət - [vəziyət], ədəbiyyat - [ədəbiyat], şəxsiyyət - [şəxsiyət] və s. Hədiyyə, Xəyyam, səyyad, rəiyyət, müəyyən, təyyarə, səyyar, səyyah və s. kimi sözlərdə isə qoşa yy samitlərinin hər ikisi tələffüz olunur.

Söz ortasında bəzi samitlərin fərqli tələffüzü:

1. Söz ortasında yanaşı gələn iki müxtəlif kar samitdən ikincisi cingiltili tələffüz olunur. Məsələn: tüstü [tüsdü], dəftər - [dəfdər], təşkil - [təşgil], kəşfiyyat - [kəşviyat], şaftalı - [şavdalı] və s.

2. Söz ortasında n samiti b, m samitlərindən əvvəl gəldikdə [m] kimi tələffüz olunur. Məsələn: zənbil [zəmbil], sünbül - [sümbül], dinməz - [dimməz], qonmaq - [qommax] və s.

3. Söz ortasında kar samitdən əvvəl gələn q samiti [k'] kimi tələffüz olunur. Məsələn: nöqsan [nök'san], təqsir - [tək'sir], iqtisadiyyat - [ik'tisa:diyat], nöqtə - [nök'tə] və s.Bu samit cingiltili samitdən əvvəl gəldikdə isə [q] kimi tələffüz olunur. Məsələn: istiqlal [istiqlal], miqyas - [miqyas], maqnit - [maqnit] və s.

4. Söz ortasında samitdən əvvəl gələn k samiti [x'] kimi tələffüz olunur. Məsələn: təklif [təx'lif], ürəkdən - [ürəx'dən] və s. Belə sözlərdə k hərfinin [y] kimi tələffüzü də düzgün sayılır.

5. Sözün ilk c samitindən sonra d, z, l, s samitləri gəldikdə c samiti [j] kimi tələffüz olunur. Məsələn: vicdan [vijdan], səcdə - [səjdə], gücsüz - [güjsüz] və s.

6. Söz ortasında ç samitindən sonra d, t, s samitləri gəldikdə ç samiti [ş] kimi tələffüz olunur. Məsələn: keçdi [keşdi], qaçsan - [qaşsan] və s.  

Sonu eynicinsli qoşa samitlə bitən söz köklərinin yazılışı

Dilimizdə, əsasən, ərəb mənşəli təkhecalı bəzi sözlər var ki, qoşa samitlə bitir. Məsələn: sirr, xətt, hədd, fənn, sədd, haqq və s. Belə sözlərə samitlə başlayan şəkilçi artırdıqda söz kökündəki samitlərdən biri yazılır. Məsələn: sirdaş, xətdə, fənlər və s. Bu qayda yalnız hiss sözünə aid deyil, çünki dilimizdə bu sözlə yanaşı, his (çırağın hisi) sözü də vardır. Rəsmxət, hüsnxət kimi mürəkkəb sözlərdə söz kökündəki samit səsin biri yazılır.  

Sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü

Dilimizdə sonu b, d, gc ilə bitən çoxhecalı və bəzi təkhecalı sözlərdə bu hərflər bir sıra hallarda cingiltili [b], [d], [g] [c] kimi, başqa hallarda isə onların kar qarışıqları - [p], [t], [k] [ç] kimi tələffüz olunur.  

Məsələn, kitabım, palıda, tüfəngə, qılınc sözlərində b, d, g, c hərfləri cingiltili [b], [d], [g], [c] səsləri kimi; kitablar, palıdda, tüfəngdən, qılıncdan sözlərində isə kar [p], [t], [k], [ç] kimi tələffüz olunur. Nümunələrdən göründüyü kimi, sözün sonundakı samitin kar, yoxsa cingiltili olduğunu müəyyən etmək üçün həmin sözlərə saitlə başlanan şəkilçi artırmaq lazımdır. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda söz kökündəki son samit cingiltili, samitlə başlanan şəkilçi qoşulduqda isə kar tələffüz olunur. Məsələn: corab – corabı [b] – corabda [p], bulud-buluda [b]- buludlar [t], pələng-pələngi [g]-pələngdə [k], gənc-gəncə [c], gənclik [ç] və s. bu qayda həmin sözlər söz birləşmələrinin birinci tərəfi kimi işləndikdə də eynilə özünü göstərir. Belə ki, bu cür sözlərdən sonra gələn ikinci tərəf saitlə başlanırsa, onda söz kökündəki samit cingiltili, samitlə başlanırsa kar tələffüz olunur. Məsələn: kitab [b] evi kitab [p] mağazası, kənd [d] adamı – kənd [t] camaatı, gülünc [c] iş- gülünc [ç] hərəkət, nəhəng [g] adam – nəhəng [k] pəhləvan və s. Bu samitlərlə bitən söz ayrıldıqda və heç bir şəkilçisiz işləndikdə son samit kar tələffüz olunur. Məsələn: palıd [t], doşab [p], ağac [ç], qəşəng [k] və s. 

Qeyd: Sonu c samiti ilə bitən çoxhecalı sözlər ayrılıqda işləndikdə [ç] kimi tələffüz olunur: gənc [c], ülgüc [c] və s. Belə sözlərdən sonra g, l, n, t, s, z samitləri ilə başlanan şəkilçilər və ya sözlər gəldikdə isə əsasən, [ş] kimi tələffüz olunur. Məsələn: ağacdan - [ağaşdan], çəkiçsiz - [çəkijsiz], ülgüc [ş] yarası, çəkic [ş] səsi və s.  

