Azərbaycan dili

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Azərbaycan Respublikasının rəsmi dövlət dili Azərbaycan dilidir. Yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.
Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandrıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.
Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır. 1978-ci il aprel ayının 2-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". 
Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir. 
Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.


A a  B b  C c  Ç ç  D d  E e  Ə ə  F f  G g  Ğ ğ  H h  X x  I ı  İ i  J j  K k  Q q  L l  M m  N n  O o  Ö ö  P p  R r  S s  Ş ş  T t  U u  Ü ü  V v  Y y  Z z


Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) saitlər vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir.
Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma' - 'alma.
Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.
Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.
İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir.
Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var. Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.
Fellər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.
Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər cümlə üzvü sonda, təyin təyin etdiyi sözdən qabaqda gəlir. Azərbaycan dilində sözyaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.
İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi üslublar. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.
Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.
Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az