Sonu q və k ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü

Dilimizdə çoxhecalı sözlərin sonundakı qe hərfi [x] və ya [ğ] kimi tələffüz olunur. Məsələn: otaq [otax], yanacaq [yanacax], oynamaq [oynamax] və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda q-ğ əvəzlənməsi baş verir. Məsələn: bulaq-bulağın-bulağa və s. 

Dilimizdəki alınma sözlər olan üfüq, şəfəq, hüquq, əxlaq, eşq, aşiq, vərəq, ittifaq, müstəntiq, natiq, bioloq, mexanik, texnik və s. sözlər isə bu qaydaya tabe olmur. Həmin sözlərin sonundakı samit [k'] kimi tələffüz olunur: üfüq - [üfük'], şəfəq - [şəfək'] və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda söz kökündəki [q] kimi tələffüz olunur. Məsələn: şəfəqi - [şəfəqi]. 

Son səsi [y] cingiltili samitinin kar qarşılığı [x'] kimi tələffüz olunan çoxhecalı sözlər ke hərfi ilə yazılır. Məsələn: çiçək, ürək, çiyələk və s. Belə sözlərə saitlə başlanan şəkilçi qoşulduqda yazıda k-y əvəzlənməsi baş verir. Məsələn: köynək-köynəyi, köynəyə və s.  

Deyilişi ilə yazılışı fərqlənən sözlər elə sözlər sayılır ki, onlarda hərf tərkibi ilə səs tərkibi arasında fərq olsun. Bu hal iki şəkildə özünü göstərə bilər:

  1. Sözdə hərf və səslərin sayında fərq olur. Məsələn: maaş - [ma:ş] – 4 hərf, 3 səs; bünövrə [bünö:rə] – 7 hərf, 6 səs; fəaliyyət [fa:liyət] – 9 hərf, 7 səs və s. Bu hala səsdüşümü deyilir. Və ya əksinə: ailə [ayilə] – 4 hərf, 5 səs; məişət [məyişət] – 6 hərf, 7 səs və s. Bu hala da səsartımı deyilir.
  2. Sözdə bir və ya bir neçə hərf adi qaydada ifadə etdiyi səsdən fərqli olan səsi bildirir. Məsələn: “de” hərfi adətən [d] səsini ifadə edir: dədə - [dədə]. Lakin bu səs söz sonunda [t] kimi də tələffüz olunur. qanad - [qanat], armud - [armut] və s. Belə hərflərə orfoqram deyilir.

 Yazılışı ilə deyilişi fərqlənən bu tipli sözlərə daha bir neçə nümunə: ağac - [ağaç], ürək - [ürəx'], avtomat - [aftamat], əgər - [əyər], ixtira - [ixdira], nəhəng - [nəhənk], taxta - [taxda], şənbə - [şəmbə], doşab - [doşap], döyüşkən - [döyüşgən], itki - [itgi] və s. 

Dilimizdə elə sözlər də var ki, onların tərkibində uzun tələffüz olunan səslər var. Lakin bu hal həmin sözlərdə hərf-səs fərqinə gətirib çıxarmır. Məsələn: alim - [a:lim] , hakim - [ha:kim] , Sabir - [Sa:bir] , həqiqət - [həqi:qət], məna - [mə:na], şölə - [şö:lə], etibar - [e:tibar], surət - [su:rət], sufi - [su:fi] və s. Buna görə də belə sözlər yazılışı ilə deyilişi fərqlənən sözlər sayılmır.  

HECA

Tələffüzü zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir. Məsələn: və-tən, a-zad-lıq, dilçilik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən-sətirə keçirərkən hər bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz. 

VURĞU

Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətlə deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: Azərbaycán, azadlíq. Báyaq, dǘnən, bíldir, nécə, sánki, áncaq və s. kimi əsl Azərbaycan sözlərində. Eləcə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.  

Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: alín (isim-bədən üzvü) – álın (fel), gǘldür (çiçəkdir) – güldǘr (fel). 

Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəlcə birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: Ázərbaycan, Azə'rbaycan, Azərbáycan, Azərbaycán. Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür. 

Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd, hakim, memar, məna, şölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn: sónra - [so:ra], bə'zi [bə:zi] və s. 

Sözlərin düzgün deyiliş qaydalarını orfoepiya, düzgün yazılış qaydalarını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir. 

Fonetik təhlil 

Sözün fonetik təhlili aşağıdakı kimi aparılır:

  1. Sözün səs və hərf tərkibi göstərilir.
  2. Sait səslər növlərinə görə təhlil olunur.
  3. Samit səslər növlərinə görə təhlil olunur.
  4. Sözün hecaları və vurğuları göstərilir.

Sözdə səslərin növlərə görə təhlili onun tələffüz şəkli ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır.  

Fonetik təhlil nümunəsi:

Müəyyən - [mə:yyən], 7 hərf, 6 səsdən ibarətdir.

[ə] – incə, açıq, dodaqlanmayan saitdir;

[m] – cingiltili samitdir, kar qarşılığı yoxdur;

[y] – cingiltili samitdir, kar qarşılığı [x'] samitidir;

[n] – cingiltili samitdir, kar qarşılığı yoxdur.

Sözün hecaları: mü-əy-yən, vurğusu sonuncu hecanın üzərinə düşür. 

Qeyd: Fonetik təhlildə çaşmamaq üçün sözün tələffüz şəklini yazıb, səslərin təhlilini onun üzərində aparmaq lazımdır.  

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az